TÜRKİYƏNİN LİVİYA UĞURU AFRİKA MÜSƏLMANLARINDA ÜMİD YARADIB:Sahel xəttindəki ölkələr Fransanın nəzarətindən çıxa bilər -TƏHLİL
Bülənt Ərandaç
“Takvim”, Türkiyə, 22 iyun 2020-ci il
Yenixeber.org: Atalarımız necə də gözəl söyləyib: “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”.
Fransa məzlumların ahını çox alıb. Müstəmləkəçilikdə sərhəd tanımayıb. İllərlə Türkiyənin düşmənlərinə qucaq açıb. Bölücü terror təşkilatı PKK-nı qoruyub, ondan istifadə edib…
Bir gün gəldi, Türkiyə nəfəs borusunu kəsdikdə, qarşımızda ağlayan, dəlilik əlamətləri göstərən bir Fransa gördük. 100 il öncə Osmanlı İmperiyasını parçalamaq üçün dəzgah quran, gizli Sayks-Piko anlaşması ilə onun torpaqlarını bölüşən Fransa, sanki göstərdiyi təkəbbürlük bəs etməyib, hələ bir Türkiyədən NATO-ya şikayət də edib.
Nə olub ki, Fransa ağlamağa başlayıb? Güclü Türkiyə nələr edib ki, Fransa özündən çıxıb?
Bəli, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyindəki Türkiyə Fransanın nəfəsini kəsdikcə, ağlamağa başlayıblar.
100 il öncə Sayks-Piko anlaşması ilə Suriyaya əl qoymuşdular. İllərlə Suriyanı sömürdülər. Suriya və Livanın qanını əmdilər. Bir gün gəldi, Prezident Rəcəb Tayyib Ərdoğan, türk dövlət ağlı Suriyanın şimalında ABŞ-İsrail-PKK dəhlizini parçaladı, Fransanı nəfəsalabilməz duruma saldı. Bu ağıl rumlar, İsrail və Yunanıstanla qol-qola girərək, Aralıq dənizi qazı üstünə çökməyə çalışan Fransanı türk donanması ilə iflic vəziyyətinə saldı. Fransa Prezidenti Emanuel Makron, “De Gaulle” təyyarədaşıyan gəmisini rum limanlarına (Cənubi Kipr – tərc.) göndərdi. Fransızlar türk donanmasını və neft-qaz zondaj gəmilərini gördükcə, nəfəsləri kəsildi.
Onlar Liviya nefti üzərinə çökmüşdülər. Türkiyə Liviya ilə ortaq hərəkat həyata keçirərək, oyuncaqları olan Həftəri torpağa basdırınca, ağlamaq zorunda qaldılar. Dəliyə döndülər.
Ey Fransa, məzlumların ahını çox aldın. Liviyanı sömürməkdən başqa bir iş görmədin. Əlcəzairdə soyqırım rəzalətinə imza atdın. Bir gün gəldi, məzlumların gur səsi olan Rəcəb Tayyib Ərdoğanı qarşında gördükdə, utanmadan Türkiyədən şikayət etməkdən başqa çarə tapa bilmədin. Avropanı ayağa qaldırmağa çalışdın, bacarmadın. Artıq nəfəsiniz Türkiyəyə təsir etməz.
Lütfən, buradakı xəritəyə diqqətlə baxın.
Türkiyənin Liviyadakı qələbəsinin Afrikanın içərilərində Fransanı pərişan edəcək hadisələri dəstəkləyəcəyi görünəcəkdir. Bu gün imperialist Fransa, İngiltərə və ABŞ-ın qoruyub mühafizə etdiyi Sahel xətti (Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan, məhsuldar torpaqlara malik tropik savanna bölgəsi – tərc.) də əski parçasına dönəcəkdir.
Fransa, öz müstəmləkəsi olan Afrika ölkələri müstəqillik əldə etdikdən sonra bu ölkələrdə təhlükəsizliyi təmin etmək adı altında əldə etdiyi anlaşmalarla qitədə hərbi varlığını davam etdirir. İmperialistlər Şimali Afrika ölkələri ilə Səhraaltı arasına Sahel xətti quraraq, Afrikanın müsəlman ölkələrini bölmüşlər.
Mərakeş, Əlcəzair, Tunis və Liviyanın altında qurulmuş bir Sahel xətti vardır. Fransa bunun altındakı müsəlman bölgəsində – Seneqal, Mavritaniya, Mali, Burkina-Faso, Niger, Nigeriya, Çad, Sudan və Eritreyada öz ordusunu saxlamaqdadır. Bu ölkələrin qanını əmməkdə, mədənlərinə əl qoymaqda, ona xidmət etməyən liderlərini devirməkdə, oyuncaq adamlarla Sahel xətti altında istədiyini etməkdədir.
Nəticə: Türkiyənin müsəlmanların gur səsi olan, əzilənlərə sahib çıxan Prezident Ərdoğanın liderliyində Liviyada əldə etdiyi qələbə yalnız orada qalmayacaq. Sahel xətti altındakı müsəlman ölkələri üçün də ümid qaynağı olacaqdır. Müstəmləkəçi Fransanın nəfəs borusu qapanacaqdır.
Tərcümə: Strateq.az