Əbülfəs Qarayevin Panamayadək gedib çıxan “mədəni” korrupsiyası...
Yenixeber.org: İlin əvvəlində mədəniyyət naziri Əbülfəs Qarayevin Panamada böyük bir şirkəti olması haqda məlumat yayılmışdı. Panamada 448783 saylı lisenziya ilə nazirin adına qeydiyyatdan keçən “RİMBA S.A.” şirkətinin fəaliyyət tipi isə “anonim” göstərilmişdi... Nə işlə məşğul olduğu bilinməyən, amma böyük dövriyyəsi olan şirkətin Azərbaycanda filialının yaradıldığı da qeyd olunmuşdu... (Bunları təsdiqləyən çıxarış-screenlər yazıya əlavə edilir-red.)
Azərbaycandakı filiala da sabiq deputat, Əbülfəs müəllimlə sıcaq əlaqələri olan “mədəniyyət incisi” Hüseynbala Mirələmovun nəzarət etdiyi bildirilirdi. Rəsmi sənədlər onun yaxın adamı Mayıl Kərimovun adına sənədləşdirlib. Bundan başqa, Panamadakı şirkətin Direktorlar Şurasına H.Mirələmovun oğlu Fərid Mirələmovun da daxil edildiyi qeyd olunur...
Və buradan da aydın olur ki, Hüseynbala müəllimin mənasız ssenariləri hansı səbəbdən teatrlarda bəh-bəhlə səhnələşdirilirdi. Hətta aktyorlar, teatr rəhbərləri də bundan bezmişdilər... Nəsə, mətləbdən uzaqlaşmayaq.
Həmin günlərdə media təmsilçiləri çox çalışmışdılar ki, Mədəniyyət Nazirliyindən, Əbülfəs müəllimdən bu məsələyə dair açıqlama alsınlar, amma kimsə buna nail ola bilməmişdi. Rəsmi təkzib də etmədilər. Çünki sənədlər ortada ikən necə təkzib etsinlər?
Amma həmin dönəmdə bəzi saytlarda Əbülfəs müəllimin guya təmiz işləməsinə, korrupsiyadan uzaq olmasına dair yazılar peyda olmağa başladı. Sonra da ortaya parlament seçkiləri düşdü, bu məsələ necə deyərlər, “unuduldu”...
Digər bir məsələ də odur ki, Əbülfəs müəllim son 5-6 ildə özü haqda cəmiyyətdə, media təmsilçiləri arasında “mən toxunulmazam” fikrini formalaşdırmağa çalışırdı. Niyə belə edirdi, səbəb nə idi, bunu da ondan soruşsaq, şübhəsiz ki, inkar edəcək... Amma fakt bu idi ki, özünü tər-təmiz və toxunulmaz nazir kimi təqdim edirdi.
Əlbəttə, kimin özü haqda hansı fikri formalaşdırmasından asılı olmayaraq, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, heç kim toxunulmaz deyil və belə məsələlər keçmişdə qalıb, hər kəs əməlinə görə cavab verəcək. Hər kəs də bunun şahididir!
Rayonlardan başlayan korrupsioner məmur, icra başçısı həbsləri ötən həftə sonu Bakıya da çatdı. Əslində, dövlət başçısı bunun da anonsunu vermişdi ki, mərkəzi icra hakimiyyəti orqanlarında da xoşagəlməz hallar barədə siqnallar daxil olur, bunlar da cəzasız qalmayacaq. Qısa bir zamanda bu proses də başladı və DTX-nın əməkdaşları bu dəfə Mədəniyyət Nazirliyinə baş çəkdilər...
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov əməliyyatlardan sonra işdən azad edildilər və qandallandılar.
Bu adamların yüz milyonlarla manat mənimsəmələrə yol verdikləri ilkin məlumatlardan bəlli olur. İstintaq dövründə daha nələr üzə çıxacaq...
Nazir Əbülfəs Qarayevin də təbii ki, bu iş üzrə izahatı, ifadəsi alınıb. O, hələlik azadlıqdadır və vəzifəsində qalmaqdadır. Lakin Əbülfəs Qarayev qətiyyən iddia edə bilməz, etsə belə uşaq da inanmaz ki, müavinin, xidmət rəisinin əməllərindən qəti xəbəri olmayıb. Çünki çoxları bilir ki, Rafiq Bayramov birbaşa Əbülfəs müəllimin kadrıdır, 2001-ci ildə onu özünə köməkçi götürüb, sonra aparat rəhbəri, daha sonra müavin edib...
Məsələ ondadır ki, Mədəniyyət Nazirliyində (daha əvvəlki dönəmdə Mədəniyyət və Turizm Nazirliyində) pul-para məsələlərinə məhz Rafiq Bayramovu məsul edib hörmətli Əbülfəs müəllim. Hə, yeri gəlmişkən, Mədəniyyət Nazirliyi bir neçə adı olub, özü, fəaliyyəti olmayan QHT-lər vasitəsi ilə də milyonlar silib. Maraqlısı da bilirsiniz nədir? Bu işləri də də rəsmən Rafiq Bayramova tapşırmışdı Əbülfəs Qarayev.
2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədri təyin olunmuşdu R.Bayramov...
Bəzilərində belə təsəvvür də yarada bilmişdilər ki, guya Mədəniyyət Naziriyi korrupiyaya ən az bulaşan nazirlikdir. Qətiyyən belə deyil. Hər il tarixi abidələrin, mədəniyyət mərkəzlərinin, Mədəniyyət Nazirliyinin balansında olan məktəblərin təmir-bərpası, ictimai fəaliyyət və s. adlar altında yüz milyonlarla manat vəsait silinib dövlət budcəsindən. Baxın ölkədəki tarixi-mədəni abidələrin vəziyyətinə: əksəri uçulub dağılır! Mədəniyyət mərkəzlərinə baxın, əksəri bərbad durumdadır! Bakıdakı müxtəlif kinoteatrlar, digər mədəniyyət mərkəzləri sökülərək yeri milyonlarla manata tikinti şirkətlərinə satıldı.
Dövlət başçısı bir neçə il əvvəl ölkədə turizmin inkişafını prioritet sahələrdən elan edəndən sonra o zaman mədəniyyət və turizm naziri olan Əbülfəs Qarayevin turizm sektorundakı iş adamlarının başına hansı oyunları gətirməsi də sirr deyil. Elə bir acınacaqlı vəziyyət yaranmışdı ki, nəhayət, dövlət turizm sahəsini rəsmən Əbülfəs Qarayevdən aldı, islahatlar çərçiəsində Mədəniyyət və Turizm Nazirliyi yalnızca Mədəniyyət Nazirliyi oldu, ayrıca Dövlət Turizm Agentliyi yaradıldı. Bundan sonra turizm sahəsinin adamları sanki nəfəs aldılar...
Hələ biz daha əvvəli - Əbülfəs Qarayevin gənclər, idman və turizm naziri olduğu dövrü araşdırsaq, daha dəhşətli faktların şahidi olarıq. Güman ki, istintaqçılar bunu da diqqətdə saxlayacaq...
Təbii, görünən də budur, məntiq də onu deyir ki, Əbülfəs müəllim bu korrupsiya girdabından kənarda deyil, Panamadakı şirkəti 2000 manatlıq nazir maaşı ilə qurmayıb. Bu pullar mədəniyyətimizdən oğurlanıb! Uçub-dağılan mədəniyyət numunələrinin, mədəniyyətimizin məhvinin, xalqımızın tarixinin iniltisinin, fəryadı üzərində qurulub bu nazir xoşbəxtliyi!..
Görəsən, bu günlər ərzində Əbülfəs Qarayev ümumiyyətlə xalqdan, Prezidentdən üzr istəmək və istefa vermək haqqında düşünübmü?(musavat)
Elşad MƏMMƏDLİ