Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

İLYAS İSMAYILOV HAKİMİYYƏTİ NÖVBƏTİ DƏFƏ SƏRT TƏNQİD ETDİ:“Heç kim 2 metrdən çox yer apara bilməyəcək”

“Ciddi, sistemli islahatlar üçün öncə hakimiyyətin korrupsiyaya qarşı mübarizə siyasətində əsaslı dönüşlər edilməli, görüntü xarakterli addımlardan real işə keçilməlidir. Çox dəhşətli haldır ki, artıq Azərbaycanda oğru və korrupsionerlər özlərini “cəmiyyətin elitası” saymağa başlayıblar. Əgər bir cəmiyyətin elitası oğru və korrupsionerlərdən ibarət olacaqsa, onun hansı gələcəyindən söhbət gedə bilər, orada hansı effektiv islahatlardan danışmaq mümkündür?!”.

Yenixeber.org: Bu fikirləri saytımıza açıqlamasında Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru, sabiq Respublika prokuroru İlyas İsmayılov son vaxtlar hakimiyyətin elan etdiyi “sürətli islahatlara başlamaq” kursunun nə dərəcədə effektiv olub-olmamasıyla bağlı suala cavab verərəkən deyib.

İlyas İsmayılov xüsusi vurğulayıb ki, fundamental islahatlar üçün öncə cəmiyyətdə siyasi inam yaradılmalı və bu məqsədlə də xüsusilə dövlət aparatını sarsmış korrupsiyaya qarşı ciddi mübarizənin aparıldığı iradəsi ortaya qoyulmalı, korrupsioner imicli rəhbər vəzifəli şəxslər işdən kənarlaşdırılmalıdır: “Əgər korrupsiyaya qarşı mübarizə aparmalı olanların özlərinin malik olduqları sərəvətin mənbəyi korrupsiyadırsa, korrupsiya mövcud sistemin dayanıqlılıq motivinə çevrilibsə və ölkənin “siyasi elitası” sayılan şəxslərin də əksəriyyəti cəmiyyətdə korrupsioner olaraq qəbul edilirlərsə, belə bir idarəetmə komandası korrupsiya ilə necə mübarizə apara və ya hansı islahat həyata keçirə bilər? Korrupsiya ilə əsaslı və sistemli mübarizə üçün, ilk növbədə, idarəetmə aparatında ciddi dəyişikliklər edilməli, bulaşıq imicli rəhbər kadrlar təmiz, vicdanlı, dürüst şəxslərlə əvəzlənməli, bu zaman da qohumçuluğa, yerlibazlığa qətiyyən yol verilməməlidir. Yalnız bundan sonra cəmiyyətdə hakimiyyətin siyasətinə inam yaranar və bu inam da ciddi islahatlar üçün yaxşı bir bünövrə olar”.

İlyas İsmayılov deyib ki, dünyanın mütərəqqi ölkələrinin korrupsiyaya qarşı sınaqdan çıxarılmış mübarizə təcrübəsi var və örnək olaraq, dəfələrlə bu ölkələrin təcrübəsindən yararlanmağı qabartsa da, hakimiyyət onun təkliflərinə əhəmiyyət verməyib:

“Əvvəla, ölkənin birinci şəxsindən tutmuş axıra qədər hər bir hakimiyyət nümayəndəsi gəlirləri barədə deklarasiya verməlidir. Bizdə isə 2005-ci ildə qəbul edilmiş qanun hələ də icra edilmir. Soruşan da yoxdur ki, buna görə kim məsuliyyət daşıyır?

Daha sonra, hər bir məmur xərcləri barədə də deklarasiya təqdim etməlidir. Onda məlum olar ki, onun xərcləri gəlirlərinə nə dərəcədə adekvatdır? Təəssüf ki, bu haqda heç qanun da qəbul etmirlər.

Eyni zamanda, məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edən cinayət qanunu da qəbul edilməlidir. Ancaq görürük ki, məhz o “korrupsioner elita” belə bir qanunun qəbul edilməsinə mane olur.

Nəhayət, bu bəla ilə mübarizə inhisarçılığın aradan qaldırılmasını tələb edir. Baxmayaraq ki, hələ 2006-cı ildə Rəqabət Məcəlləsi parlamentdə ilk oxunuşda müzakirəyə çıxarılıb, ancaq hələ də onun qəbuluna imkan verilmir.

Əgər bu sadaladıqlarım yoxdursa, korrupsiyaya qarşı hansı effektli mübarizədən və ciddi islahatlardan söhbət gedə bilər?”

İlyas İsmayılov hesab edir ki, ölkəmizdə korrupsiya artıq xroniki xarakter alıb və bu, yaxın gələcəkdə çox böyük fəsadlara yol aça bilər: “Korrupsiya həyatımızın bütün sahələrinə, habelə xalqın şüuruna təcavüz edərək, orada kök salıb. Əhali seyr edir, dedi-qodu, hiddət və qəzəblə kifayətlənir, fikrini demək üçünsə kütləvi aksiyalara icazə verilmir. Korrupsiyanın belə dözülməz hal alması və artan siyasi-iqtisadi gərginlik, gec-tez, hakimiyyətlə xalqın qarşılıqlı münasibətlərində ciddi fəsadlar verəcək. Axı yalanla, görüntü yaratmaqla hara qədər getmək olar? Bu yalanlardan doyan xalq artıq hakimiyyətə inanmır, ona etibar etmək hissini itirir. Mən deyərdim ki, məhz korrupsiya bu hakimiyyətin siyasi və mənəvi korroziyasının əsas səbəbidir”.

İlyas İsmayılov hesab edir ki, xalqın dözülməz vəziyyətinin başqa bir səbəbi korrupsiyanın nəticəsi olaraq istehlak mallarının sürətlə bahalaşması, əlçatmaz olması, dövlət orqanlarının yüksək məbləğdə cərimələri, varlılarla kasıblar arasında təminat mənasında uçurumun daha da dərinləşməsidir: “Bütün dünya indi Çinin inkişafından danışır. Ancaq Çinin bu uğurlarının əsas səbəblərindən biri məhz korrupsiya ilə mübarizənin təşkilidir. Çinlilər bu mübarizəni sinfi mübarizə, başqa sözlə, ölüm-dirim savaşı səviyyəsinə qaldırıblar… Bizdə də belə olmalıdır – cəmiyyətin problemləri  ciddi şəkildə öyrənilməli, tədqiq edilməli və onların həllində hamılıqla – hakimiyyətlə xalq birgə, əl-ələ verərək iştirak edilməlidir. Yeri gəlmişkən, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi yaratdılar və deputat Zahid Orucu da onun rəhbəri təyin etdilər. Mən Zahid Orucu yaxşı tanıyıram – öz üzərində çalışan, xalq üçün nəsə etmək istəyən adamdır, əminəm ki, o, cəmiyyətimizdəki bu sadaladığım problemlərin hamısını çox yaxşı bilir və fəaliyyətində korrupsioner məmur korpusunun deyil, xalqın maraqlarını əsas tutaraq, cəmiyyətimizdəki bu problemlərinin doğru-dürüst Prezidentə çatdırılmasında ortaya nümunəvi və cəsarətli mövqe qoyacaq”.

Hakimiyyətin ictimai fikrə məhəl qoymadığını vurğulayan İlyas İsmayılov onu da bildirib ki, cəmiyyətdəki problemləri etiraf etmək əvəzinə, onları gizlətmək, dilə gətirənlərin ağzından vurmaq siyasətinin həyata keçirilməsi də indiyədək ölkənin inkişafının qarşısını kəsən amillərdən olub: “Təəssüf ki, hakimiyyət cəmiyyətin içərisindən gələn ağıllı sözləri, təklifləri dinləmək istəmir. Bu da idarəedənlərin təkəbbüründən, xarakterindən qaynaqlanır. Nə qədər ki insanlara geniş hüquqlu vətəndaş deyil, rəiyyət, təbəə kimi baxılacaq, onların fikirləri dinlənilməyəcək, bu ölkədə həmişə problemlər olacaq və bu problemlər qar topası kimi böyüyərək bir gün hakimiyyətin çox öyündüyü sabitliyi də alt-üst edəcək. Əgər hakimiyyət bu xalqın, dövlətin gələcəyini düşünürsə, təkəbbürü yerə qoyub, cəmiyyətə açılmalı, siyasi mövqeyindən asılı olmayaraq, cəmiyyətdən gələn bütün ağıllı təklifləri qəbul etməyi bacarmalıdır”.

Qeyd edək ki, İ.İsmayılov fikirlərinin sonunda hakimiyyətdəkilərə L.N. Tolstoyun məşhur  “İnsana çoxmu torpaq lazımdır?” adlı hekayəsini oxumağı da tövsiyə edib: “Bu əsərin qəhrəmanı Paxom adlı acgöz, tamahkar, həris bir kişidir. O, çoxlu torpaq almaq azarına tutulur və istədiyi qədər də torpaq alır. Qərara gəlir ki, günəş batana qədər aldığı torpaqların ətrafında qaçıb dövrə vursun. Ancaq Paxom kişinin bu arzusu ürəyində qalır: gün batmamış, elə günorta vaxtı taqətdən düşüb yıxılıb ölür. Aldığı bu boyda torpaqdan ona cəmi 2 metrlik yer lazım olur – o da dəfni üçün… Mən çox istərdim ki, indi özlərini “cəmiyyətin elitası” sayan bu acgöz, korrupsioner hakimiyyət nümayəndələri bu hekayəni oxuyub, nəticə çıxarsınlar: heç kim Paxom kimi, 2 metrdən çox yer apara bilməyəcək”.(Strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam