Azərbaycanın “B” planı: Qazaxın 7 kəndi və Kərki belə qaytarılacaq
Yenixeber.org: Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu günlərdə jurnalistlərə açıqlama verərək, Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı sualları cavablandırıb. Nazir müavini bildirib ki, kəndlərin qaytarılması delimitasiya kontekstində həllini tapmalıdır.
"Kəndlərin Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə, məsələyə bu çərçivədə baxılacaq. Hesab edirik ki, məsələlər müzakirə olunduqdan sonra öz həllini tapacaq", - deyə X. Xələfov Ermənistanın müvəqqəti nəzarətində olan kəndlərin qaytarılması prosesinə aydınlıq gətirib.
8 kəndin qaytarılması prosesi necə baş tutacaq? Ermənilər bununla razılaşacaqmı?
Bu barədə politoloq Cümşüd Nuriyev bildirib ki, Qazaxın 7 kəndinin, Naxçıvanın Kərki kəndinin qaytarılması məsələsi Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanmış 10 noyabr üçtərəfli sazişin birinci bəndində qeyd olunub.
Onun sözlərinə görə, Xələf Xələfovun bu məsələni gündəmə gətirməsi yerində atılmış addımdır:
"Xələf Xələfov vaxtilə Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran dəniz sərhədləri ilə bağlı Xarici İşlər Nazirliyinin komissiyasına rəhbərlik edib. Bütün bu proseslərdə peşəkarlıq göstərib. İndi bu mövzuda da peşəkarlıq göstərir. Onun son çıxışı tam yerində və düzgündür".
Politoloqun fikrincə, Ermənistan tərəfi delimitasiya və demarkasiya ilə bağlı prosesi ləngitməyə çalışır. O, həmçinin vurğulayıb ki, prosesin neçənci ilin xəritəsi əsasında həyata keçiriləcəyi hələlik bilinmir. Azərbaycan tərəfindən bununla bağlı işçi qrupu yaradılıb, ancaq Ermənistan hələ də müsbət cavab verməyib.
Cümşüd Nuriyev vurğulayıb ki, Ermənistan tərəfi delimitasiya və demarkasiya prosesini dəstəklədiyini bildirsə də, İrəvandakı bəzi qüvvələr prosesi həyata keçirməyə imkan vermir:
"Əgər Ermənistan tərəfi delimitasiya və demarkasiya ilə bağlı hansısa problem yaratsa, bilməlidirlər ki, Azərbaycanın belə vəziyyət üçün "B" variantı var. Naxçıvanın Kərki, Qazaxın 7 kəndi, o cümlədən Sovetlər dövründə Azərbaycandan alınıb Ermənistana verilən Nüvədi kəndi geri qaytarılsa, 42 kilometr olan Ermənistan-İran sərhədi 20 kilometrə enəcək. Azərbaycanın bu variantı istisna deyil. Rəsmi İrəvan bunu da fikirləşsin. Azərbaycanın "B" variantını gündəmə gətirə biləcəyini düşünsün. Çünki 1924-cü ildə yaranan SSRİ-nin qəbul etdiyi hansısa qərarın heç bir hüquqi yükü yoxdur. Azərbaycan bu məsələni rahatlıqla ortaya qoya bilər. Nə olsun, onlar 1992-ci ildə indiki sərhədlərlə BMT-yə daxil olub. Ancaq Azərbaycan iddia qaldıra bilər və faktiki sənədlərimiz də mövcuddur. Tarixdə belə təcrübəyə rast gəlmək olar. Məsələn, Yunanıstanda adalarla bağlı bu cür presedent olub".
Politoloqun sözlərinə görə, Ermənistan istəsə də, istəməsə də, Azərbaycan öz tarixi ərazilərini birmənalı şəkildə geri qaytaracaq:
"Qazaxla bağlı Azərbaycanın heç bir problemi yoxdur. Ermənilər süni problem yaradırlar. Ruslar Qarabağa sülhməramlı adı ilə qoşun yeridib. Çünki Qazaxın həmin kəndləri geri qaytarılanda Ermənistanın yeganə çıxış yolu bağlanır. Onda gərək, Ermənistan Gürcüstan ərazisinə Kalino ilə gedə, yaxud Dumanisi rayonu ilə əlaqə saxlaya bilər. Bunlar da dağ yollarıdır, demək olar ki, işləmir. Ermənilər bunu düşünsə, yaxşı olar. Ermənilər əmin olsunlar ki, Azərbaycan 8 kəndin hər birini geri qaytaracaq. Biz buna şahidlik edəcəyik".
Xatırladaq ki, Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992
(modern.az)