Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Koronavirus haqqında köhnə qəsd nəzəriyyələri:5G, peyvəndlər və “rəqəmsal köləlik”

 

 Yenixeber.org: Britaniyalılar 5G qüllələrini yandırırlar. Kəşfiyyat məlumatlarını qulaqardına vuran ABŞ prezidenti pandemiyanın ciddiliyini qəbul etmir, ona loyal münasibət bəsləyən kabel televiziyaları virusu demokratların uydurması adlandırır. Həm Amerika, həm Rusiya KİV-i virusu başqa ölkənin hərbçilərinin hazırlaması barədə yalan xəbərlər yayır. Belarus, Türkmənistan, Nikaraqua və Braziliya prezidentləri öz vətəndaşlarını təhlükəyə ataraq pandemiyanın mövcudluğunu inkar edirlər.

"Bu gün xəbər lenti bizim əsas informasiya mənbəyimizdir. Ancaq bu gün bu lentdə etibarlı mənbələrə əsaslanmayan məlumatlar da yer alır. İndi xəbərlərə dostlarımızın düşüncələri və WhatsApp yazışmalarında dövr edən, valideynlərin çox bəyəndiyi qəsd nəzəriyyələri də daxil olub" - koronavirusa görə bu il onlayn keçirilən Dubay Beynəlxalq İncəsənət Sərgisinin rəhbəri, yazıçı Şumon Basar belə deyir.

Hazırda qəsd nəzəriyyələri həqiqətən də informasiya ekosisteminin tərkib hissəsinə çevrilib. Mətbuat və blogerlər onları yayır, dostlarımız Facebook-da tirajlayır, məşhurlar və məmurlarsa inanır.

Koronavirus ətrafındakı konspirologiyalar reallığa necə təsir edir və onlara nə üçün bu qədər çox adam inanır?

 

 

                                                         İnamsızlıq və çarəsizlik

Pew Research Center təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların təxminən üçdə biri (27%) SARS-CoV-2 koronavirusunun süni şəkildə yaradıldığına inanır. Rusiyada bununla bağlı statistika yoxdur, ancaq Levada mərkəzinin 25 mart tarixli sorğusunda məlum olub ki, ölkə sakinlərinin dörddə biri (24%) koronavirus haqqında KİV-də dərc olunan rəsmi xəbərlərə inanmır, 35%-i qismən inanır. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatına görəsə. əhalinin 47%-i koronavirus haqqında xəbərlərin ancaq bir hissəsinin KİV-də dərc olunduğunu düşünür. Rusiyalıların 14%-I KİV-ə ümumiyyətlə etibar etmir.

İstənilən qəsd nəzəriyyəsi hadisələrin rəsmi versiyasının bu və ya digər səviyyədə yalan olması üzərində qurulur. "Nəsə xoşuma gəlmir" - konspiroloqlar bu sözü tez-tez təkrarlayırlar.

Qəsd nəzəriyyələri internetdən və müasir saxta xəbərlər praktikasından çox-çox əvvəl yaranıb: məsələn, Yerin yastı olması ideyası təxminən XIX əsrin əvvəllərindən mövcuddur, kiminsə ölümünün təşkil olunması şaiyələri isə bizim eranın hələ 68-ci ilində vardı: imperator Neronun özünü öldürməsi barədə deyilənlərə romalıların çoxunun inanmaması barədə sənədlər qalmaqdadır.

Bu gün konspirologiya bütün böyük hadisələri müşayət edir - seçkiləri və inqilabları, terrorları və qalmaqallı qətlləri (və intiharları), o cümlədən, elmi nailiyyətləri də.

Leeds Universitetinin professoru, "Rusiyanın qəsd mədəniyyəti" kitabının müəllifi İlya Yablokov deyir ki, böyük dəyişikliklər və qeyri-müəyyənliklər (məsələn, pandemiya) dövründə belə nəzəriyyələrin sayı və tərəfdarları artır. O, qəsd nəzəriyyələrini dünyanı anlamaq üçün həm normal, həm də ziddiyyətli vasitələrdən biri sayır.

Yablokov hesab edir ki, bunun əsasında hakimiyyətə inamsızlıq və çarəsizlik hissi durur: situasiyaya (istər virusa, istərsə də karantinə qarşı) təsir etmək iqtidarında olmayan zəif insan mövqeyi bizi bu vəziyyətdən faydalanacaq güc mərkəzi axtarmağa sövq edir:

"Elitalara inamımız yoxdur deyə, virusla bağlı şübhələrimizi onlara yönəldirik .

                                          İnsanlığı oksigensiz qoyan 5G

5G-nin insanların sağlamlığına təhlükə törətməsi ehtimalı bir neçə ildir ki, mövcuddur. Əvvəlcə konspiroqlar hesab edirdilər ki, 5G xərçəng əmələ gətirir, pandemiya başlayandan sonrsa koronavirusla əlaqələndirməyə başladılar.

Bu gün 5G ilə müharibənin veteranları da, neofitlər də iddia edirlər ki, xəstəliyin sürətlə yayılmasının səbəbi heç də virus yox, məhz 5G tezlikləridir - onlar oksigen molekullarını "saniyədə 60 milyard Hers sürətlə dönməyə məcbur edir" və nəticə etibarilə oksigen insanın qanındakı hemoqlobinlə birləşə bilmir. "Bu, saniyədə 60 hers sürətlə fırlanan ülgücü əllə tutmaq cəhdi kimi bir şeydir" - Reddit istifadəçilərindən biri belə yazıb.

Bu nəzəriyyəyə görə, Covid-19-a yoluxanlar 5G radiasiyası nəticəsində yaranan hipoksiyadan - oksigen çatışmazlığından əziyyət çəkirlər. Konspiroloqlar "sübut" kimi 2019-cu ilin sentyabrında Uhanın (Çin) 5G tətbiq edilən ilk şəhər (əslində isə ilk şəhərlərdən biri) olduğunu əsas gətirirlər.

Bəziləri həm də ona inanırlar ki, "koronavirus - 5G" tandeminin sələfləri də olub: 2003-cü ildəki SARS epidemiyasını 3G, 2009-cu ildəki donuz qripini 4G şəbəkələri yaradıb; hətta 1918-ci ildəki "ispan qripi" də texnologiya mənşəlidir - onda da radio icad olunmuşdu.

5G ilə bağlı qəsd nəzəriyyəsi tədricən onlayn məkandan real həyata keçir və artıq hiss olunacaq səviyyədə zərər vurmaqdadır.

Aprel ayının əvvəlində Britaniya mətbuatı ən azı 2 şəhərdə - Birmingham və Liverpool-da 5G qüllərinin qəsdən yandırılması ehtimalından yazıb. Bundan başqa, ölkədə 5G şəbəkəsinə uyğun avadanlıqları qurmaqla məşğul olan mühəndislərə qarşı fiziki və şifahi təhdid halları barədə də xəbərlər dərc edilib. Twitter-də yayılmış videoçarxda isə şərqi London sakini olan bir qadının "Bilirsizmi ki, quraşdırandan sonra bu qurğular hamını öldürəcək və bütün bu xəstəxanaları da buna görə tikirlər?" deyərək yerli rabitə operatorunun əməkdaşını təhqir etməsi əks olunmuşdu.

2014-cü ildə ÜST mobil telefonlardan istifadənin sağlamlığa hər hansı zərəri təsbit olunmadığını bildirmiş, amma Xərcəngin Tədqiqi üzrə Beynəlxalq Agentliklə birlikdə mobil siqnallar da daxil, bütün radioaktiv şüaları "mümkün kanserogenlər" siyahısına daxil etmişdi. Hərçənd həmin siyahıda talk və turşuya qoyulmuş tərəvəzlər də var, alkoqol və emal olunmuş ət məhsulları isə daha təhlükəli kateqoriyaya aiddir.

Alimlər və tənzimləyicilər əvvəlki standartlar kimi, 5G tezliklərini də insan üçün təhlükəsiz hesab edirlər. Bundan başqa, koronavirus bu tezliklər üşün şəbəkənin hələ qurulmadığı ölkədə, məsələn, İranda da yayılıb.

                                                  Peyvənd və Bill Gates

Təbii ki, Covid-19 pandemiyası peyvənd əleyhdarlarını da hərəkətə gətirib. Onların çoxu hesab edir ki, yeni virusu 2000-ci illərin əvvəllərindən Afrika və Cənubi Asiya ölkələrində peyvəndləmə kampaniyası başladan Bill Gates yaradıb. Konspiroloqlar Gates-i yevgenist adlandırırlar.

Onlar əmindirlər ki, pandemiyanı Gates, Rockefeller və Warren Buffett başda olmaqla, dünya elitası təşkil edib - kütləvi peyvəndləmə məqsədilə. Bu nəzəriyyəsinə əsasən, peyvənd vasitəsilə dünya əhalisinin 15%-dən 95%-ə qədərini öldürəcək, yerdə qalanlara isə 5G şəbəkəsi və bədənlərinə yerləşdiriləcək mikroçiplər vasitəsilə nəzarət ediləcəklər.

Ancaq koronavirusa qarşı peyvənd ən yaxşı halda gələn ilin ortalarında hazır ola bilər. Üstəlik, alimlərin çoxu bunun mümkün olacağına hələ də şübhəylə yanaşırlar (SPİD-ə qarşı peyvəndi bir neçə on ildir ki, hazırlamaq mümkün olmur).

5G ilə bağlı sui-qəsd nəzəriyyəsi əsasən mobil rabitə infrastrukturuna təhlükə yaratdığı halda, peyvənd və Bill Gates-lə bağlı nəzəriyyə çox sayda insanın həyatına və pandemiyaya qarşı mübarizə imkanlarımıza zərər vura bilər - İlya Yablokov belə deyir.

Son 200 ildə antipeyvənd hərəkatı bütün dünyada çiçək, qızılca və göy öskürək kimi xəstəliklərin onlarla epidemiyasının yaranmasına səbəb olub. 2019-cu ildə ÜST bu hərəkatı ictimai sağlamlığa təhlükə adlandırıb.

                                            Bioloji silah və Yeni dünya düzəni

Əhaliyə nəzarət ideyası Yeni dünya düzəninin yaradılacağını iddia edən qəsd nəzəriyyəsində də var. Buna inanan konspiroloqlar hesab edirlər ki, virus süni şəkildə yaradılıb (ya laboratoriyada, ya da KİV-də) - məsələn, hansısa hökumət, kommunistlər, Vatikan, illüminatlar və ya reptiloidlər tərəfindən; iqtisadi və ya siyasi hökmranlıq məqsədilə; "dünya hökuməti" qurmaq, insan haqları və azadlıqlarını məhdudlaşdırmaq, əhalini "rəqəmsal köləyə" çevirmək üçün.

Avropa Xarici Fəaliyyət Xidmətinin layihəsi olan EUvsDisinfo.eu platformasının məlumatına görə, ən populyar qəsd nəzəriyyəsi virusun Çin, ABŞ və ya Rusiya tərəfindən yaradılmış bioloji silah olmasıdır.

Məsələn, radikal sağ yönümlü təbliğatçı Alex Johns kimi Amerika konspiroloqları virusun dünya bazarlarını ələ keçirmək istəyən Çin tərəfindən yaradıldığını iddia edirlər.

Rusiya və Çin təbliğatçıları isə SARS-CoV-2-nin Amerika laboratoriyasında hazırlandığını və Çinə beynəlxalq hərbi təlimlər zamanı gətirildiyini deyirlər.

                                           Dezinformasiya necə və nə üçün yayılır?

Müstəqil Bellingcat qrupunun üzvü, araşdırmaçı jurnalist Robert Evans Newsy nəşrinə müsahibəsində deyib ki, koronavirusla bağlı dezinformasiyanın mənbəyi etibarlı mənbələr - dövlət KİV-i və ya məmurlardır. Məqsəd informasiyaya nəzarət etmək və ya diqqəti ölkə daxilindəki siyasi problemlərdən yayındırmaqdır.

Evans-ın sözlərinə görə, dezinformasiya yaymaqla həm də özünü etibarlı mənbə kimi qələmə verənlər və bu işdən açıq-aşkar pul qazananlar məşğul olurlar. Məsələn, Alex Johns koronavirusa qarşı gümüş tərkibli müalicə vasitəsi satır.

Qəsd nəzəriyyələrinin yayılması daha bir nəticəylə - onların siyasətə və ictimai müzakirələrə təsiriylə müşayət olunur.

İlya Yablokov deyir ki, nəzərəyilərdən hər hansı birinə inanan şəxs asanlıqla digərinə də inana bilir - əvvəlkinin boşa çıxmasına və ya təkzib olunmasına baxmayaraq.

Onun sözlərinə görə, pandemiyadan sonra qaçılmaz olacaq resessiya dövründə - qeyri-müəyyənlik və yoxsulluq fonunda qəsd nəzəriyyələrinin sayı və əhatə dairəsi artacaq və nəinki şübhəçilərə, hətta siyasətə də təsir edəcək:

"Rifahın və sosial müdafiənin azaldığı dönəmlərdə qəsd nəzəriyyələri çoxalır. 2008-ci ildən sonra məhz bu cür olmuşdu - bütün dünyada həm konspirologiya nəzəriyyələrinin, həm də onlardan yararlanan populist siyasətçilərin sayı artmışdı".(BBC)

İllüstrasiyaların müəllifi Denis Korolyovdur


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam