“O, AZADLIQ AŞİQİ YOX, AZADLIQ MƏŞUQUDUR” –Sərdar Cəlaloğlu
“Azərbaycan Xalq Hərəkatının iclaslarının geniş şəkildə mətbuatda yayımlanmasını yanlış hesab edirəm. Çünki bu iclaslarda heç nə planlı deyil”.
Yenixeber.org: Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən olan Sərdar Cəlaloğlu AXH-nın aprelin 1-də keçirilən iclasında yaşanan qarşıdurmalara münasibət bildirərkən deyib.
Partiya sədri qeyd edib ki, iclaslarda xoşagəlməz halların yaşanması mümkündür:“Amma bunları cəmiyyətə göstərmək mənfi fikir formalaşdıra bilər. Ona görə də hərəkatın iclaslarının geniş şəkildə mətbuatda yayımlanmasını düzgün hesab etmirəm. Hərəkat hələ uyuşma mərhələsindədir. Biz “xalq hərəkatı formalaşıb, inkişaf mərhələsindədir” sözlərini hələ ki, deyə bilmərik. Biz həqiqətən də ortada klassik xalq hərəkatının olduğunu görmürük. Dünən yaşanan o hallarla bağlı isə onu deyə bilərəm ki, İsgəndər Həmidovun özü də etiraf edir ki, əsəblərini tuta bilmir. Belə halların da meydana gəlməsi təbiidir. Belə halların aradan qaldırılmasının yeganə yolu demokratik dəyərlərə və prinsiplərə sədaqət nümayiş etdirməkdir. Mənə elə gəlir ki, xalq hərəkatı adını daşıyan təşkilatın əsas hədəfi demokratik prinsiplərin rəhbər götürülməsidir. Mən dünənki iclasda baş verən hadisədə Tural Abbaslı və ya İsgəndər Həmidovun yanlışlığa yol verib-vermədiyini bilmirəm. Hətta fikir ayrılığı olsa belə, onun zorakılıqla yoluna qoyulmasını düzgün hesab etmirəm. Nemət Pənahlıya olan münasibət isə Tural Abbaslıya olan münasibətlə eyni ola bilməz. Tural Abbaslı gənc siyasətçidir. Mümkün qədər çalışır ki, xeyir versin. Ola bilər ki, gəncliyindən doğan hər hansı çılğınlıq nümayiş etdirsin”.
Sərdar Cəlaloğlu Nemət Pənahlının AXH-dən uzaqlaşdırılmasını isə alqışladığını bildirib: “Çünki Nemət Pənahlının kim olduğunu Azərbaycanda hamı bilir. Mən əvvəldən də Nemət Pənahlının hərəkatda təmsil olunmasını düzgün hesab etməmişəm. İdarə Heyətinə düşməkdən də ona görə imtina etdim ki, bu cür adamlar orada təmsil olunur. Çünki Nemət Pənahlını hələ AXC-də olan mövqeyini çox yaxşı bilirəm, bunun şahidiyəm. O, guya Azərbaycan Xalq Cəbhəsinin sıralarındaydı. Sonra dövlət çevrilişində iştirak etdi və əks cəbhəyə keçdi. Bundan sonra isə mənsub olduğu hərəkatın əleyhinə addımlar atdı.
1993-cü ilin 4 iyun hadisələrinin məsuliyyəti o hadisələrdə iştirak edən adamların üzərindədir. Mən bununla bağlı Rəhim Qazıyevə də iradlarımı bildirmişəm. Nemət Pənahlı da baş aktyorlardan biri idi. O vaxt “Hürriyət” qəzetində belə bir məlumat vermişdik ki, Nemət Pənahlının iştirakı ilə Bakı kəndlərində müəyyən qruplar toplantı keçirib. Həmin toplantıda Lənkəran bölgəsində qırğın törədərək, etnik ittihamlarla Əbülfəz Elçibəyi devirmək planını müzakirə ediblər. Biz Dövlət Təhlükəsizlik Komitəsinə rəsmi məktub göndərdik. Bundan sonra Lənkəran məsələsi keçirildi Gəncəyə. Məhz “Talış-Muğan Respublikası” ideyası həmin qırğından sonra yaranmalı idi. Bunları deməkdə məqsədim odur ki, Nemət Pənahlının Azərbaycan xalqına xeyir verəcəyini gözləmirəm. Bu adam xalq hərəkatı üçün faydasız bir insandır. Hazırda da həmin fikirdəyəm. Onun indi AXH-də əvvəlki hərəkətlərini təkrarlamayacağına heç bir əminlik yoxdur. Ona görə də onun oradan uzaqlaşdırılmasını alqışlayıram. Nemət Pənahlı demokratiya ilə, xalqla əlaqəsi olmayan adamdır. O özünü həmişə azadlıq aşiqi adlandırır. Amma o, azadlıq məşuqudur. Yəni qeyri-qanuni azadlıq istəyən adamlardan biridir”.
Qeyd edək ki, aprelin 1-də Azərbaycan Xalq Hərakatının növbəti iclasında qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hərəkatdan çıxarılması məsələsini qoyub. Səsvermə nəticəsində N. Pənahlı AXH-dən uzaqlaşdırılıb.
Daha sonra Tural Abbaslı sabiq daxili işlər naziri İsgəndər Həmidovu hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova “ağsaqqalım” deməkdə ittiham edib. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi əlbəyaxa dava həddinə çatıb.(ona)