Xarici müğənnilərin Azərbaycanda konsertini təşkil edən “CAS GROUP”MMC ölkəmizdə fəaliyyət göstərən tur şirkətini və fiziki şəxsləri aldadaraq onların külli miqdarda pulunu mənimsəyib. Bu barədə zərərçəkmişlər məlumat verib.
Turizm şirkətindən bildiriblər ki, təşkilatçı şirkət onlara ödəməli olan 57 min manatın 35 min manatını ödəsə də, 2024-cü ilin iyun ayından məbləğin 21888 manatını ödəməkdən boyun qaçırır. Amma “CAS GROUP” MMC-nin qurbanı təkcə bu turizm şirkəti deyil. Onlar populyar rus və türk müğənnilərin ölkəmizdə konsertinin təşkilatçılığı adı altında daha iki fiziki şəxsi də aldadaraq onlarla bağladıqları investor müqaviləsini kobud şəkildə pozublar. “CAS GROUP” MMC- ümumi olaraq hüquqi və şəxsləri aldadaraq onlara 210 min manat zərər vurduğu bildirilir.
F. İmanzadə müqavilə bağladığı şəxsləri aldadaraq konsertin təşkilindən əldə edəcəyi puldan onların borcunu ödəyəcəyinə və əlavə qazanc əldə edəcəklərinə inandırıb. Amma sonra onun yalan vəd verdiyi, adlarını çəkdiyi bəzi müğənnilərin ümumiyyətlə ölkəmizdə konsertini təşkil etmədiyi məlum olub.
Belə ki, 2024-cü ilin iyun ayının 7-də Türkiyənin tanınmış sənətçisi – SEFO-nun konserti “Elektra Hall” konsert zalında ( indiki adi ile Jolly&Joker) baş tutsa da, borc verənlərə heç bir vəsait ödənilməyib. Eyni plan üzrə ötən ilin iyul ayının 14-də “Elektra Hall” da rus sənətçisi GUF-un konsertini təşkil etsələr də, konsert adı altında borc alınan şəxslərin pulu geri ödənilməyib.
Həmçinin ötən ilin oktyabr ayının 29-da türk sənətçisi MURDA- nın Özbəkistanın paytaxtinda yerləşən Sport Kompleks Unusadabda konsertini kecirəcəklərinə dair muqavilə bağlasalar da, investordan bu məqsədlə pul alsalar da, konserti təşkil etməyiblər. Müğənni ilə əlaqə saxlayan zərərçəkmişlərə isə bildirilib ki, təşkilatçı Fatimə və Amil tərəfindən onlara konsert üçün heç bir məbləğ ödənilməyib.
“CAS GROUP” ötən ilin sentyabr ayının 7-də Skriptonit adlı Qazaxıstan sənədçisinin Bakıda konsertini təşkil etmək adı ilə fiziki şəxslərdən pul alsalar da, bu konserti də təşkil etməyiblər. Nəhayət ötən ilin dekabr ayında dağıstanlı sənətçi Miyaginin konserti adı altında aldıqları pulu da konsert keçirməyərək mənimsəyiblər.
Zərərçəkmişlər bildirib ki, F. İmanzadə onları təşkil edəcəyi konsertlərin risksiz olduğuna, gəlir gətirdiyinə inandırıb. Onlarla buna dair müqavilə bağladığından, hətta gecikmələr olarsa o xərcləri də ödəyəcəklərini müqavilədə göstərdiyindən, onun şirin vədlərinə inanıblar. Bir ilə yaxındır ki, F. İmanzadə konsert təşkilatçılığı üçün pul aldıqları hüquqi və fiziki şəxslərə müxtəlif bəhanələr gətirərək məsuliyyəti öz üzərindən atır, maliyyə məsələlərinə Amil Hacıyevin məsul olduğunu söyləyir.
Zərərçəkmişlər F.İmanzadənin onları aldatdığından şübhələndiklərindən sonra onunla və Amil Hacıyevlə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Amma polis ortada müqavilə olduğundan onların bu əməlini dələduzluq kimi qiymətləndirməyib. Zərərçəkmişlərə məhkəməyə müraciət etməli olduqlarını bildirib.
“Onların məqsədi əvvəldən bizi aldatmaq olduğundan, bizimlə müqavilə bağlayıblar ki, iş məhkəmədə uzansın, onlar vaxt qazansın və beləcə özlərinə rahatlıqla digər qurbanlar tapa bilsinlər”, deyə zərərçəkmişlər bildirib.
Zərərçəkmişlər onu da əlavə ediblər ki, Fatimə İmanzadə və Amil Hacıyev barədə məhkəməyə şikayət etsələr də, indi də onlar başqa şəxslərin adına şirkət təsis edərək konsert təşil etməkdə davam edirlər.
Hətta F. İmanzadə may ayınln 11-də CAKAL&EBO adlı, iyunun 8-də isə BLOK 3 adlı türk sənətçilərinin Bakıda konsertlərinin təşkili ilə bağlı öz sosial şəbəkə hesablarında paylaşımlar edir. Onların bu qanuna zidd əməllərinin qarşısı alınmasa qurbanların sayı daha da artacaq!(“Qafqazinfo”)