Bu gün əbədi 46 yaşında qalan Ceyhun Mirzəyevin doğum günüdür.
Yenixeber.org: Təsadüfdürmü, yoxsa zərurət, yəqin ki, daha çox sadəcə taledir. İnsan dünyaya gələndə onun həyat yolu artıq cızılmış olur, nə qədər çalışsan da o cığırdan kənara çıxa bilmirsən, sadəcə yüngül sapmalar ola bilər, vəssalam.
1946-cı il aprelin 9-da dünyaya göz açan Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin ilk daşıyıcısı olmuşdu. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinoçular isə bu ordeni “Qanun naminə” filmində tarixə salıblar. Gənc prokurorun yaxasında…
Ceyhun 3 yaşında olanda Cəmil Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. Atasızlıq bütün varlığı ilə ömür boyu içindən keçib, bu hiss onunla birgə yaşayıb. Gecələr yorğanını başına çəkib günün yorğunluğunu yuxudan əvvəl göz yaşları ilə çıxaran anasının hıçqırtısını eşidib…
Özü də yorğanını başına çəkib ona qoşulan Ceyhun uşaqlığını yaşamadan böyüyür… Ana qayğısı çəkir, balaca çiyinlərinə ailənin məsuliyyətini götürür. Atasızlığı unutmağa, anasına arxasız olmadığını göstərməyə çalışır. Yalnız təklikdə öz aləmində atalı Ceyhunun həyatının ssenarisini yazır.
Pozur, dəyişir, hər gün daha bir xoşbəxt Ceyhun ssenarisi yazılır… Belə ssenari yazmaq bacarığı onu “Azərbaycanfilm”ə sınaq çəkilişlərinə gətirib çıxarır.
O, atasının ikinci nikahından dünyaya gəlmişdi. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmamışdı. Hamı demişdi ki, qadınını boşa, evlən övladın olsun, amma 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı kişi. 17 ildən sonra qadın dünyasını dəyişib, yalnız ondan sonra Cəmil Mirzəyev ikinci dəfə evlənib. Onun anası Marqarita xanım milliyyətcə gürcüdür. Xanımın da ikinci evliliyi idi, birinci ərindən – İbrahim Məmmədəliyevdən bir qızı da vardı. Cəmil Mirzəyev bu qıza da öz övladı kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə yalnız ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu.
Evlənəndə artıq 48 yaşı olan Cəmil Mirzəyev Ceyhun 3 yaşında olarkən ürək çatışmazlığından dünyasını dəyişir. İllərdir övlad həsrətində olan ataya övlad sevincini doyunca yaşamaq qismət olmadığı kimi övlada – Ceyhun Mirzəyevə də ata qismət deyilmiş.
İsmayılın uşaqlığı
Bəli, Ceyhun Mirzəyevdən danışırıq. Bakıda anadan olsa da, əsli Qarabağdan- Ağdamın Abdal-Gülablı kəndindən olan, bir ömürdə iki tale yaşayan aktyor Ceyhun Mirzəyevdən.
Sənət taleyinin birinci dönəmində “Ögey ana”dakı İsmayıl, ikinci dövründə isə “Fəryad”dakı İsmayıl kimi iki əsr insanların yaddaşına yazılan Ceyhun Mirzəyev.
Hələ uşaqkən Azərbaycan Televiziyasında uşaq verilişlərində iştirak edirdi.
Uşaq rolu üçün balaca oğlan uşağı gəzən rejissor köməkçiləri onun “şeytan siması”na heyran qalıb, kinostudiyaya dəvət edirlər. Tanımadığı rejissorun – “Bu filmə çəkilməsə belə onun gözəl ekran siması var, əsil kinoluqdur” rəyi Ceyhunda kinoya olan marağı birə beş artırır…
İlk dəfə 11 yaşında “Görüş” filmində Şıxəlinin uşaqlarından birini oynayır. Filmdə heç gözə çarpmamağı onu yaman təsirləndirir. Amma xəbəri olmur ki, peşəkarın gözündən yayınmayıb. Həbib İsmayılov onu çəkəcəyi “Ögey ana” filmində İsmayıl rolu üçün artıq gözaltı edib. Ona Ceyhunu tanıtdıran isə Nəcibə Məlikova idi.
Sınaq çəkilişindən sonra kinostudiyanın dəhlizində əmisinin gəlib onu evə aparmasını gözləyən Ceyhun dəhlizin o başından bu başına keçən Nəcibə xanımı görür. Aktrisanı ilk dəfə canlı görməsi, onun gözəlliyi balaca kişini necə heyran edirsə özü də bilmədən ağzı açıq qalır. Nəcibə xanım ona – “balası, ağzını yum” – deyə, eyham edib, keçib gedir. Birdən nə düşünürsə, duruxub geri dönür. Aktrisa Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa keçib “Ögey ana” filminin çəkilişlərinə aktyor yığan rejissora “İsmayılı tapdım, öz ayaqları ilə gəlib, dəhlizdədir” deyir. Rejissor çıxıb Ceyhuna baxıb “Doğrudan İsmayıldır ki” deyir.
Bu filmə çəkiləndə onun 12 yaşı vardı…
Bu film eyni anda neçə-neçə taleyi özündə birləşdirirdi. Həm Ceyhun Mirzəyevin özünün yetimliyi, ögey bacısının olması vardı, həm də baş rolu oynayan Nəcibə Məlikovanın taleyi filmdə öz əksini tapmışdı.
Aktrisanın qaynanası gəlininin aktrisa olmasını həzm edə bilmirdi. Həyat hər addımda təzadlarla doludur. Bəlkə bu da həyatın təzadıdır ki, Nəcibə xanım özü qayınana sarıdan çox əziyyətlər çəkib. O qədər çəkib və dözüb ki, bir gün onlara qonaq gələn rejissor, o vaxt kinostudiyaya rəhbərlik edən Ədil İsgəndərov dözməyib və Nəcibə xanımı kimi “Ögey ana”nı elə öz obrazında, qayınanası və həyatı ilə bahəm kino ekranlarına gətirib. Evdən çıxarkən deyib ki, Xanım xala, səndən kino çəkəcəm.
Film çox sevildi, xüsusən İsmayıl və onun ögey anası. Görünür, hər iki obrazda onu yaradan aktyorların öz həyatı olması onun təbii alınmasında rol oynadı.
Balaca Ceyhun isə kinodan və uşaq verilişlərindən aldığı qonorarla artıq ailəni dolandırırdı.
“Ögey ana” filmindən sonra Ceyhun “Əsl dost” (1959), “Matteo falkone” (1960), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968), “Dəli Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989), ümumən 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.
Ceyhun sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi vardı. İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. Moskvada təcrübə keçib qayıdandan sonra isə “Mozalan”da bədii rəhbər işləyirdi. Rejissor kimi 100-dən çox süjet çəkmişdi.
Sevgisindən vaz keçmədi
Bir gün gənc aktyor, rejissor Ceyhun Mirzəyev kino heyəti ilə Moskvaya qastrola getmişdi. Qalanını aktyorun həyat yoldaşı, baş ədliyyə müşaviri Lidiya Mirzəyeva danışır: “Onun 18, mənim 17 yaşım vardı: Bizi məktəbdən Moskvaya aparmışdılar. Orda olduğumuz zaman eşitdik ki, Azərbaycandan artistlər də burdadır. Onda Ceyhunu ekrandan tanıyırdım, yetərincə məşhur idi. Amma ilk dəfə canlı şəkildə onları Bakıya yola salanda gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son pulunu da o qonaqlıqda xərcləyib. Bir-birimizə telefon nömrələrimizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mənə zəng vurdu, görüş təklif etdi. Mən də razı olmadım, onu bir az acıladım. Bu, bizim son danışığımız oldu”.
Düz 8 ildən sonra Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Ceyhunla Lidiya 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir: “Bəzən məndən soruşurdular ki, niyə elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var – Ceyhun və Cəmalə. Ceyhun doğrudan da uşaq kimiydi. Tez sınırdı, inciyirdi. Yeyib-içməyi, gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürəyiyumşaq, kövrək adam idi ki… Ehtiyacı olan hamıya əl tuturdu, kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə təmin etdi. Haqsızlığa dözə bilmirdi. Ona qarşı xeyli haqsızlıqlar da olmuşdu. Bir müddət yaradıcılığında fasilə yarandı. Kinostudiyada ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər. Bunun da səbəbi kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərovla Ceyhunun əmisi Seymur Mirzəyevin arasında yaşanan problem idi.
Seymur Mirzəyev əvvəl Moskvadakı “Romen”, sonra Mayakovski, Yermolov teatrlarının icraçı direktoru olmuşdu. Onların arasında nəsə şəxsi problemləri vardı. Ceyhun da bu şəxsi münasibətlərin qurbanına çevrilmişdi, əziyyət çəkirdi. Amma Ceyhun kimi bir insanı incitmək olmazdı axı. Mən ona təskinlik verməyə çalışırdım. Ona qarşı bir haqsızlıq da fəxri ad verilməməsiydi. Düzdür, Ceyhunun heç bir fəxri adı yoxdur, amma o, sözün əsl mənasında xalqın artistidir. Xalq onu sevir. O da xalqını çox sevirdi. Film çəkəndə aldığı qonorardan xəbəri də olmurdu, pul onu maraqlanmırdı. Deyirdi, “bu film xalqa lazımdır, gələcək nəsillərə miras qalmalıdır”. O, çox təmiz insan olub, xalqa xidməti qarşısında heç nə ummayıb, güdməyib. Bütün filmlərinə canla, ürəklə yanaşıb”.
Onun rejissor kimi ilk işi “Bəyin oğurlanması” filmi olub. Onun ardınca “İşarəni dənizdən gözləyin” filmini çəkib. “Fəryad” filmi isə sonuncu filmidir.
Elə bil nəyisə duyubmuş kimi “Ögey ana”dakı İsmayıl obrazının sonrakını taleyini gətirib “Fəryad” filmi ilə bağladı. Bu iş də Ceyhun Mirzəyevin aktyor və rejissor kimi axırıncı işi olur. “Fəryad” onun haqsızlıqlara qarşı son fəryadı idi – qu quşunun son nəğməsi kimi.
Ceyhun Mirzəyevə qarşı sui-qəsd olub
Filmin operatoru Kənan Məmmədov deyir ki, “Fəryad” filmi 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub: “İlk olaraq filmin harada çəkiləcəyi barədə çox düşündük. Bu, mühüm bir məsələ idi. Ceyhunla belə qərara gəldik ki, çəkilişlər soyuq fəsildə aparılmalıdır. Çünki Qarabağ savaşından bəhs edən filmi yayda, otun-çiçəyin arasında çəkmək düzgün olmazdı. Filmin bütün natura çəkilişləri Goranboyda Murov dağın ətəyində, Zeyvə, Qaraçinar, Ağcakənddə keçdi. Onda döyüşlər təzəcə başa çatmışdı. Biz ora yanvarda ezam olunduq və çox kəskin hava şəraitinə baxmayaraq, 15 günə natura çəkilişlərini bitirdik. Düzdür, təşkilati problemlər vardı. Məsələn, ordu, patron, avtomat lazım idi, onları çətinliklə əldə edirdik. Amma mənəvi çətinliklər daha çox idi. Hamımız daxilən çox böyük iztirablar keçirirdik. Xüsusən də Ceyhun çox əzab çəkirdi. Torpaqlarımızın işğalı ona pis təsir etmişdi”.
Kənan Məmmədov çəkilişlər zamanı baş verən bəzi hadisələri də xatırlayır: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi, bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.
Bir də o səhnədə qaçan zaman çaydan keçir. Qış, dağdan gələn su, adamın barmağını da kəsirdi. Mən etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı olmadı, özü çəkildi. Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq başa çatdıra bilmədi. Filmin qaralama montajı bitəndə Ceyhun rəhmətə getdi. Özü də montajı birlikdə edirdik. Mənsiz eləməzdi. Deyirdi, “sən bütün materialı məndən yaxşı bilirsən…”. Filmin birinci variantı başa çatandan sonra Ceyhunu itirdik. Nə öz rolunu səsləndirə bildi, nə də filmi gördü”.
İsmayıl böyüdü və…
Lidiya xanım danışır ki, həyat yoldaşı “Fəryad”ın çəkilişlərindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil bu filmi çəkməklə onlardan, ümumiyyətlə bütün haqsızlıqlardan hayıf çıxmaq istəyirdi”.
Filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyirdi. Amma “Fəryad” filminin çəkilişlərindən sonra Ceyhun Mirzəyev mikroinsult keçirdi. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başladı. Özü də tələsərək… Filmi tez başa çatdırıb ekranlara çıxarmaq arzusundaydı.
Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə gətirmək zülm. Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu çox sevirdi.
1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb…”
İsmayılın “Ögey ana”da başlayan həyat yolu “Fəryad”la beləcə bitdi.(pressklub.z)
Ramilə Qurbanlı