Deputat Qüdrət Həsənquliyev:"Hamılıqla cavab verilsə, Prezident hədəf olmaz" -MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularına təqdim edir:
Yenixeber.org: – Qüdrət bəy, Azərbaycan Respublikasının Prezidenti Şərq tərafdaşlığı ölkələrinin sammitində Paşinyanı və işğalçı Ermənistanı növbəti dəfə ifşa etdi. Bütün bunların Qarabağ probleminin həllinə təsiri barədə fikirlərinizi bilmək istərdik.
– Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanın terroru dəstəkləyən, işğalçı ölkə olmasını tutarlı faktlarla və güclü məntiqi ilə Avropa İttifaqının rəhbərliyinin, tədbiri izləyən Avropa siyasətçilərinin diqqətinə çatdırdı. İlham Əliyevin şəxsi hazırlığı, çevik və iti ağlı, ədalətli mövqedən çıxış etməsi istənilən polemikada Ermənistan rəhbərliyini rəzil duruma salır. Amma bir şeyi nəzərə almalıyıq ki, dünyanın siyasi xəritəsini cızan ölkələr xristian dövlətləridir, həmin dövlətlərdə xristian həmrəyliyindən məsələlərə yanaşan çoxsaylı siyasətçilər və ictimai xadimlər, çox güclü erməni diasporu və lobbisi var. Məhz bu səbəblərdən işğalçı Ermənistana beynəlxalq birliyin təzyiqlərinə nail ola bilmirik. Buna baxmayaraq, biz diplomatik müstəvidə psixoloji üstünlüyü təmin edə bilmişik. Bu, çox əhəmiyyətlidir. Torpaqlarımızı işğaldan azad etməyə başlayanda Qərb və dünya siyasətçiləri bunu daha anlayışla qarşılayacaq. Diplomatik uğurlar inşallah, hərbi əməliyyatlarla məntiqi sonluğuna çatacaq və biz işğala son qoyacağıq.
– Qüdrət bəy, “5-ci kolon”un təmsilçilərinə münasibətdə Prezident mütəmadi olaraq öz sərt mövqeyini ortaya qoysa da, kiçik istisnalarla Prezident Administrasiyasının məsul işçiləri, hökumət üzvləri, icra strukturlarında yüksək vəzifə tutan şəxslər “müdrikcəsinə” susurlar. Bu, nə ilə bağlı ola bilər?
– Bəziləri qarşı tərəfin təhqirlərindən, bir qismi təyin olunduqları vəzifələrə hazır olmadıqları üçün danışacaqları halda biabır olacaqlarından qorxurlar, bəzi siyasi sürüşkənlər isə “gələcək” barədə düşünərək özlərini qoruyurlar. Dövləti informasiya savaşında qorumaq, Prezidenti təhqir edənlərə cavab vermək yalnız Milli Məclisin bəzi üzvlərinin, azsaylı YAP funksionerlərinin və digər siyasi partiyaların işi olmamalıdır. Prezident Administrasiyasının rəhbərinin, şöbə müdirlərinin, hökumət üzvlərinin, siyasi vəzifə tutan hər kəsin borcu vəzifələrinin icrası ilə yanası, Azərbaycana düşmən kəsilən siyasi dairələrə cavab vermək olmalıdır. Bunu etməyənlər isə ya tutduqları vəzifələrdən qovulmalı ya da məcbur edilməlidirlər ki, ortaya mövqe qoysunlar. Qrupbazlıq, intriqalar, siyasi naşılıq, təmsil olunduqları qrupun gücündən eyforiyaya qapılıb başı gicəllənənlər təkcə iqtidar üçün yox, indiki zamanda dövlətçiliyimiz üçün də böyük təhlükə yaradır. Xalqı dövlətdən narazı salan məsələlər barədə tənqidi çıxış edənlərə münasibətdə yox, “5-ci kolon”a sərt cavab verilməlidir. Danışa bilməyənlər, yaxud bunu bəhanə edənlər, ən azından, başqasına məqalə yazdırıb, altına imzalarını qoymalıdırlar. Əgər söyüş söyənlərdən çəkinmədən onlara hamılıqla cavab verilsə, ölkədə sabitliyin təminatçısı olan Prezident, Birinci vitse-prezident və azsaylı insanlar hədəfə çevrilməz.