Abşeronun "Ərəb zəngisi" - İradə Gülməmmədovanı rayon sakinləri belə adlandırır-RƏY
Yenixeber.org: Azərbaycanda baxça müdirləri, məktəb direktorları, doğum evlərinin baş həkimləri və bir sıra sahələrin rəhbərlərinin əksəriyyəti demək olar ki, xanımdır. Amma yüksək vəzifəli məmurlar arasında xanımların sayı o qədər də çox deyil. Onları barmaqla saymaq olar.
Ölkədə yüksək vəzifəli məmur xanımlardan biri də Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovadır. Bu xanım barəsində rayon sakinlərindən bircə kəlmə söz soruşmaq kifayətdir ki, insanlar onun rayonda tərtib etdiyi rüşvətxorluq, korrupsiya torundan çox geniş bəhs etsinlər.
Rayon sakinləri faktlarla, dəlil - sübutlarla İradə xanımın çox böyük rüşvətxor olduğunu bizə sadə şəkildə izah etdilər. Onlar qeyd etdilər ki, rayonun elə bir sahəsi yoxdur ki, icra başçısı həmin sahədən hər ay rüşvət yığmasın. Sakinlər rayonun təhsil, səhiyyə, mədəniyyət, sahibkarlıq, xırda, orta və iri biznes, ticarət, tikinti və digər sahələrinin xanım icra başçısının daimi rüşvət mənbəyi olduğunu qeyd edir və bu barədə yuxarı dövlət orqanlarına dəfələrlə şikayət məktubları yazdıqlarını, lakin şikayət məktublarına cavab almadıqlarını ürək ağrısı və qəzəblə dilə gətirdilər.
Rayon ictimaiyyətinin nümayəndələrilə söhbət edərkən məlum oldu ki, rayonun mərkəzi Xırdalan şəhəri də daxil olmaqla, kənd və qəsəbələrdə vətəndaşlar ev, xırda iaşə, ticarət, xidmət obyektləri tikmək üçün mütləq icra başçısının müəyyən etdiyi məbləğdə rüşvət verdikdən sonra icazə sənədi ala bilirlər. Eyni zamanda, sakinlər onu da qeyd edirlər ki, Abşeron rayon icra hakimiyyətinin Arxitektura və Memarlıq şöbəsinin müdiri bir qayda olaraq, icra başçısı İradə Gülməmmədovanın müəyyən etdiyi rüşvəti açıq şəkildə vətəndaşdan almaqdan qəti çəkinmir və hətta bu barədə yuxarı dövlət orqanlarına şikayət ediləcəyi barədə söz deyəndə belə, heç nədən qorxmadan çirkin niyyətini davam etdirir, bəzi hallarda isə, «get kimə istəyirsən, de!» - nidasını da ucadan deməkdən ehtiyat etmir!
Rayon sakinlərinin müxtəlif təbəqələrində belə qəti rəy formalaşıb ki, İradə Gülməmmədova çox arxayın rayonun bütün sahələrini açıq şəkildə nəzarətə götürüb, aylıq rüşvət yığması birbaşa Prezident Administrasiyasının xeyir -duası ilə baş verir. Sakinlər çox haqlı olaraq sual edirlər ki, əgər PA - nın xəbəri yoxdursa, bəs necə ola bilər ki, Abşeron rayonunda yaşayan 7-dən 77-yə hər kəs rayonda rüşvətxorluğun kəllə-çarxa çıxmasından xəbəri olduğu halda, dövlət orqanlarının bu rayonda baş verən bu boyda rüşvətxorluqdan xəbəri yoxdur?!
Rayon sakinləri uşaq bağçalarında, məktəblərdə, xəstəxanalarda və digər ictimai müəssisələrdə rüşvətxorluq hallarının adi normaya çevrilməsini də, məhz icra başçısının fəaliyyəti və var-dövlət toplamaq ehtirasları ilə bağlı olduğunu söyləyirlər.
Bir sözlə, abşeronlular icra başçısı İradə Gülməmmədovanın rayonda yaratdığı korrupsiya və rüşvətxorluq şəbəkəsini, hətta ölkə rəhbərliyinin koronavirusa qarşı mübarizəyə başının qarışdığı ağır şəraitdə də genişləndiyini deyirlər. Xanım başçının hər gün daha çox pul qazanmaq üçün yaxın qohum - qardaşlarını da bu işə cəlb etdiyi iddia edilir. Xırdalan şəhərində aparılan bütün tikinti işlərinə icra başçısının qardaşının nəzarət etdiyi və bu sahədə də böyük korrupsiya şəbəkəsinin yaradıldığı deyilir.
Sakinlər icra başçısının rayonda rüşvət yığmaq üçün apardığı "döyüşü" M. Moqamayevin məşhur " Şah İsmayıl" operasındakı ticarət karvanlarının yolunu kəsib, bac olan cəngavər xanım döyüşçü Ərəbzəngiyə bənzədirlər. Sadəcə fərq iondadır ki, Ərəbzəngi harın tacirlərin yolun kəsdiyi halda, İradə xanım hamını eyni qayda ilə soyur.(paralel.az)