Yenixeber.org: Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart, 2004-cü il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri 2005-ci il, 3 may tarixli qanunla təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Onun 5 üzvü prezident, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə prezidenti, Milli Məclis sədrini və Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini onun sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, müzakirəyə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.
Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Qurumun iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir.
Komissiyanın tərkibinə icra hakimiyyətindən Prezident Administrasiyasının rəhbəri, daxili işlər naziri, Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələləri üzrə köməkçisi – şöbə müdiri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi daxildir.
Milli Məclisin təyin etdiyi üzvlər isə sədrin müavinlərindən biri, aparat rəhbəri və deputatlardan ibarətdir. İyunun 5-də Milli Məclis bu heyəti müəyyən edib. Vitse-spiker Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Komissiyanın üzvləri təyin olunublar.
Konstitusiya Məhkəməsinin təyin etdiyi üzvlər isə adıçəkilən qurumun sədrindən, ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədrindən, Baş Prokurordan, Ali Məhkəmənin sədrindən və Komissiyanın katibindən ibarətdir.
Zəruri haşiyə kimi qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 2-ci maddəsi korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərini müəyyənləşdirir. Komissiya təşkil edilərkən bu qanunun tələblərinə əməl olunmayıb. Belə ki, həmin maddəyə görə;
-dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər, xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər,
-inzibati vəzifə tutan dövlət qulluqçuları,
-dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər,
-dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər,
-yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər, yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər,
-dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər,
-öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər,
-vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər korrupsiyaya dair hüququpozmaların subyektləri sayılır.
Məlumdur ki, hakimiyyətdə aparılan struktur və kadr dəyişikləri çərçivəsində Korrupsiyaya qarşı mübarizə Komissiyasının tərkibi də yenilənir. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri keçirilir və bu kontekstdə adıçəkilən qurumun fəaliyyətinin aktivləşdirilməsi nəzərdə tutulur.
Komissiya 16 il fəaliyyətdə olsa da, onun fəaliyyəti indiyədək hiss olunmayıb, nə iclaslar keçirib, nə apardığı monitorinqləri, hesabatları açıqlanıb. Bunun əsas səbəblərindən biri qurumun tərkibi ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda korrupsiya hüquqpozmalarının əsas subyektləri sayılan dövlət qurumlarının nümayəndələri qurumda təmsil olunur. Məlumdur, Azərbaycanda baş verən əsas korrupsiya cinayətlərinin bir hissəsi elə Komissiya üzvlərinin nəzarət etdikləri sahələrə aiddir. Bu zaman təbii şəkildə yaranan maraq toqquşması Komissiyanın fəaliyyətini iflic edir. Təcrübədən çıxış etsək, görərik ki, yaxın tarixdə baş verən korrupsiya qalmaqalları ilə bağlı aparılan həbslər, məhkəmə araşdırmaları Komissiyanın fəaliyyəti ilə əlaqəli olmayıb.
Məsələn, 2015-ci ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri elə bu Komissiyanın üzvü idi. Bu qurumda üzə çıxan cinayətlərin sayı-hesabı yox idi. Yaxud, Rabitə Nazirliyinin az qala bütün rəhbərliyi korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilmişdi. Amma Korrupsiyaya qarşı Mübarizə Komissiyası hadisələrə ümumiyyətlə, münasibət bildirməyib.
Məntiqlə, bundan sonra qurumda təmsil olunan hansı nazirlik öz sahəsində baş verən neqativ halların müzakirəyə çıxarılmasına imkan verər? İndi cəmiyyətin əsas gözləntisi ondan ibarətdir ki, yeni komissiyanın tərkibi necə formalaşdırılacaq? Bu zaman əvvəlki fəaliyyət prinsiplərindən, mexanizmlərdən imtina olunacaqmı, maraq toqquşmalarına yol veriləcəkmi, ictimai nəzarətin təşkili üçün hansı imkanlar yaradılacaq?
Əgər hökumət bu qurumun imkanlarından istifadə etməklə korrupsiyaya qarşı mübarizəni gücləndirmək istəyirsə, mütləq qaydada ənənəvi tərkibdən və iş prinsiplərindən imtina etməlidir. Əvvəla, Komissiya daimi işləyən, tam müstəqil quruma çevrilməlidir, onun rəhbəri ya prezident özü, yaxud Milli Məclis sədri olmalıdır. Bu müstəqillik onun funksional və maliyyə təminatında tamamilə əksini tapmalıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda korrupsiya hüquqpozmalarının əsas subyektləri kimi göstərilən təşkilatların nümayəndələri quruma daxil edilməməlidir. Eyni zamanda, bu Komissiya prezident və Milli Məclis qarşısında indiki kimi dolayı yox, birbaşa hesabatlı quruma çevrilməlidir.
Hesabatlılıq məsələsində hazırkı vəziyyət bərbaddır. Korrupsiya subyekti sayılan qurumların rəhbərləri özlərinin qarşısında necə şəffaf və hesabatlı ola bilər?
Müstəqil şəxslərlə bərabər, vətəndaş cəmiyyətinin, medianın, sahibkarlıq subyektlərinin nümayəndələri yeni tərkibə daxil edilməlidir. Burada vacib bir nüans var ki, elə bu şəxslərin də cəmiyyətdəki imici, fəaliyyəti o qədər şəffaf olmalıdır ki, Komissiyaya ictimai etimadı ləkələməsin.
Milli Məclisin təsdiq etdiyi heyət təəssüf ki, bu istiqamətdə müsbətə doğru ilk addım olmadı. Çünki 5 nəfərlik heyət üzvlərinin əksəriyyəti adı korrupsiya qalmaqallarında hallanan, icra hakimiyyətində və hüquq-mühafizə orqanlarında yüksək vəzifəli qohumları olan şəxslərdir.
Şübhəsiz ki, qurumun Əsasnaməsi, təyinetmə proseduru dəyişdirilməsə, icra hakimiyyətinin və Konstitusiya Məhkəməsinin təyin etdiyi üzvlər əvvəlki qaydada yüksək vəzifə sahibləri olacaq. Bu da korrupsiyaya qarşı effektiv mübarizə siyasətinin formalaşdırılmasını və icra olunmasını ləngidəcək. Mahiyyət etibarilə heç nə dəyişməyəcəksə, Komissiyanın rəhbərinin Ramiz Mehdiyev, üzvlərinin Ramil Usubov, Mədət Quliyev və s. olmamasını yenilik, inkişaf kimi təqdim etmək mümkün olmayacaq.
Korrupsiya dinamik, sürətli prosesdir, onun qarşısının alınması çevik siyasət, effektiv nəzarət mexanizmləri, şəffaf monitorinq sistemi tələb edir. Bu konteksdə Komissiyanın məhdud texniki, fiziki imkanlara malik olan Katibliyinin də səlahiyyətləri, resursları ciddi şəkildə genişləndirilməlidir. İndiki halda əksər dövlət qurumlarının korrupsiyaya qarşı fəaliyyətini əlaqələndirməli olan Katiblik bir neçə işçi ştatına, xırda texniki imkanlara sahibdir.
Komissiyanın maliyyə resurslarına gəlincə, bu istiqamətdə də dəyişikliklərə ehtiyac var. Üzvlərin maliyyə təminatı tam müstəqil olmalı, başqa təşkilatlardan, qurumlardan hər hansı asılılığı olmamalıdır.
Yekunda onu qeyd etmək vacibdir ki, Komissiyanın tərkibi formalaşdırılarkən beynəlxalq təşkilatların tövsiyələri, xüsusən inkişaf etmiş ölkələrin korrupsiyaya qarşı uğurlu təcrübələri nəzərə alınmalıdır. Bu istiqamətdə təkcə üzvlərin dəyişdirilməsi yox, kompleks şəkildə islahatların aparılması zəruridir. Qanunların yenilənməsi, ictimai nəzarət qurumlarının Komissiyanın işinə cəlb edilməsi, onun müstəqilləşdirilməsi, ictimai etimada sahib olması ən vacib şərtlərdən biridir.(pressklub)
Turqut