Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Televiziyaların azyaşlıları pozan uşaq verilişləri - VİDEOLAR

 

“Biri gəlir atasını biabır edir, biri gəlir anasını biabır edir, biri də gəlir bacısını biabır edir. Problemin var, get evində həll elə, niyə camaatın verilişində hamını biabır edirsən? Bilirsiniz, Elgizin verilişinə kimlər gəlir? Biri gəlir arvadım qaçıb. Sən necə kişisən sənin arvadın qaçıb? Bir arvadı saxlaya bilmirsən? Sənin arvadın qaçacaq, Elgiz tutacaq? Gəlib Elgizin verilişində ağlayırsan, ə, kişi ol, ə, kişi!”

 

"Xeberinfo.com":   Bunları İkinci Dünya Müharibəsində Qafqazdan Berlinədək döyüşmüş, dünyanın o biri üzünü görüb ölümün bir addımlığından dönən, həm də müharibədən gələndən sonra ömrünün 40 ilini müxtəlif vəzifələrdə işləmiş döşü medallı ağsaqqal  desəydi, heç də təəccüblü olmazdı. Amma iş orasındadır ki, xalqa bu nəsihətləri sıyıq yeyən bağça uşağı verir, həm də efirdən. Uşağı qınamıram, o nə anlayır ki dediklərindən? Onu ya evdə öyrədiblər,  ya da efirdə. Dəhşətlisi də odur ki, bu balacanı öyrədərək yamsıladıqlarına qəhqəhə çəkib gülürlər də. Bu, günümüzün reallığıdır…

 

Uşaqlığımdan maraqlı və yaddaqalan uşaq verilişi xatırlamıram. Yəqin ki, uşaqlığı 90-cı illərə düşən hər kəs mənimlə həmfikir olar. Əslində, telekanallarımızda uşaqlara həsr olunan verilişlər baxımından indiki dövr həmin illərdən o qədər də fərqlənmir. Sadəcə, bir fərq var ki, indi alternativ imkanlar daha çoxdur. Məsələn, səviyyəli, maraqlı, maarifləndirici bir uşaq verilişimiz yoxdur, əvəzində bu boşluğu peyk antenaları vasitəsilə xarici kanallardan, internetdən, disklərdən izlədikləri əcnəbi ölkələrdə yayımlanan verilişlər, cizgi filmləri doldurur. Bunların arasında nə qədər faydalı məlumatın olması isə başqa mövzudur.  Heç kimə sirr deyil ki, kütləvi informasiya vasitələri arasında televiziyalar insan həyatına əhəmiyyətli şəkildə təsir edir. Belə olan halda yuxarıda qeyd etdiyim monoloqlarla efirə çıxan uşaq verilişlərimiz uşaqlarımıza hansı tərbiyəni aşılayacaq?

 

Pedaqoq Əjdər Ağayev də aparıcılarımızın səviyyəsindən, verilişlərin az və keyfiyyətsiz olmasından narahatdır. Mütəxəssisin Publika.az-a bildirdiyinə görə, telekanallarımızda uşaq verilişləri hazırlansa da, onların çox az hissəsi uşaqların diqqətini cəlb edir:

 

“Ona görə ki, uşaq verilişini aparan adamın  özü  uşaq psixologiyasını, onun maraq dairəsini, dünyagörüşünü bilmir. Əslində,  uşaq verilişləri hazırlayan kanalların bir-biri ilə əlaqələri olmalıdır və verilişlər bir-birini təkrar etməməlidir. Hər kanalın özünəməxsus uşaq verilişi olmalıdır. Bizdə uşaq verilişlərində əsasən kiçikyaşlılar nəzərə alınır. Amma nisbətən böyük yaşlı uşaqlar da, onların da maraqları nəzərə alınmalıdır. Uşaq verilişinin aparıcısı hər hansı bir aktyor, aparıcı olmalı deyil. O, uşaq aləmini bilən professional adam olmalıdır, nitqi aydın olmalıdır, uşaq psixologiyasını bilməlidir ki, hansı uşağın marağını nəyə cəlb etmək lazım olduğunu bilsin”.

 

Eksperti ən çox narahat edən məsələlərdən biri də televiziyalarımızda neçə illərdir ki, təhsilə aid verilişin olmamasıdır. Bəzi kanallarda təhsilə aid veriliş yaratmağa cəhd olunsa da, sonda onu da şouya çevirirlər: “İctimai kanalda “Açıq dərs” verilişi var ki, bu da şoudur. Təhsildən şou olmaz. Bu verilişlər öyrədici xarakterli olmalıdır, bununla bağlı sistemli iş qurulmalıdır və mütəxəssislərdən ibarət redaksiya şurası, məsləhət şurası yaradılmalıdır. Təhsil verilişi təhsil bilicilərinə, uşaq verilişi uşaq bilicilərinə tapşırılmalıdır”.

 

Psixoloqlar hesab edirlər ki, burada ən çox narahatedici məqam verilişlərin daha çox layihəni hazırlayanın, veriliş rəhbərinin maraqlarına uyğun olmasıdır. Mütəxəssisilərə görə, uşaq verilişlərində bütün məqamlar, hətta səhnənin hansı rəngdə olması, hansı personajların olması, verilişin tərbiyəvi əhəmiyyəti, maarifləndirici xüsusiyyətlərinə qədər hər şeydə psixoloqlardan da rəy alınmalıdır. Çox zaman isə məcbur qalan balacalar alternativ olmadığı üçün Azərbaycan dilində yox, əcnəbi dildə xarici kanallara baxmağa başlayırlar.

 

Uşaq psixoloqu Narınc Rüstəmovanın Publika.az-a bildirdiyinə görə, uşaq verilişlərində uşaqlara uyğun dil, intellektual bacarıq üçün yarışlar təşkil olunmalıdır. Çünki uşaqlar həmişə yarışmağı, güc göstərməyi sevirlər:

 

“Bu cür uşaq verilişlərinə böyük ehtiyac var. Bəzən uşaq verilişi, cizgi filmi gecə saat 11-də verilir. Təbii ki, bu həmin verilişi sevən uşağın yuxu rejiminə də təsir edir. Gec yatır ki, ona baxsın. Və ya uşaqlar günorta yatan vaxtda – 14-17 arası onların baxacaqları verilişləri efirdə vermək düzgün deyil. Bir də, yaxşı olar ki, uşaq verilişlərində xarici cizgi film personajları əvəzinə bizim milli elementlərimizi daşıyacaq “Cırtdan”, “Məlik Məmməd” və digər bu tip personajlardan istifadə olunsun”.

 

Psixoloq hesab edir ki, aparıcının intellektual səviyyəsi də yüksək olmalı, uşaqları doğru tanımalıdır. Bəzən aparıcı uşaq kimi danışaraq uşaq verilişini aparır. Əslində isə bu, düzgün deyil. Bundan başqa, uşaqlarla emosional kontakt - onlar kimi hiss etmək, onlar kimi davranmaq lazımdır.  Uşaq verilişlərində uşaqların yaşlarına uyğun olmayan danışıqlarına gəlincə, N. Rüstəmovanın sözlərinə görə, bu həm də valideynlərin səhvidir:

 

“Bunu təkcə verilişin yox, həm də ailə tərbiyəsinin günahı kimi görmək olar. Valideynlər evdə uşaqların nitqinə, danışığına, özünü aparmasına diqqət etməlidirlər. Sakit olsun, dağıdıb-tökməsin deyə özləri ilə bir yerdə uşaqların da seriallara baxmasına, böyüklər üçün verilişləri izləməsinə imkan verirlər. Ona görə belə hallar baş verir”, - deyə psixoloq bildirib.

Tanınmış diktor Ofeliya Sənaninin Publika.az-a söylədiyinə görə, gündəlik uşaq verilişini aparmaq bir qədər çətindir, çünki hər gün mövzu tapmaq tələb olunur. Bəzən də bu verilişlərə az vaxt qoyulur ki, bu da aparıcı üçün çətinlik yaradır. Keçmiş teleaparıcı uşaqların yaşlarından böyük danışdığı verilişləri bəyənmir və ümumiyyətlə izləmir:

 

“Bəzən uşaqları çoxbilmiş böyüdürlər. Məsələn, uşaq verilişdə danışır ki, atam işdən gəlir, anamı öpür. Aparıcı da ona sual verir ki, harada öpür ananı, o da cavab verir ki, yataq otağına keçirlər və orada öpür. Mən heç belə verilişlərə baxa bilmirəm. O, uşaqdı, başa düşmür danışır və aparıcı, gələn qonaqlar da ona gülürlər. Amma fikirləşmirlər ki, bu həmin uşağın həmişə yadında qalacaq. Əslində, uşaq verilişlərinə müxtəlif maarifləndirici, məsələn, yol hərəkəti qaydaları ilə bağlı mövzular qoyula bilər. Uşaq işıqforu tanıyar, rənglərini, qaydalarını bilər. Bəzən küçədə rastlaşırıq ki, uşaq işıqforda anasını eşitmir, qaçır ki, yolu keçsin. Bunları biləndə isə təhlükədən uzaq olmuş olar”.

 

Mütəxəssislər hesab edirlər ki, ümumiyyətlə, uşağın uşaq həyatı olmalıdır. Efirdən biliyi, əlifbanı, hesabı öyrənməlidir. Uşağa efirdə tərbiyəvi şeirlər oxumaq, gözəl nağıllar danışmaq, təxəyyülünü, məntiqini inkişaf etdirmək, rəqsə, idmana həvəsləndirmək olar.

 

Milli Televiziya və Radio Şurasının sədrinin müavini Qafar Cəbiyev də tamaşaçı və ziyalı  kimi uşaq verilişlərinin səviyyəsindən narazıdır. MTRŞ rəsmisinin Publika.az-a bildirdiyinə görə, bu baxımdan Şuranın televiziyalara təzyiq etmək imkanları yoxdur:

 

“Televiziya və Radio Yayımı haqqında” Qanun yayımçılara yaradıcılıq məsələlərində, proqram setkasını müəyyən etməkdə tam müstəqillik verir. Yəni MTRŞ televiziyaların yaradıcılıq işinə müdaxilə etmir və bu səlahiyyətinə malik deyil. Şura rəsmiləri, şura aparatının işçiləri ssenari yazan deyil, yazılmış mətnləri redaktə edən deyil, bu, bizim vəzifəmiz və borcumuz deyil. Bu, sırf yaradıcılıq məsələləridir və kanallar bu işə məsuldurlar. Haradasa uşaqların hüququ pozulursa, biz bu hallara münasibət bildirərik, ancaq tövsiyələr verə bilərik, iradlarımızı bildirə bilərik. Qaldı ki, haradasa uşaq verilişlərinə uşaqlar, onların maraqları ilə bağlı qanun pozuntuları olarsa, o halda Şura müvafiq tədbirlər görər.

 

Q. Cəbiyev hesab edir ki, uşaq verilişlərinin keyfiyyətli olması hamımızın arzusu olsa da, bütün hallarda arzu ilə, istəklə reallıqlar arasında həmişə məsafə olur. Onun sözlərinə görə, uşaq verilişlərinin səviyyəsi bütövlükdə cəmiyyəti qane eləmir. Elə bu səbəbdəndir ki, bir müddət öncə Azərbaycanda uşaq kanalının açılması məsələsini aktuallaşmışdı. MTRŞ rəsmisi bütün problemlərə rəğmən gələcəyə nikbin yanaşır və hesab edir ki, bunların hamısının zamana ehtiyacı var və tədricən düzələcək.

 

Məlumat üçün bildirim ki, qonşu ölkələrdə bu baxımdan gözəl nümunələr var. Məsələn, məşhur türk müğənnisi Barış Mançonun apardığı uşaq verilişi “Youtube”da hələ də izlənilir. Bu, onu göstərir ki, o, musiqiçi olsa da, uşaq psixologiyasını gözəl bilirdi, hər bir uşağa ciddi yanaşırdı, onun dünyasını meydana çıxarmağa çalışırdı və veriliş buna görə populyarlıq qazanmışdı.  

 

Digər bir məqam da ondan ibarətdir ki, bütün dünyada uşaqların kiçik yaşlarından tərbiyəsinin pozulması siyasəti həyata keçirilir. Cizgi filmləri, uşaq verilişləri vasitəsilə tərbiyənin pozulması, ailə dəyərlərinin itməsi uşağın artıq yeniyetmə yaşında pozğun düşüncəli birinə çevrilməsinə gətirir. Bu həm də ailə kultu mənəvi-əxlaqi normalar sisteminin daşıyıcısı kimi hər zaman üstün olan Şərqdə cəmiyyətin məhvi deməkdir. Bir misal çəkim, ötən ay britaniyalı siyasətçi Norman Lem mətbuatda geniş işıqlandırılan çox iyrənc açıqlama ilə çıxış etmişdi. O, bildirmişdi ki, uşaq telekanallarında homoseksual personajlardan geniş istifadə edilməlidir. Bununla bağlı öz mövqeyini telekanal rəhbərlərinə yazılı şəkildə göndərdiyini deyən siyasətçinin sözlərinə görə, belə məhdudiyyətlərin qoyulması insan haqlarının pozulması deməkdir.

 

Avropa Parlamentinin vitse-prezidenti, qurumda Avstriya yaşıllarının rəhbəri Ulrike Lunaçek siyasətə LGBT (lezbiyan, gey, biseksual, transseksual)  hüquqlarının müdafiəçisi kimi gəlib. Cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan Lunaçek 4 yaşlı uşaqlara “seksual tərbiyə və tədris”i nəzərdə tutan qanun layihəsini irəli sürmüşdü. Dəhşətli odur ki, bu ağlın və əxlaqın yiyəsi olan  adamlar yüksək vəzifə tutur və ictimai fikrə bu qədər təsir edə bilirlər. Bütün bunlar isə pozğun cəmiyyətə və əhalinin sayının azalmasına yönəlib.

 

Bütün insanlar eynidir, ölkələr yad olsa da. Bütün körpələr məsumdur, həm də hamısı bizim uydurduğumuz div və damdabaca nağıllarına eyni cür inanır. Əgər reallığı dəyişə bilmiriksə, gəlin körpələrimizi, heç olmasa, televiziyalara etibar etməyək.

 

Gülnar Əliyeva

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam