Polşada qul kimi çalışan azərbaycanlılar:“12 saat işləyirik, maaş da yaxşı deyil”
Azərbaycanlı işçilər üçün Polşada yaşanan həyat Avropa xəyalından uzaqdır. Özü də lap çox uzaqdır.
Yenixeber.org: “12 saatlıq işdən sonra evə qayıdıram, evdə əlimə nə keçdi, tez yeyirəm və yatıram. Bu, həyat deyil. Mənim gündəlik işim hər gün eynidir”. Polşada yaşayan azərbaycanlı mühacir Kamran belə bir həyat yaşayır. Qərbin nəzarətində olan “oc-media.org” saytı belə yazır.
Kamran (bu, onun əsl adı deyil) 2018-ci ildə Azərbaycandan Polşaya köçüb. Çexiya ilə sərhədə yaxın, cənub-şərqdə yerləşən Skoczov şəhərində avtomobil sənayesi üçün hissələr istehsal edən fabrikin anbarında çalışır. Həftənin altı günü 12 saat işləyir.
Bu fabrik şərqidə Avropa millətlərinin nümayəndələri çoxdur. Azərbaycanlılar, ukraynalılar, gürcülər və ermənilər burada yan-yana çalışırlar. Onlar yerli işəgötürənlər tərəfindən ucuz və etibarlı işçi qüvvəsi hesab olunurlar.
Kamran qısamüddətli yaşayış icazəsi ilə Skoczovda yaşayır. Keçmiş jurnalistdir. O deyir ki, Azərbaycanda aldığı 350 dollar (600 manat) maaşla həyat yoldaşı və iki uşağını yaxşı dolandıra bilmirmiş.
“Azərbaycanda yaxşılığa doğru dəyişikliyə ümidim yox idi. Heç olmasa indi ailəmə dəstək olmaq üçün Bakıya bir az pul göndərə bilərəm. Ümid edirəm ki, tezliklə onları Polşaya gətirə biləcəyəm”.
2015-ci ildə neftin qiymətinin kəskin aşağı düşməsi ilə baş verən tənəzzül Azərbaycanda hər kəsə təsir göstərdi. Bu proses əsasən gənclərin Avropa Birliyinə, Türkiyəyə və Rusiyaya getməsinə səbəb oldu. AB-nin statistik orqanı olan “Eurostat”-a görə, 2018-ci ildə 30.000 Azərbaycan vətəndaşı Avropanın müxtəlif ölkələrində qeydiyyata alınıb. Bu say çox güman ki, reallığı əks etdirmir, çünki bir sıra ölkələrin, o cümlədən Fransa və İspaniyada yaşayan azərbaycanlıların sayı bu hesablamaya daxil edilməyib.
Avropadakı azərbaycanlıların böyük əksəriyyəti Almaniyada yaşayır, lakin Polşanın sürətlə inkişaf edən iqtisadiyyatı Azərbaycandan getdikcə daha çox miqrant işçi cəlb etməyə başlayıb. Polşa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2017-ci ildə Polşada yaşayan Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə yeddi dəfə artıb.
Azərbaycan vətəndaşlarından Avropada işləmək üçün viza almaları tələb olunur. Kamran deyir ki, viza ucuz işçi qüvvəsi ilə çalışan vasitəçilər tərəfindən təşkil olunur və bunun üçün hər işçi 2000 avro ödəyir.
Ancaq bir çox miqrant-işçi Polşaya gəlməzdən əvvəl vəd edilmiş işlərlə təmin olunmur. Bu səbəbdən də onlar narazıdırlar. Kamran deyir ki, bir çoxları vəd olunmuş yaxşı işin yerinə pis iş şəraiti olan fabriklərdə işlə təmin olunurlar.
“Bəzi fabriklər, məsələn, dəri fabriki insan sağlamlığı üçün çox zərərlidir. Orada işləyən bəzi gürcülər istifadə olunan zərərli kimyəvi maddələrə dözə bilmədilər, sonda işi atıb getdilər”.
Polşada bizim kimi işçilərə daha çox işləmək tövsiyə olunur. Polşa qanunlarına görə, bu ölkədə işçilər normal olaraq gündə 8 saat və həftədə 40 saat işləməlidir. Ancaq bu məhdudiyyətə məhəl qoyan yoxdur. Əlavə işə görə isə cüzi pul ödənilir və ya mənzil haqqı əvəzinə əlavə çalışırsan.
Müqaviləyə əsasən Kamran rəsmi olaraq 8 saat çalışır və 2600 złotı ( 660 dollar) maaş alır. Lakin o, “oc-media.org” saytının əməkdaşına etiraf edib ki, gündə 12 saat işləyir. Qeyri-qanuni iş vaxtına görə isə ayda 400 zlotı (100 dollar) əlavə qazanc əldə edir. Hər ay ailəsinə 500 avro (550 dollar) göndərir.
Polşada çalışan miqrant-işçilərin əmək haqqı və iş şəraitinin yaxşılaşdırılması üçün real iş görən bir təşkilat yoxdur. Miqrantlara onlara bu mübarizədə kömək edə biləcək həmkarlar ittifaqı və ya vəkillə əlaqə yaratmaq çətindir. Bir qayda olaraq onlar bu kimi təşkilatlara qoşulmaq üçün müraciət etmirlər. Avropa Miqrasiya Şəbəkəsinin nümayəndəsi Agata Zurav deyir ki, xaricdən gələn işçilər qanuni hüquqlarını tələb etməkdən qorxurlar, çünki bu, onlara Polşada qalmağa və yeni iş müqaviləsi əldə etməyə mane ola bilər.
“Polşadakı miqrantlar qanuni hüquqları ilə maraqlanmırlar. Yalnız pul haqqında düşünürlər". Polşada azərbaycanlı miqrantlar üçün müqavilələr bağlayan vasitəçi Elşən (əsl adı deyil) deyir ki, o, keçən il 100-ə yaxın miqrant üçün iş axtarıb. Fabriklər və tikinti firmaları ilə müvəffəqiyyətlə imzalanan müqavilələr əldə edib.
“Bəziləri deyirlər ki, miqrantlara iş vəd olunur. Onları aldadaraq pul alırlar. Əslində, onlar buraya heç bir iş və ya yaşayış yeri olmadan gəlirlər, sonra pullarının olmadığına təəccüblənirlər”. Elşən deyir ki, bəzən o, miqrantlara pulsuz da kömək edir.
Azərbaycanlı miqrantlar Elşənı sosial şəbəkələrdəki reklamlar və ya qarşılıqlı tanışlıqlar vasitəsilə tapırlar. “oc-media.org” tərəfindən araşdırılan bir neçə “Facebook” qrupu azərbaycanlılara Polşadakı fabriklərdə və ya inşaat sektorunda işləməyi təklif edirlər. Onlara 12 və 15 zloty (3.00 -3.80 dollar) arasındakı saatlıq əmək haqqı vəd olunur. Halbuki Polşada bir saat işə görə minimum ödəniş 17 zlotıdır (4.40 dollar).
“Ukraynalılar, özbəklər, qazaxlar, induslar və azərbaycanlılar quşçuluq təsərrüfatlarında və yerli sakinlər üçün məqbul olmayan, iş şəraitinin çox çətin olduğu yerlərdə çalışırlar. Polyaklar elə yerlərdə işləmək istəmirlər”, - Elşən deyir.
Teymur daha yaxşı bir iş tapmaq məqsədi ilə ailəsi ilə 2017-ci ildə Varşavaya köçüb. “Mənim aylıq əmək haqqım 700 manat ( 410 dollar) idi. Bu maaşla ailəmi dolandıra bilmirdim. Bu, mümkün deyildi”.
Əvvəlcə o, ailəsi ilə Kanadaya köçməyi planlaşdırmışdı. Bir agentlik ona lazımi sənədləri təmin etməyə və iş tapmağa kömək edəcəyini vəd etsə də, sonradan yalnız Polşaya gedə biləcəyini söylədi.
"Mən artıq agentliyə 4500 avro (5000 dollar) - hər ailə üzvünə görə 1500 avro ödəmişdim. Mənə Polşada 1000 avro (1100 dollar) maaş verən bir iş tapa biləcəyimi söylədilər", - Teymur deyir. Varşavada hər şey söz verildiyi kimi olmadı. Teymur kababxanada 2200 zlotı (560 dollar) maaşla iş tapdı.
“Mənim kirayə haqqım 1600 zlotı (380 dollar) idi. Bu maaşla ailəmi təmin edə bilmirdim. Nəhayət, tikinti sektorunda başqa bir iş tapdım, ancaq son əmək haqqımdan 1200 zlotı (300 dollar) kəsdilər. Əmək qanunvericiliyinin icrasına nəzarət edən dövlət orqanı Milli Əmək Müfəttişliyinə şikayət etmək istədim. Bir ildən çoxdur ki mənə məhəl qoymurlar”.
“oc-media.org” saytı miqrant işçilərin hüquqları ilə bağlı suallarla Polşanın Milli Əmək Müfəttişliyinə və Ümumdünya Polşa Həmkarlar İttifaqları Alyansına müraciət edib, ancaq cavab ala bilməyib.
Varşava Universitetinin Miqrasiya Tədqiqatları Mərkəzində dərs deyən doktor Vitold Klaus, sayta bildirib ki, Polşadakı zəif qanunvericilik bazası qeyri-hökumət təşkilatlarının (QHT) miqrantların hüquqlarının təmin olunmasına kömək etməsini çətinləşdirir.
Vitold Klaus deyir ki, az sayda miqrant hüquqi yolla öz istəyinə çatmaq istəyir. Çünki bu yol onlar üçün çox mürəkkəbdir. Miqrantlar məhkəmə zamanı Polşada olmadıqları təqdirdə prosesdə iştirak edə bilməzlər. Çünki məhkəmə prosesinin özü miqranta Polşada qalmaq hüququ vermir. Bundan əlavə, bütün məhkəmə işləri polyak dilindədir və hökumət tərcümə xərclərini ödəmir.
Bu ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Polşadakı azərbaycanlı miqrantlara pulsuz hüquqi dəstək göstərməyə başlayıb. Komitənin nümayəndəsi Rəsul Məmmədov sayta bildirib ki, qurum bu günə qədər ayrıseçkiliklə bağlı yalnız üç şikayət alıb, baxmayaraq ki, bu kimi halların sayı ciddi şəkildə çoxdur.
Elbəyi Həsənli, Sürix
https://oc-media.org/features/this-is-no-life-the-disillusionment-of-azerbaijani-migrants-in-poland/