Mərhum aktyoru efirə dəvət etdiər — Azərbaycanda biabırçılıq
Yenixeber.org: Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə bu barədə ona aktyorun qızı Aygün Xanızadə məlumat verib.
“Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi, gəl, atamın adına açdığım feysbuk səhifəsinə göndərilən mesajları sənə oxuyum. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkirdim. Yazırlar ki, Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nolar, gəlin siz də iştirak edin. Hətta biri yazıb ki, mən Nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin”.
Sənətkarın qızı atasının 30 il əvvəl dünyasını dəyişdiyini bildirdikdə isə bu şəxslər Aygün Xanızadədən onların kimliyini heç yerdə açıqlamamasını xahiş ediblər.
“Aygün xanım bəziləri ilə sərt danışıb. Xahiş ediblər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar? Aygün cavab verəndə ki mənim atam 1990-cı ildə dünyasını dəyişib, dərhal söhbəti fırladırlar: niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”,- deyə o, qeyd edib.
Xatırladaq ki, Xalq artisti Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Görkəmli aktyorumuz 3 fevral 1990-cı ildə 49 yaşında, 20 Yanvar faciəsindən 13 gün sonra vəfat edib.