Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SAAKAŞVİLİNİN YENİ VƏZİFƏSİ:“TARANA GETMƏK” –Zelenskinin ona gözlənilməz təklifinin arxasında nə durur?

 

                       

                 Ukraynada ona ümid edənlər də var, nifrət edənlər də 

«Hesab edirəm ki, o, Ukraynadakı dəyişikliklər üçün yaxşı mənada tarana gedə biləcək və hökumətlə parlament arasında kommunikasiyanı təmin edəcək...”. 

Yenixeber.org: Bu fikirlər Ukrayna parlamentinin “Xalqın xidmətçisi” hakim fraksiyasının rəhbərlərindən olan Yevqeniya Kravçuka məxsusdur.

Təbii ki, təkcə Gürcüstanda və MDB məkanında deyil, Qərbdə də Saakaşvilinin “tarana getmək” qabiliyyətinə malik olduğu heç kimə sirr deyil. Və Ukraynada da bunu yaxşı bilirlər...

Hələ Odessa Vilayətinin qubetrnatoru olanda ukraynalılar onun əzminin və mübarizə aparmaq bacarığının şahidi oldular. Sabiq prezident Pyotr Poroşenkonun mafioz dairələrin və Arsen Avakov kimilərinin çaldığı tütəyə oynaması və Saakaşvilinin reytinqinin artmasından, həmçinin onun ölkədəki korrupsiya mexanizmlərinin üzərinə getməsindən qorxduğu şəksiz idi.

Lakin onun bu səbəbdən sabiq Gürcüstan prezidentini Ukraynanın siyasi həyatından kənarlaşdırmaq cəhdinin effekti qısa müddətli oldu. Budur, Mixail Saakaşviliyə gözlənilmədən Odessa Vilayətinin qubernatoru postundan dəfələrlə böyük və strateji əhəmiyyətli vəzifə təklif olunur - Prezident Vladimir Zelenski onu baş nazirin islahatlar üzrə müavini postunda görmək istəyir.

                                           Avakov üzərində qələbə...

 

“Baş nazirin islahatlar üzrə müavini öz işində daxili işlər naziri ilə kəsişmir. Bunlar çox fərqli istiqamətlərdir. Özü də indi çox çətin bir vəziyyətdir. Münaqişələr onu daha da ağırlaşdıra bilər. Mən münaqişəyə yox, işləməyə hazırlaşıram...”. Bu sözləri Saakaşvili vaxtilə korupsiyada və silahlı qruplaşma saxlamaqda ittiham etdiyi, lakin hələ də Ukraynanın Daxili İşlər naziri vəzifəsini daşıyan Arsen Avakovla birgə işləməsi perspektivlərinə dair sualı cavablandırarkən söyləyib.

Əlbəttə ki, Saakaşvilinin xarakterinə bələd olanlar onun Avakov kimilərlə nə zamansa barışıb, birgə işləyəcəyinə inanmazlar. Elə “Mişa” özü də verdiyi cavabla bu perspektivə isti yanaşmadığına işarə edib.

Erməni əsilli Arsen Avakova gəlincə, 2019-cu ilin martında, artıq Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra da Daxili İşlər naziri postunu qoruyan Avakov, Poroşenkonun dövründə üstünə “xoruzlandığı” Saakaşvilinin Ukraynaya qayıtmasının mümkünsüz olduğunu demişdi.

Bildirmişdi ki, Saakaşvili Ukraynaya gəlmək üçün heç təyyarəyə belə minə bilməz. Ancaq bundan cəmi iki ay sonra, mayın 27-də sabiq Gürcüstan prezidentinin Pyotr Poroşenko tərəfindən ləğv olunan Ukrayna vətəndaşlığını yeni prezident Zelenski bərpa etdi. Və bundan bir gün sonra Saakaşvili Kiyevə qayıtdı. Həmin vaxt Saakaşviliyə nifrətini gizlətməyən Avakova bu dönüşlə bağlı sual veriləndə, nazir heç kimin həsəd aparmayacağı vəziyyətə düşmüşdü və sualdan yayınmışdı.

Ancaq məsələ ondadır ki, Saakaşvilini hökumətdə, prezidentin yanında görmək istəməyənlərin sırası təkcə Avakovdan ibarət deyil. Hətta Zelenskinin partiyasında belə, Saakaşvilinin təyinatına “ürək qızdırmayanlar” az deyil. Məsələ ondadır ki, baş nazirin yeni müavini postuna təyinatla bağlı məsələ parlamentin müzakirəsinə çıxarılmalı və təsdiq olunmalıdır. Bunun üçünsə bir qayda olaraq, hakim fraksiyadakı deputatların 70 faizinin razılığı lazımdır.

Lakin hələlik “Xalqın xidmətçisi” qəti qərar verə bilmir, partiyada fikir ayrılığı mövcuddur. Deputatların yarısı Saakaşvilinin təyinatının lehinə olsa da, digər yarısında bununla bağlı tərddüd edənlər və hətta bu təyinatın qəti eleyhdarı olanlar var. Tərəddüd edənlərin əsas arqumenti odur ki, Saakaşvilinin təyin olunacağı yeni vəzifə bir növ nazirliksiz, portfelsiz nazir funksiyası daşıyır. Onun gələcək işi, funksiyaları barədə aydın təsəvvür mövcud deyil. Lakin fraksiya rəhbərinin müavini Yevgeniya Kravçuk deyib ki, Saakaşvili tərəddüd edənlərlə görüşlər keçirəcək. Artıq belə görüşlərə start verilib. Onun hətta parlamentdəki digər fraksiyalarla da görüşləri nəzərdə tutulur. Bu görüşlər həftənin cümə axşamı gününə qədər yekunlaşdırılacaq və təyinatın da parlamentdə məhz həmin gün müzakirəyə çıxarılacağı gözlənilir.

                                         Zelenskinin “Saakaşvili gedişi”

 

Bu arada Ukrayna mətbuatında və siyasi dairələrində Zelenskinin “Saakaşvili gedişi”nin nə ilə bağlı olduğuna dair diskussiayalar qızışmaqdadır. Əksəriyyət o fikirdədir ki, prezidentin bu addımı bir tərəfdən riskli olsa da, digər tərəfdən hökumətin güclənməsinə, beynəlxalq qurumlarla, o cümlədən maliyyə qurumları iləəlaqələrin genişlənməsinə, daxildə isə hakimiyyətin öz rəqiblərilə daha effektiv mübarizə aparmasına kömək edəcək. 

Qərbin Gürcüstanın sabiq prezidentinə münasibəti bəllidir. Ona görə də hesab olunur ki, Saakaşvili öz təcrübəsindən və nüfuzundan istifadə edərək, Beynəlxalq Valyuta Fondu başda olmaqla, əsas maliyyə qurumlarının Ukraynaya dəstəyi istiqamətində ciddi işlər görə bilər. Bu addım həmçinin beynəlxalq aləmdə Ukraynanın siyasi islahat yolunu davam etdirməkdə qərarlı olmasının təsdiqi hesab olunacaq.

Daxili siyasətdə isə Saakaşvilinin təyinatı Zelenskiyə hələ də vəzifədə saxlamağa məcbur olduğu Avakov və onun kimi bəzi iri çaplı mafioz reputasiyalı şəxslərin neytrallaşdırılmasında, həmçinin Yuliya Timoşenko kimi siyasi rəqiblərə qarşı mübarizədə güclü dəstək ola bilər.

Yeri gəlmişkən, elə yuxarıda adını qeyd etdiyimiz Y.Kravçukun özü də Saakaşvilinin təyinatını müzakirə edərkən açıq şəkildə söyləyib ki, hakim komandanın təmsilçiləri təcrübəsizlik səbəbindən efirlərdə, diskussiyalarda, bir sözlə, siyasi polemikada çox zaman rəqiblərinə uduzurlar. Onlara bu mübarizədə hökumətin və ümumilikdə hakimiyyətin mövqeyini Saakaşvili kimi parlaq simanın müdafiə etməsi olduqca vacibdir. Çünki o, bu işi olduqca yaxşı bacarır və auditoriyanın böyük əksəriyyətinin ona münasibəti müsbətdir. 

Y.Kravçuk bu məsələ ilə bağlı mətbuata açıqlamasında deyib: “Bizdə Timoşenkonun ağzını yuma biləcək natiqlər yoxdur. Reytinq bizdə, resurslar bizdə, ancaq efirlərdə biz uduzuruq. Saakaşviliyə təklif olunan vəzifə onun peşəkarlığına və şəxsi keyfiyyətlərinə uyğundur...”. 

Göründüyuü kimi, hakim partiya Saakaşvilidən daxili siyasi mübarizədə ciddi dəstək gözlədiyini gizlətmir.

Maraqlıdır ki, Zelenskinin Saakaşviliyə təklifini müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk da dəstəkləyib. Gürcüstanın Saakaşvilinin təyinatı ilə bağlı etirazlarına münasibət bildirən Kravçuk deyib ki, Ukrayna müstəqil dövlət, Saakaşvili isə onun vətəndaşıdır. Və Ukrayna kimin hansı vəzifəyə təyin edilməsinə özü qərar verir.

                                      Bu gün baş nazirin müavini, sabah baş nazir? 

 

Bütün bunlarla paralel olaraq, Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyinatı hələ rəsmən təsdiqlənməmiş, artıq onun baş nazir olacağı perspektivlərinə dair müzakirələrə rast gəlinir. Bir çoxları Saakaşvilinin heç də Zelenskinin indiyə qədər təyin etdiyi baş nazirlərdən pis olmayacağı qənaətindədirlər. Əksinə, onun öz təcrübəsindən irəli gələn potensialı, peşəkarlığı və bacarığı onlardan qat-qat yüksək qiymətləndirilir. Lakin Ukrayna mətbuatı hakim partiyanın rəhbərliyindəki və Zelenskinin ofisindəki mənbələrinə istinadən yazır ki, Saakaşvilinin nə vaxtsa baş nazir təyin edilməsi məsələsi ümumiyyətlə müzakirə olunmur. Qeyd olunur ki, Ukrayna Radası daha çox “nə edəcəyi daha asan proqnozlaşdırılan” baş nazirlə işləməyə üstünlük verəcək.

Ancaq nə bilmək olar? Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakaşvilinin cəmi 1-2 il əvvəl nəinki yenidən vətəndaşlıq alması, hətta qonaq kimi də Kiyevə qayıtması inanılmaz görünürdü. İndi isə şəxsən prezident ona Ukrayna baş nazirinin müavini vəzifəsini təklif edir. 

Görünən odur ki, bundan sonra hər şey sabiq Gürcüstan prezidentinin yeni vəzifəsindəki fəaliyyətindən asılı olacaq. Və tamamilə mümkündür ki, bir müddət sonra Ukraynada bu tip müzakirələrin şahidi olaq: “Saakaşvili Ukraynanın baş naziri? - Niyə də olmasın?!”(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam