Mədinə vəsiqəsindən dövrümüzə dərslər
Xeberinfo.com: Ərəb qəbilələri arasındakı qan davaları, musəvilər, xristianlar və hələ müsəlman olmayan ərəblər arasında sosial, iqtisadi səbəblərdən hər an baş verən münaqişələr... 1400 il əvvəl Mədinə torpaqlarının əmin-amanlıqdan çox uzaq olduğu bir dövr idi. Ta ki İslam peyğəmbəri hz. Muhamməddin bu gözəl diyarı şərəfləndirib tarixin ən mühüm vəsiqəsini imzalayana kimi.
O dövrdə Mədinə və ətrafında əsasən bütpərəst ərəblər, xristian və musəvi icmaları yaşayırdı. Onların istər öz aralarında, istərsə də bir-biriləri arasındakı münasibətlərində kin, qəzəb və düşmənçilik hakim idi. Qarşıdurma və müharibə şəraiti demək olar ki, bir əsrdən çox idi ki, həmin dövrdə Ərəbistan torpaqlarında davam edirdi. Hz.Muhamməd təşrif etdikdə Mədinə şəhəri sanki bugünkü Yaxın Şərq regionu kimi ictimai münaqişə, daxili qarşıdurmalar və siyasi qeyri-sabitlik içində idi.
Peyğəmbərimiz belə bir şəraitdə vaxt itirmədən tərəfləri bir araya gətirdi. Fikir və təklifləri nəzərə aldı və onların da razılığı ilə Mədinə vəsiqəsini hazırladı. İctimai birliyi və sülhü təmin etmək məqsədi ilə Mədinədəki kosmopolit quruluşu bu vəsiqə ilə birləşdirdi. Yüzdən çox icma ilə bəzən məktubla, bəzən də şəxsən özü danışaraq müxtəlif razılıqlar əldə edərək razılaşma zəmini yaratdı. İngilis tarixçi Arnold Cozef Toynbi Peyğəmbərimizin qurduğu bu ictimai birliyin əhəmiyyətini belə izah edir: "Əvvəllər bir Əmirə qətiyyən itaət etməmiş həmin Ərəbistan birdən-birə siyasi birliyə çevrildi və o mütləq hakimiyyəti olan Əmirə özünü təslim etdi. Yüzə qədər kiçik sosial qrupdan meydana gələn və davamlı olaraq bir-biri ilə qarşılıqlı düşmənçilik içində olan böyük-kiçik neçə-neçə qəbilələrdən hz.Muhamməd (səv) birlik meydana gətirdi". [1]
Mədinə vəsiqəsi ilə dünya tarixində bir ilk yaşandı. 622-ci ildə imzalanan bu vəsiqə ilk İslam dövlətinin quruluş konstitusiyası idi. Tarixin ilk plüralist və demokratik konstitusiyası oldu. Müxtəlif irq, din və qəbilələrdən ibarət şəhər icmasına, Ərəbistan yarımadasında daha əvvəl bənzəri görülməmiş demokratik və sülhsevər quruluş gətirdi. Çoxsaylı düşmən qəbilələrdən ibarət olan mədinəlilər ilk dəfə bir araya gələrək etiqad azadlığının, demokratiyanın, siyasi birliyin, sülhün hökm sürdüyü bir cəmiyyət oldular. Mədinə vəsiqəsi hüququn aliliyi prinsipinin, əsas hüquq və azadlıqların tanınması və qorunması yolunda tarixdə dönüş nöqtəsi oldu. Üstəlik, bütün bunlar təkid və təzyiqlə deyil, tərəflərin razılığı ilə təsis edildi.
Konstitusiya dedikdə bir çox insanın ağlına ilk olaraq Maqna Karta - Böyük Azadlıq Fərmanı gəlir. Halbuki Mədinə konstitusiyası Peyğəmbərimizin liderliyində Maqna Kartadan 600 il əvvəl qələmə alınmışdır. Təkcə 47 maddədən ibarət olmasına baxmayaraq, müasir və qabaqcıl demokratiyaların hədəflərini 1400 il əvvəl həyata keçirmişdir.
Mədinə vəsiqəsi təzyiqi deyil, azadlığı, üstünlüyü deyil, bərabərliyi, güclünü deyil haqqı və hüququ əsas götürən bir vəsiqədir. Bu vəsiqə ilə cəmiyyətdəki hər fərdin heç bir təzyiq olmadan istədiyi dini seçmək, öz inancına görə yaşamaq və ibadət etmə azadlığı təminat altına alınmışdır. Dünyəviliyin əsas ünsürlərindən olan din və vicdan azadlığı təmin olunmuşdur. Bu müqavilədə yer alan 25-ci maddədə "Bəni-Əfv yəhudiləri möminlərlə birlikdə eyni ümmətdirlər, musəvilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir" ifadəsi çox əhatəli azadlığı vurğulayan maddələrdən biridir. Vəsiqənin on altıncı maddəsində isə "Bizə tabe olan musəvilər heç bir haqsızlığa məruz qalmadan və düşmənləri ilə də yardımlaşmadan yardım və dəstəyimizə haqq qazanacaqlar" deyilir. Peyğəmbərimizin bu anlayışına sadiq qalan səhabə də ondan sonrakı dövrlərdə berber, buddist, brahman və oxşarlarına bu hüququ tanımışlar. Bu şəkildə münaqişələr asanlıqla həll edilmiş, sülh və ədalət şəraiti yaradılmışdır.
Sözügedən vəsiqədə hər bir icmaya öz hüququnu həyata keçirmədə tam azadlıq verildi. Ancaq cinayət törədən heç kim heç bir icma tərəfindən müdafiə olunmamalı idi. Məsələn, vəsiqənin 13-ci maddəsində cinayətkarın hansı ictimai statusa malik olursa-olsun cəzalandırılacağı, zərərçəkənin isə qorunacağı bildirilir: "Təqva sahibi möminlər öz aralarında təcavüzkara və haqsız bir iş görməyi planlaşdıran hər hansı bir haqsız təcavüz, yaxud möminlər arasında qarışıqlıq çıxarmağı düşünən kəsin əleyhinə olacaqlar və bu şəxs möminlərdən birinin övladı da olsa, hamısının əlləri onun əleyhinə qalxacaq".
Bu razılığa tərəf olan qruplar bir-biri ilə yardımlaşmalı, bir-birinə dəstək olmalı, Mədinədə olan bütün icmalarla sülh və birlik içində yaşamalı idilər. Tərəflər arasındakı münaqişələr bütün qruplar tərəfindən ən ədalətli insan olaraq qəbul edilən Peyğəmbərimizin hakimliyi ilə həll ediləcəkdi.
Mədinə vəsiqəsi istər müsəlman, istər yəhudi, xristian və ya bütpərəst olsun, bütün insanların hüquq və azadlıqlarını hüquqi əsaslarla təminat altına almışdır. Məkkəli bütpərəstlərin ağır təzyiq və zülmünə baxmayaraq, Peyğəmbərimiz onlara qarşı şəfqətli və qoruyucu olmuş, üstəlik bunu konstitusiyanın bir hökmü olaraq tənzimləmişdir. Çünki İslamın məqsədi bütün dünyaya sülh, əmin-amanlıq və sevgi gətirməkdir. Hz. Muhamməd bu konstitusiya ilə hansı inancdan olursa-olsun, Quranın bütün bəşəriyyətə qarşı sevgi, hörmət, anlayış, sülh və azadlıq ehtiva edən yanaşmasını tətbiq etmişdir.
Bəzi insanlar İslamla demokratiya, dünyəvilik və fikir azadlığı kimi dəyərlərin bir arada ola bilməyəcəyini düşünür. Qərb dünyasındakı bu yanlış fikrə səbəb olanlar İslam adına ortaya çıxan, amma əslində xurafatlara, yanlış hədislərə, Qurandan kənar inanclara görə hərəkət edən xurafatçılardır. Qurana tamamilə zidd düşüncə ilə öz radikal fikirlərindən başqa heç bir fikri qəbul etməyən, qadını ikinci sinif varlıq kimi görən, həyatı bir növ yaşanmaz hala gətirən bu fanatik zehniyyətdir. Yaxın Şərq və bəzi İslam ölkələrində bu gün baş verən zülmlərin, terror və qarşıdurmaların səbəbi xurafatçılığın radikal ideologiyasıdır.
İslamda təzyiq və məcburiyyətə əsla yer yoxdur. Quranda din, inanc və fikir azadlığı tam mənası ilə mövcuddur. Quranda bildirilən "Dində məcburiyyət (və təzyiq) yoxdur" (Bəqərə surəsi, 256); "Sizin dininiz sizə, mənim dinim mənə" (Kafirun surəsi, 6); "Və de ki: Haqq Rəbbiniz tərəfindəndir; Kim istəyir inansın, kim də istəyir inanmasın" (Kəhf surəsi, 29) ayələri dünyəviliyin qısa icmalıdır.
Hz. Muhammədin hazırladığı Mədinə vəsiqəsi ilə dini, mədəni və hüquqi muxtariyyət əsasında plüralist cəmiyyət modeli qurulmuş və fərqli inanc və mədəniyyətə sahib icmalar arasında davam edən 100 illik münaqişələr sona çatmışdır. Mədinə vəsiqəsi dövrümüz baxımından qiymətləndirildikdə həm Qərb dünyasında, həm də bir əsrdən çoxdur ki, sönməyən alovun yandığı Yaxın Şərqdə və bütün İslam regionunda sülhsevər, ədalətli, tolerant, mehriban, yardımsevər cəmiyyət modelini əldə etmək üçün müsəlmanlara yol göstərən mükəmməl başlanğıc nöqtəsi olacaq.
Adnan Oktar