Noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən zirvə görüşündə Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Müqaviləyə İlham Əliyev və İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın neft naziri Cavad Ovci imza atıblar.
Yenixeber.org: Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran vasitəsi ilə 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.
İranın neft naziri Cavad Ovci bildirib ki, svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və ekvivalent məbləği Astara sərhədində Azərbaycana çatdıracaq. Türkmənistan Azərbaycana gündə 5-6 milyon kubmetr qaz satacaq.
Noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanması gözlənilir.
Ovci həmçinin bildirib ki, İran 2017-ci ilin sonunda Tehrana tədarük edilən qaza görə 1,8 milyard dollar borcunun olduğunu bildirən Türkmənistanla uzun müddət davam edən qaz borcu mübahisəsini həll etmək üçün hərəkətə keçib. “Türkmən tərəfinə olan qaz borcunu daha əvvəl aparılmış danışıqlardan sonra aradan qaldırmaq üçün ilk taksiti tezliklə ödəyəcəyik” , – nazir əlavə edib. İran cənubda böyük təbii qaz yataqlarına malikdir, lakin 1997-ci ildən bəri Türkmənistandan aldığı qazı şimal əyalətlərində, xüsusilə qış aylarında paylamaq üçün idxal edir.
Sözügedən müqavilədə maraqlı olan məsələlərdən biri qaz ixracatçısı olan Azərbaycanın Türkmənistandan qonşu ölkə vasitəsi ilə qaz almasıdır. Bu, hansı ehtiyacdan doğub?
Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda 20,3 milyard kubmetr qaz hasil edilib. Qazın 6,4 milyard kubmetri Azəri-Günəşli Çıraq (AÇG) yatağından, 10 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Nazirlik bildirir ki, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kubmetr, Avropaya təqribən 3,2 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kubmetrdən çox qaz nəql olunub.
Dövlət Gömrük Komitəsi isə cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmini açıqlayıb. 9 ayda ölkəmizdən İtaliyaya dəyəri 1 milyard 267,9 milyon ABŞ dolları olmaqla 3 milyard 995,4 milyon kubmetr, Yunanıstana 163,7 milyon dollarlıq 501,7 milyon kubmetr, Bolqarıstana isə 25,5 milyon dollarlıq 166 milyon kubmetr təbii qaz ixrac edilib.
İlin ilk 9 ayında ölkədən ümumilikdə 14 milyard 927,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 951,4 milyon dollar təşkil edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban müqaviləni şərh edərkən bildirib ki, Azərbaycan 2016-cı ildə artıq Türkmənistan qazını svop müqaviləsi üzrə İran üzərindən həyata keçirib. “”Caspian Barrel”in hesablamalarına görə, 2021-ci ildə Azərbaycanda 31 mlrd m3 ətrafında əmtəəlik qaz hasil ediləcək və ölkədə qaz defisiti yaşanması proqnoz edilmir. Ona görə də mənim üçün tamamilə qaranlıqdır, nəyə görə Azərbaycan cari ildə Rusiya və Türkmənistanla qaz dəyiş-düyüşü edilməsi ilə bağlı müqavilələr imzalayır?
Jurnalistlər Azərbaycan hökuməti, SOCAR, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi kimi qurumlardan bununla bağlı şərhlər almağa çalışmalıdır. Verilən rəsmi cavablar ölkənin hər il təsdiq edilən, lakin ictimaiyyət üçün açıqlanmayan qaz balansına əsaslanmalıdır”, – ekspert vurğulayıb.
Enerji sektoru üzrə mütəxəssis Dalğa Xatınoğlu bildirib ki, bu saziş hər üç ölkəyə, o cümlədən Gürcüstana xeyirlidir. “Çünki ilk svop müqavilə 2016-cı ildə bağlanmışdı və bir il icra olundu. Türkmənistan qazını İrana təhvil verdi, İran da üstünə 15-20 faiz svop haqqı qoyub, Azərbaycana təhvil verdi. Azərbaycan isə İrandan daha çox xeyir götürüb, Gürcüstana satdı. Gürcüstanın xeyrinə gəlincə, baxmayaraq ki, hər üç ölkə üzərinə pul qoyub satıb, yenə də regiondakı qaz tarifindən çox ucuz qiymətə bu əmtəəni əldə etdi”,-ekspert vurğulayıb.
D. Xatınoğlu deyir ki, təfərrüatı məlum deyil, amma 2016-cı ildə bir illik müddətə yarım milyard dəyərində svop əməliyyatı həyata keçirilib: “Bəzi mənbələrə görə, Aşqabadda imzalanan yeni müqavilə 4 illik bağlanıb və ilə 1.5-2 milyard kubmetrlik svop əməliyyatı həyata keçiriləcək. İran üçün iki baxımdan bu ticarət daha çox xeyirlidir.
Birincisi, Tehran təxminən 15-20 faiz svop haqqı alır. İkincisi, İranın magistral boru kəmərləri ölkənin şimal-şərqində yerləşmir. Ona görə də bu əyalətlərdə qaz qıtlığı daha çox olur. Baxmayaraq ki, həmin ərazidə bir qaz yatağı var. Türkmənistan alınan qazın bir qismi hesabına bu qıtlığı müəyyən qədər azalda biləcək. İranın şimal şərqində – Güney Azərbaycan hissəsində 3 magistral boru kəməri mövcuddur. Onlar vasitəsi ilə qazı Azərbaycana təhvil verəcək. Məlumat üçün deyim ki, İran günlük 800 milyon kubmetr qaz istehsal edir”.
Enerji mütəxəssisi qeyd edir ki, çox güman, İran yaxın bir-iki ildə bu müqavilədən 200-300 milyon kubmetri qazı özünə svop haqqı olaraq götürəcək. “Yəni Türkmənistan illik 2 milyard kubmetr qazı İrana ötürsə, onun üzərindən götürüb öz ehtiyaclarına yönəldəcək. Əlbəttə, bu İranda qıtlığı aradan qaldırmağa müəyyən qədər kömək edə bilər, çünki qonşu ölkənin ehtiyacı çox böyükdür. Ola bilsin, bu müqavilənin məqsədi Gürcüstanla bərabər, gələcəkdə Türkiyə və Avropa bazarlarına qaz ixrac etmək də olsun”, – ekspert bildirib.
Azərbaycana konkret xeyrinə gəlincə, Dalğa Xatınoğlu bildirir ki, Bakı türkmən qazını hətta İran svop haqqı götürdükdən sonra belə kifayət qədər ucuz qiymətə alır: “İkincisi, Azərbaycanın kifayət qədər tutumlu yeraltı qaz anbarları var. Ola bilər, yayda aldığı qazı toplayıb, qışda onu qat-qat bahasına satsın. Hazırda biz onu müşahidə edirik ki, Avropa bazarlarında qazın qiyməti kəskin artıb, bu, istehsalçılar üçün yaxşı bazar şərtləri deməkdir. Azərbaycanın öz istehlakı üçün türkmən qazına ehtiyacı yoxdur, amma tranzit ölkə kimi ondan istifadə edəcək və ordan haqqını götürəcək”.(pressklub)
Turqut