İmam Xomeyninin Heydər Əliyevə yazdığı itmiş “məxvi məktub”u-ARAŞDIRMA
I Hissə
Yenixeber.org: Azərbaycanın beş addımlığında sivilizasiyalar üz-üzə dayanmışdı. Qədim sivilizasiyaların toqquşması dünyanın bütün qitələrini lərzəyə gətirmişdi. Bu toqquşmalarda qədim bir sivilizasiya məhv olub gedir, dünya tarixindən silinir... lap qədim, vaxtilə ölüb getmiş bir sivilizasiya isə yeni qiyafədə gəlirdi. Bütün bunlara rezonans demək olmazdı hələ. Çünki bu toqquşma hələlik bir regionu silkələmişdi. Kremlin strateqləri bu sivilizasiya dalğasının daha geniş aspektdə hiss olunmasını bildikləri üçün hazırlıq gördülər... Yeni sivilizasiyanın dalğaları 2500 il tarixi olan qədim bir səltənəti, dünyaya müəyyən mərhələlərdə hökümranlıq edən Pəhləvilər İmperiyasını əzib, tökmüşdü.
Azərbaycanın İranla sərhəd rayonlarının sərhəd düşərgələrində təhlükəsizlik sistemi bir az da gücləndirilmiş, sərhəd yaşayış məntəqələrində nəzarət artırılmışdı. Moskva İran inqilabının həm Azərbaycana, həm Orta Asiyaya, həm ölkənin müsəlmanlar yaşayan regionlarına eksport edilə biləcəyindən ehtiyat edirdi.
Fakt bu idi ki, dünya yeni bir modellə “İslam Modeli” ilə üz-üzə dayanmışdı. Və bu modeli dünyanın böyük bir hissəsi hələlik qəbul edə bilmirdi. Bu proseslərdə maraqlı bir paradoks var idi; dünyanın aparıcı və inkişaf etmiş ölkələri gözləyirdilər ki, İranda yenidən bir inqilab dalğası baş qaldıracaq... Xomeyni hakimiyyəti devriləcək... İran parçalanıb, töküləcək. Hətta Pentaqonun Strateji Araşdırmalar Mərkəzinin qənaətincə Xomeyni inqilabı “...beş gündən sonra...” devriləcək... halbuki sivilizasiyaların toqquşmasından doğan bu inqilab, baş verən proseslərin tarixi-məntiqi nəticəsi olaraq qalırdı.
Sovet İttifaqında da mənəvi-psixoloji durum dəyişirdi: hakimiyyətdə baş verən dəyişikliklər, Siyasi Bürodakı ağlasığmaz çəkişmələr... və nəhayət M.Qorbaçovun hakimiyyətə gəlişi...
Araşdırma materiallarında İran tarixçisi professor A.Məhəmmədpur məsləhət görürdü ki, ölkəsinin tarixini qələmə alan alim və tədqiqatçılar bu işlərdə tələsməsinlər... tarixi qabaqlamasınlar. Çünki “...Şahın getməsi, İmamın gəlməsi...” dünya tarixinin yeni bir səhifəsini əhatə edəcək... Cənab Heydər Əliyev bu istiqamətdə öz Kreml həmkarlarına bir açıqlama versə, bu İran tərəf üçün gözlənilməz və maraqlı olar... İranlı professorun Heydər Əliyevlə şəxsi dostluğu və münasibətləri də olub. (1994-cü ildə Heydər Əliyevi Tehranda qarşılayan şəxslərdən biri də o idi.) Professor məktublarının birində yazır: “Siz, cənab Heydər Əliyev islam inqilabının sivilizasiyanın hansı mərtəbədə dayanmasını və onun nə demək olduğunu bir müsəlman rəhbər, siyasi xadim kimi bilirsiniz. Biz belə fikirləşirik ki, Siyasi Büronun “İranda nə baş verir?”- sualına Sizdən tutarlı və aydın cavab verən olmaz...”
Araşdırma materiallarına görə Qərb ölkələri, həmçinin ABŞ İran İslam İnqilabını çox səhv nöqteyi-nəzərdən təhlil edir, hesabatlar və tədqiqatlar yanlış mövqedən izah olunurdu. Amerikalı siyasətçi, professor H. Kisincerin fikrincə belə inqilabların heç bir dayağı olmur və tezliklə sıradan çıxır. Çünki “...bu inqilab tarixin batmış və bir daha diriləcəyi təsəvvür olunmayan sivilizasiyasıdır. O nə dirilə bilər, nə də dünyaya hakim kəsilə bilər...”
Tədqiqat materialları isə tamam ayrı bir mənzərəni göstərir və qeyd olunur ki, bəşər tarixində yeni bir həyatın səhifəsi açılıb; bu XX əsrin sonunda axarını götürən və XXI əsrin, ola bilsin XXII əsrin... sonlarınadək davam edən və bərkiyən qlobal islam sivilizasiyasıdır. Bu sivilizasiyanın görünən və görünməyən problemləri müasir dünyanın, yaşadığımız cəmiyyətin inkişafına təsiri olduqca böyükdür. Onu inkar etmək olmaz. Dünya bölünür. (Şübhəsis, bölünmüş dünyanı daha heç kəs bölmək istəmir. Amma buna baxmayaraq, o bölünür.) İdeologiyalar yorulub, əldən düşüb. Artıq hər kəs öz fikrinin ideoloquna çevrilib. Baş verən hadisələr, daha dəqiq desək, Pəhləvilər sülaləsinin Şərq dünyasından silinib itməsi nəticədə yeni bir qloballaşmağa meyili olan islam tendensiyasının görünməsi... sadəcə dərk olunmalı idi. Bu tendensiya dünyaya göstərdi ki, humanizm və demokratiya ideyaları, siyasətdə və cəmiyyətdə modern planları bir çox tədqiqatçıların fikrincə heç də təkcə qərbdən gəlmir. Məsələn, mənim tarixin sınağından çıxan və heç vaxt bəzək götürməyən adət, ənənəm ən gözəl və ən ciddi demokratiyadır. Maraqlıdır ki, İran İslam İnqilabında islam dininin heç bir mifik atributları rol oynamadı və bu istiqamətdə düşünməyə vaxt da qalmadı.
Heydər Əliyev bu siyasi yerdəyişmələrdə, bu toqquşmalarda həyatdan və cəmiyyətdən silinib gedəni də görürdü (İran Şahı nəzərdə tutulur), həyatda və cəmiyyətdə, siyasi səhnəyə gələni də (İmam Xomeyni). Bütün toqquşmalarda, bütün sahələrdə Azərbaycan qorunmalı idi. Ərazi özünün Avropaya və Asiyaya açılan çıxış qapılarını heç cür bağlaya bilməzdi. İrandakı zərbə dalğası istər-istəməz ilk növbədə qonşu ərazilərə öz təsir gücünü göstərməli idi.
İrandakı sivilizasiyaların toqquşması bütün dünyanın ideologiyasından və quruluşundan asılı olmayaraq nizamını pozurdu. Eramızdan əvvəl 500-428-ci illərdə yaşayan antik dünyanın filosoflarından olan Anaksaqorun “Zəka Kainatı hərəkətə gətirib” və yaxud “Zəka hər şeyin qurucusu və səbəbkarıdır”... fikrini tarix bir daha təsdiq edirdi. Bir mənalı şəkildə dərk olunmalı idi ki, İranda zəka-islam zəkası qalib gəlmişdi. O zəka ki, dünya filosoflarının əsərlərində birdəfəlik ölmüş hesabında idi. Şüurlarda və qlobal fikirlərdə sonsuzluq yaradan Demokratiya anlayışı faktiki olaraq məğlub olmuşdu. O insanlığa və ləyaqətə ağır zərbələr vuran, cəmiyyətlərdə qarışıqlıq salan, fikirləri çaşdıran beynəlxalq terrorizmə, korrupsiyaya, hər cür dövlətçilik ənənələrini qıran, qədim adət və ənənələri kölgələyən eybəcərliklərə, haqsızlıqlara və ədalətsizliklərə... məğlub olmuşdu. Demokratiya – antik düşüncədən başqa bir şey deyildi. “Eybəcər hala salınmış Qərb Demokratiyası... İranda məğlub olmuşdu”(İ.Parker).
Araşdırmalar göstərir ki, İranda baş verən inqilabın dalğası xüsusən Azərbaycan ərazisində ictimai-siyasi mühitdə özünü göstərməkdə idi. Adamlar qonşu ərazidə İmamın görünməsini, peyda olmasını Allahın hökümlərindən biri kimi qəbul edirdi. Hesablamalara görə 1979, 1980-cı illərdə Azərbaycanın sərhəd bölgələrindən İmam Xomeyninin adına minlərlə məktub göndərilmişdi.
Azərbaycanda harmoniyanın pozulması, insanlar arasında İmama olan hörmət və ehtiram məsələsi Moskvanı narahat edirdi. “Vaşinqton post” yazırdı ki, Azərbaycan şiə respublikası kimi Tehranı özünə daha ciddi şəkildə cəzb etmişdi. Bakı bütün bunları qanunauyğun bir hal kimi qəbul edirdi. Siyasi Büronun 1979-cu ilin oktyabrın 11-də keçirilən məxvi və ya qapalı iclasında Heydər Əliyevin “İran İslam İnqilabının Azərbaycan ərazisində görüntüləri” haqqında məlumatları dinlənilməli idi. Bu məsələlərdə ölkənin Cənub zonası daha həssas idi. Bütün bunların fonunda Tehran həm də narahat idi. Qəribə bir paradoks yaranmışdı. Məsələn 1962-ci il 15 sentyabrda həm İran, həm də Sovet İttifaqı biri-birilərinə verdikləri notada qeyd olunurdu ki, İran tərəf heç vaxt öz ərazisində xarici dövlətlərin hərbi bazalarına icazə verməyəcək. Digər tərəfdən heç bir ölkəyə icazə verilməyəcək ki, İran ərazisindən Sovet İttifaqına qarşı istifadə olunsun...
Bu gün isə həmin məsələni Sovet İttifaqı qoydu. Qeyd olundu ki, Sovet İttifaqı imkan verməyəcək ki, onun ərazisindən İran İslam Respublikasının əleyhinə nə isə bir iş görülsün... Həmin vaxt Parisdə nəşr olunan “Fiqaro” qəzeti isə Siyasi Büroda qapalı keçirilən iclasdan məlumat verirdi. Qəzet kəşfiyyat materiallarına istinadən (1979-cu il, 13 oktyabr) açıqlama verirdi ki, Kreml Siyasi Büronun üzvlüyünə namizəd olan Heydər Əliyevin İran İslam Respublikası haqqında məlumatlarından sonra, Mərkəzi Komitə Yanında fəaliyyət göstərən İctimai Elmlər Akademiyasında ayrıca “Müasir İran” bölməsi açıldı. Kəşfiyyat generalı N. Kirpiçnikov bölməyə başçılıq edəcəkdi. Kreml Tehrandakı diplomatını-səfirini geri çağırmağa hazırlaşırdı. Səfir V.Vinoqradov artıq öz missiyasını yerinə yetirmişdi.
Tehran faktoru Siyasi Büroda Heydər Əliyev nüfuzunu xeyli artırmışdı. Tehran (İmam Xomeyni) Moskva ilə bütün danışıqlarını Bakı vasitəsilə (Heydər Əliyev vasitəsilə) aparırdı. Londonda nəşr olunan “Qardian” qəzeti isə xəbər verirdi ki, “Moskva müsəlman Azərbaycanın rəhbəri olan, Siyasi Büroda nüfuza malik olan Heydər Əliyevlə İranı ram edir... Onun siyasi baxışları, sərt dövlətçilik ənənələri, müsəlman dünyasına və islam aləminə güclü meylli olması... bütöv Şərqdə diqqət mərkəzində idi...”
Həmin vaxt Kremldən çox maraqlı və təhlilə ehtiyacı olan bir məlumat sızdırıldı. SSRİ MN-i D.F.Ustinov Siyasi Büroya Heydər Əliyevin İran İslam Respublikasına səfir göndərilməsi məsələsini qoydu. Lakin “Правда” qəzeti A.Qromıkoya istinadən xəbər verdi ki, bu məlumatın əsası yoxdur. Bu məlumatla bəzi liderlər, nüfuzlu şəxslər H.Əliyevin müsəlman aləmindəki artan nüfuzundan narahat olublar... H.Əliyev Siyasi Büroda ona qarşı açılan cəbhəni artıq görürdü. Tehranda isə ölkənin ictimai-siyasi mühiti formalaşmamış, islam inqilabının siyasi, fəlsəfi mahiyyəti hələlik tam mənada insanlara şərh olunmamışdı. Heydər Əliyev ölkədəki baş verə biləcək parçalanmalardan xəbərdar idi. Məsələn inqilabın əsas ideoloqlarından hesab olunan Ayətullah Müntəziri ilə İmam Xomeyni arasındakı parçalanma hamını çaşdırmışdı. Qərb bu istiqamətdə Ayətullah Müntəziri tərəfə güclü şəkildə meyl edir, Pakistan, Hindistan, Türkiyə, İraq və Suriyə vasitəsilə ... ona yardımçı olmağa çalışırdılar. Başqa bir islam ideoloqu Ayətullah Lənkərani isə islam ideyalarının, islam inqilabının Azərbaycana eksport edilməsini tələsdirirdi.
Araşdırma materiallarına görə 1979-cu ilin noyabrın 1-də İmam Xomeynidən icazəsiz İslam İnqilabının liderləri Setifdə yığıncaq keçirməyi qərara almışdı. Bu elə bir vaxt idi ki, ölkədə dini-kiçik burjuaziyanın və liberal-burjuaziyanın arasında hakimiyyətin əldə saxlanılması istiqamətində çarpışma gedirdi. İmam Xomeynidən xəbərsiz keçirilən yığıncağı nəzərdə tutulan Setif (Əlcəzair) məxvi yığıncağında Baş Nazir Mehdi Bazarqan, Xarici İşlər Naziri E.Yəzdi və ABŞ Prezidenti C. Karterin müşaviri Z.Bjezinski iştirak etməli idi. Məlumata görə cənab Z.Bjezinskinin müzakirəyə çıxaracağı məsələlərdən biri Cənubi Azərbaycan məsələsi idi. O, Təbrizdə, Ərdəbildə, Urmiyyədə... əsasən ucqar kəndlərdə, yaşayış məskənlərində, Sovet İttifaqı ilə sərhəd regionlarında, Naxçıvan və Lənkəran-Astara... bölgələrinə yaxın ərazilərdə azərbaycanlılara qarşı kütləvi qırğın planlarını həyata keçirmək idi. Nəticədə baş verən çaxnaşmaların tör-töküntülərini Sovet İttifaqı ərazisinə (Azərbaycan ərazisinə-R.N.) atmaq nəzərdə tutulurdu. Vaşinqton belə zənn edirdi ki, Bakı bundan sonra ayağa qalxacaq, Tehranda qarşıdurmalar artacaq və s. Başqa bir məlumatda isə qeyd olunurdu ki, Setif məxvi yığıncağında İranın XİN-də kiçik bir vəzifə sahibi olan Mustafa Cəlali də iştirak edəcəkdi.(ardı var)
Rövşən Novruzoğlu:
Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor