Yenixeber.org: Türkiyə Böyük Millət Məclisinə (TBMM) Azərbaycandakı türk hərbçilərinin mandatının daha bir il müddətinə uzadılması ilə bağlı qanun layihəsi daxil olub. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənəddə bildirilir ki, Türkiyə hərbçiləri 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sabitliyin təmin edilməsinə töhfə verməkdə davam edir.
Qanun layihəsində Türkiyə hərbçilərinin Ağdamdakı Birgə Monitorinq Mərkəzinin tərkibində uğurla fəaliyyət göstərərək etimad və təhlükəsizlik mühitinin formalaşmasına töhfə verməsindən bəhs edilir.
Sənəddə qeyd edilir ki, Türkiyə hərbçilərinin Birgə Monitorinq Mərkəzindəki mövcudiyyətinin saxlanması Türkiyənin regionda effektiv və konstruktiv rolunun və milli maraqlarının tələbidir.
Qanun layihəsinə əsasən, Türkiyə ordusunun Azərbaycandakı mandatının 2022-ci il oktyabrın 17-dən başlayaraq daha bir il müddətinə uzadılması planlaşdırılır.
Təbii ki, sənəddə hər şey çox gözəl səslənir. Əslində isə Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin real fəaliyyəti Azərbaycan vətəndaşlarında məmnunluqdan çox, ciddi suallar doğurur. Sadə dillə desək, bu mərkəzin hər hansı fəaliyyəti haqqında heç nə məlum deyil. Hətta demək olar ki, insanlar sadəcə olaraq onun varlığını unudurlar və yalnız Anadolu agentliyinin yuxarıdakı mesajına bənzər xəbər olanda xatırlayırlar. Qarabağdakı rus “sülhməramlılarının” özbaşınalığı, separatçılarla qardaşlığı, Azərbaycanın bu ərazisində erməni silahlı birləşmələrinin olmasına heç bir şəkildə müdaxilə etməməsi barədə ilk xəbərlər meydana çıxanda, ictimaiyyətdə tam susqunluq nümayiş etdirən və fəaliyyətini heç bir şəkildə biruzə verməyən Monitorinq Mərkəzinə suallar yarandı. Amma yavaş-yavaş onun fəaliyyətsizliyinə öyrəşildi və praktiki olaraq bu mərkəzi unuduldu. Baxmayaraq ki, orada onlarla rus və türk hərbçisi oturub.
Maraqlıdır, onlar əslində orada nə edirlər? Onların monitorinq adlanan fəaliyyətlərinin nəticələri haqqında xülasə, məlumat haradadır? Heç bir şey yoxdur və buna görə də suallar yaranır.
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bununla bağlı fikirlərini bizimlə bölüşüb:
– Fikrimcə, Türkiyənin Monitorinq Mərkəzində iştirakı bu ölkənin regionumuzda mövcudiyyəti üçün formal əsasdır. Buna görə də ümumilikdə bu mərkəzdən və orada Türkiyə tərəfinin mövcudluğundan çox şey gözləməyə dəyməz.
Monitorinq Mərkəzinin iki illik fəaliyyəti müddətində ümumiyyətlə nəsə etdiyini güman etmirəm. Sadəcə bu barədə heç nə eşitməmişəm. Orada bir-iki dəfə bəzi məlumatlar yaydılar və bitdi. Başqa heç nə olmayıb.
O ki, qaldı Türkiyə hərbçilərinin mandatının daha bir il müddətinə uzadılmasına, hesab edirəm ki, ümumilikdə Türkiyə hərbçilərinin Azərbaycan ərazisində olması ilə bağlı müəyyən hüquqi sənəd var. Yəni söhbət təkcə Monitorinq Mərkəzindən getmir.
Monitorinq Mərkəzinin nə etdiyini söyləmək çox çətindir. Çox güman ki, bəzi məlumatların toplanması ilə məşğuldurlar. Bütün hallarda tərəflərin hər biri öz maraqları üçün lazım olan məlumatları toplayır. Amma Mərkəz məhz sabitliyin möhkəmləndirilməsi və qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı hələ heç nə etməyib. Ona görə də hesab edirəm ki, indi məsələni başqa cür həll etmək lazımdır. Azərbaycan bütün bu ərazilərdə monitorinqi özü aparmalıdır. Bunu necə etmək olar? Müxtəlif variantlar var. Məsələn, texniki vasitələrin köməyi və ya kəşfiyyat fəaliyyəti ilə.
Yəni özlüyündə Monitorinq Mərkəzinin Ağdam rayonunda mövcudiyyətinin uzadılmasının heç bir faydası yoxdur. Deməli, mənasızdır.(pressklub)
Rauf Orucov