“Albaniyanın Stalini” qəddarlığı ilə öz kumirindən geri qalmayıb -FOTOLAR
Uzun illər bu ölkədə xarici avtomobil sürmək, qadınların xarici kosmetikadan istifadə etməsi, kirayəyə ev vermək, hansısa bir dinə etiqad etmək, rok və caz musiqisinə qulaq asmaq, dəbdə olan cins şalvar geyinmək qəti qadağan olunub.
Yenixeber.org: Bütün bunları “burjuaziya şəhvəti” adlandıran Ənvər Xoca Albaniyada hakimiyyətdə olduğu qırx il ərzində əhali qadağalar içərisində yaşayıb.
1944-cü ildə hakimiyyətə sahib olan Ənvər Xoca eyni vaxtda bir neçə yüksək vəzifəni daşıyıb: Albaniya Xalq Sosialist Respublikasının rəhbəri, Albaniya Əmək Partiyasının birinci katibi, Albaniya Nazirlər Şurasının sədri, Albaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı...
Ənvər Xoca 1908-ci ildə Albaniyanın cənubunda, Osmanlı İmperiyasının tərkibində olan Hirokastra şəhərində anadan olub. Orta təhsil aldıqdan sonra Fransada Monpelye Universitetinə daxil olsa da, bu ali təhsil ocağında sona qədər oxuya bilməyib. Sosialist ideyalarına meylli olmasından dolayı onu universitetdən xaric ediblər.
1934-1936-cı illərdə Ənvər Xoca Albaniyanın Brüsseldəki konsulluğunda katib işləyib və elə həmin ərəfədə də Brüssel Universitetində təhsil alıb.
Fransız və türk dillərini mükəmməl bilən Ənvər Xoca mütəmadi olaraq mətbuatda çıxış edib, məqalələrində Trotskini, Buxarini sərt tənqid edib.
1936-cı ildə Albaniyaya qayıdan Ənvər Xoca bir müddət pedaqoji fəaliyyətlə məşğul olub, eyni zamanda Kommunist Partiyasının formalaşmasında xüsusi fəallıq göstərib.
1930-cu illərin sonlarında o, paytaxt Tiranada tütün dükanı açıb. Dükan ticarət fəaliyyətindən daha çox, kommunistlərin bir yerə yığışmasına xidmət edib.
7 noyabr 1941-ci ildə Tirana şəhərində kommunistlərin gizli konfransı keçirilib və Albaniya Kommunist Partiyası təsis edilib. Ənvər Xoca Partiyanın birinci katibi Koçi Dzodzenin müavini seçilib. Eyni zamanda ona partizan hərəkatının komandanı vəzifəsi də həvalə olunub.
1942-ci ildə Ənvər Xoca SSRİ-yə səfər edib, İosif Stalinlə, Vyaçeslav Molotovla, Georgi Malenkovla görüşlər keçirib, bu görüşlərdə alman faşistlərinə qarşı mübarizə aparacaqlarını, sosialist Albaniyası yaradacaqlarını bəyan edib.
1944-cü ildən Ənvər Xoca baş nazir, xarici işlər naziri, ali baş komandan vəzifələrinə sahib olaraq Albaniyaya rəhbərlik edib.
1945-ci ildə Ənvər Xoca növbəti dəfə SSRİ-də səfərdə olub, Qələbə paradında iştirak edib və bir sıra mühüm görüşlər keçirib. Bu görüşlərin nəticəsi olaraq SSRİ bütün sahələrdə Albaniyaya kömək edib. Moskva bu ölkəyə texniki avadanlıqlar, ərzaq, dərman, müxtəlif təyinatlı maşınlar və s. göndərib.
O cümlədən SSRİ-dən Albaniyaya yüzlərlə mütəxəssislər, həkimlər, neftçilər, mühəndislər, müəllimlər də göndərilib. Yüzlərlə alban tələbəsi SSRİ-nin institut və universitetlərində təhsil alıb.
Ənvər Xoca İosif Stalini özünə kumir seçib. Onun evində, iş kabinetində sovet liderinin portreti asılıb. 1947-ci ildə SSRİ-də növbəti dəfə səfərdə olanda Stalin onu “Suvorov” ordeni ilə təltif edib. Ənvər Xoca ən mötəbər tədbirlərdə iştirak edəndə mundirinə məhz həmin ordeni taxıb.
1947-ci il səfərindən sonra Moskvanın müdaxiləsi ilə Albaniya Kommunist Partiyasında çevriliş baş verib, Ənvər Xoca partiyanın birinci katibi seçilib.
Ənvər Xoca Moskvanın dəstəyini yüksək qiymətləndirib. Kremldə onun şərəfinə ziyafət veriləndə o, Stalinin şərəfinə badə qaldırıb: “Stalin və Sovet İttifaqı bizim ən yaxın dostlarımız və xilaskarımızdır. Biz albanlar bu dostluğa və sədaqətə görə sizin qarşınızda həmişə baş əyəcəyik...”
Amma Albaniya ilə SSRİ arasında dostluğun ömrü çox da uzun çəkməyib. Nikita Xruşovun Stalin haqqında çıxardığı qərarlar Ənvər Xocanın qəzəbinə səbəb olub.
İki ölkə arasında soyuq münasibətlər hökm sürüb. Buna baxmayaraq Ənvər Xoca növbəti dəfə SSRİ-dən yardım, xüsusilə də taxıl almaq məcburiyyətində qalıb.
Nikita Xruşov Albaniyada səfərdə olanda yardım məsələsi müzakirə olunub. Xruşov Albaniyaya kömək edəcəyini bildirib: “Biz Albaniyaya, sizə kömək edəcəyik. SSRİ-də siçanlar albanlardan daha çox taxıl yeyir. Buna görə də albanlara kömək etmək bizim üçün o qədər də problem deyil”.
Bu zarafat Ənvər Xocanı SSRİ diplomatlarını Albaniyadan qovmağa məcbur edib.
Ölkəsində diktatura rejimi yaradan Ənvər Xoca dövlət başçıları ilə uzun və davamlı münasibət qura bilməyib. Ölkə demək olar ki, təcrid vəziyyətində yaşayıb.
Bəlkə də elə buna görədir ki, onun daxilində paranoya xəstələrinə xas olan xof və qorxu olub. Ona elə gəlib ki, düşmənləri hər an Albaniyaya hücum edə bilərlər.
Ənvər Xoca yəqin ki, elə bu məqsədlə ölkəsində olan işçi qüvvəsinin yarıdan çoxunu bunker tikintilərinə cəlb edib. Onun hakimiyyəti dövründə Albaniyada 700-dən artıq beton bunker tikilib.
Özünün beş mərtəbə dərinliyində olan bunkeri isə 106 otaqdan, iş kabinetindən, istirahət otağından, konfrans zalından, kino və konsert zallarından, məxfi sənədlərin saxlandığı otaqdan, silah və sursat, ərzaq və əşya anbarlarından və s. ibarət olub.
Bunker hazır olduqdan sonra Ənvər Xoca onu yoxlamaq üçün tikintinin mühəndisini bunkerə salıb, bir neçə tankdan eyni vaxtda toplar atılıb. Bunkerə heç nə olmasa da, içəridə olan mühəndis infarkt keçirib.
Ənvər Xoca ona tabe olmaq istəməyənləri, onun qadağalarına əməl etməyənləri, müxalif qüvvələri heç bir məhkəmə olmadan ən ağır cəzalara məhkum edib.
Siqurimi xidməti (SSRİ-də olan DTK-nın analoqu) onun göstərişi ilə on minlərlə günahsız insanın həyatına son qoyub.
Bəlkə də Albaniyada Ənvər Xocanın rejimində hələ daha çox hadisələr baş verəcəkmiş. Ömürü buna imkan verməyib. Ənvər Xoca 1985-ci ildə, 76 yaşında vəfat edib.(musavat)
İlham Cəmiloğlu