Şou-biznes yaranan gündən qalmaqalların da təməli qoyulub. Bir vaxtlar ifaçılar arasında yaşanan mübahisələr pərdə arxasında qalsa da, bu gün ellə bir olur. Bunun səbəbi bir tərəfdən medianın inkişaf etməsi, digər tərəfdən isə sosial şəbəkələrdir. Bu qalmaqallar bir çox dostluqları bitirib, bəzilərini isə daha da yaxınlaşdırıb. 

Yenixeber.org: Şou-biznesdə zamanla yaşanan və qalmaqallı bitən dostluqların siyahısını hazırlayıb. Bəzən dostundan ayrılan ifaçı, onun küsülü olduğu tərəflə münasibət qurub.

Şou-biznesdəki dostluq transferləri kimlər arasında yaşanıb?

Bir vaxtlar şou-biznesin ən yaxın rəfiqələri Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova idi. Daha sonra bu qruplaşmaya Xalq artisti Zülfiyyə Xanbabayeva da qoşuldu. Bu qrupa Xalq artisti Faiq Ağayev də daxil idi. Onlar dörd dost dəfələrlə birlikdə verilişlərdə qonaq olub, duetlər səsləndirib, konsertlərin səhnəsini bəzəyirdilər. Bir müddət sonra dostlar arasında çaxnaşma düşdü. Aralarından su keçməyən Dadaşova ilə Kazımova mübahisəsi qruplaşmaya son qoydu. Əvvəlcə Aygün Brilliantın fotosunu yayımlayıb, onu təhqir edib.  Daha sonra Brilliant Aygünə "Mənim hesabıma gündəmdə qalmaq istəyir" ismarıcını yollayıb. Mübahisə illərdir davam edir. Bir neçə il əvvəl qalmaqal yenidən alovlansa da, hazırda sənətçilər danışmamağa üstünlük verib.

Bu dostluqdan sonra Xanbabayeva da Kazımova ilə danışmayıb, Dadaşova ilə rəfiqəliyini daha da möhkəmlədib. F.Ağayev isə Brilliantla illərdir danışmır. Bu alovun isə gözü heç sönmür. Tərəflər hələ də fürsət düşəndə bir-birinin ünvanına tənqidlər səsləndirir. Brilliant Ağayevi onun dünyasını dəyişən valideynlərinə söyməkdə ittiham edib. Ağayevlə Zülfiyyə də küsülüdür. Aygünlə Faiq arasındakı dostluq isə hələ də davam edir.

Şou-biznesdəki böyük dostluq transferi müğənni Natavan Həbibi ilə rəqqasə Oksana Rəsulova arasında yaşanıb. Bir vaxtlar aralarından su keçməyən rəfiqələr prodüser Tarix Əliyevə (Tolik) qarşı birləşmişdi. Oksana dəfələrlər açıqlamalarında Toliklə Natavana görə danışmadığını bildirib. Bir gün Natavanın Oksanadan xəbərsiz Toliklə barışması qarşı tərəfi özündən çıxarıb. Rəqqasə dostluqlarına birdəfəlik son qoyub. Natavanın digər barışığı isə Oksananın illərdir danışmadığı Xalq artisti Aygün Kazımova ilə olub. Beləcə, Natavan Oksana ilə dostluğunu Tolik və Kazımova ilə əvəzləyib.

Şou-biznesin ən böyük qalmaqalı Xalq artistləri Röya Ayxan və Aygün Kazımova arasında yaşanıb. Elə şou-biznesdə hazırda iki hissəyə bölünüb: Aygünün tərəfi, Röyanın tərəfi. Bu iki müğənni hər zaman küsülü olub. Bir neçə il əvvəl onlar barışıb, birlikdə müsahibələr verib, fotolar çəkdirdi. Amma bu dostluq heç uzun çəkmədi. Onların "dostluğu" bir-birinə toy məclisində təhqirlər səsləndirib, badə atmaqla nəticələndi. O gün bu gündür Aygünlə Röyanı heç kim bir arada görməyib. Müğənnilərin ortaq dostları da yenidən ayrılaraq, iki qrupa bölünüb. Məsələn, müğənni Elnur Məmmədov və Elton Hüseynəliyev Kazımova qruplaşmasına keçib. Röya isə hər iki ifaçı ilə də danışmır, hətta onları heç vaxt bağışlamayacağını da deyib.

Aygün Röya küsülülüyü zamanı ortada qalan digər məşhur müğənni-bəstəkar Rəhim Rəhimli olub. Bir tərəf seçməli olan Rəhim Kazımova qruplaşmasına daxil olub.

Bu qalmaqalın bitirdiyi dostluqları saymaqla bitmir. Niyam Salami ilə R.Ayxanın küsməyinə səbəb Aygün Kazımova olmuşdu. Belə ki, Niyamın tədbirlərin birində A.Kazımova ilə birlikdə əyləşməsi digər tərəfin xoşuna gəlməmişdi. Röya Niyamı dost siyahısından elə silib ki, Salaminin varlığını belə unudub. O, Niyamın anası öləndə belə ona başsağlığı verməyib.

 

Digər dostluq yerdəyişməsi isə müğənni Samir Cavadzadə ilə yaşanıb. Bir vaxtlar Röya ilə dost olan Samir indi onunla danışmır. Cavadzadə Röya dostluğunu onun küsülü olduğu müğənni Nigar Camal və Aygün Kazımova ilə əvəzləyib.

Şou-biznesdəki dostluq yerdəyişmələri tək Kazımova ilə Röya ayxan ətrafında yaşanmayıb. Bu siyahıya rəqqasə Fatimə Fətəliyeva-müğənni Xatun Əliyeva- şairə Nazilə Səfərlini daxil edə bilərik. Xatunla Fatimə bir vaxtlar o qədər yaxın rəfiqə idilər ki, xına mərasimlərinə də bir gedirdilər. Nazilənin də hər iki sənətçi ilə münasibəti isti idi. Daha sonra üçünün də arasından "qara pişik" keçdi. Əvvəlcə Xatunla Fatimə dava etdi. Sənətçilərin qalmaqalı o qədər böyüdü ki, saçyolduya gedib çıxdı. Bu mübahisədə Nazilə Xatun tərəfə keçib, Fatiməyə  söz atmağa başladı. Amma az keçmədi Naziləni Fatimə tərəfdə görüb, Xatuna atdığı sözlərin şahidi olduq. Heç Nazilənin Fatimə ilə dostluğu da uzun çəkmədi.  Rəqqasənin "Dostum ola bilməz" sözləri qalmaqalı alovlandırmış və aradakı sakitlik pozularaq, yenidən atmacalarla əvəzlənməyə başlayıb.

Şou-biznesin ən yaxın rəfiqələri Əməkdar artist Nüşabə Ələsgərli və müğənni Nazənin idi. Amma onların arasına "qara pişik" girə bilməsə də, qara "Gelandewagen"li Afət Fərmanqızı girib. Məclislərin birində Nüşabə ilə Afət arasında "Sığmazam" qəzəlinə yazılan mahnıya görə mübahisə yaşanıb. Ələsgərlinin iradlarını qəbul etməyən Fərmanqızı onun ünvanına tənqidlər səsləndirib. Beləcə, iki müğənni küsüb. Nazənin isə bu qalmaqaldan sonra Afətlə yaxın rəfiqə olub. Bu isə Nüşabənin heç xoşuna gəlməyib. Nəticədə, Nazənin dostluğunu Nüşabədən Afətə transfer edib. (axsam)