Əfsanəvi Din Ridin müəmmalı ölümü –ADR rəhbəri Honekker onun eston qızıyla evlənməsinə mane olub
1970-ci ilin avqust ayının 28-də prezident seçkilərinə bir həftə qalmış Çilinin paytaxtı Santyaqoda Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında keçirilən nümayişdə gözlənilməz bir hadisə baş verir.
Yenixeber.org: Əlində bir vedrə su olan şəxs izdihamı yararaq səfirliyin hündür divarlarına tərəf irəliləyir, sonra təxminən 1-2 metr hündürlükdə olan taxtadan quraşdırılmış kürsünün üzərinə çıxır və hamını diqqətlə qulaq asmağa çağırır.
O, çıxışından öncə səliqə ilə qatlanmış ABŞ bayrağını açaraq vedrəyə salır, üzərinə cibindən çıxartdığı yuyucu maddəni əlavə edir və bayrağı yuyur. Daha sonra isə nitqinə başlayır:
- Bu bayraq Vyetnam xalqının, vyetnamlı uşaqların qanına bulaşıb. Bu bayrağın üzərində mənim vətənimdə yaşayan zəncilərin pozulmuş hüquqlarının ləkələri var. Bəli, yarıqul vəziyyətdə yaşayan bu insanlara qarşı Amerika tərəfindən soyqırım siyasəti həyata keçirilir. Bu bayrağın ləkələri bununla bitmir. Ona görə də mən bu bayrağı yumaq qərarına gəlmişəm. Mən amerikalıyam, öz ölkəmi və bayrağımı çox sevirəm. Bu mübarizəmlə də günaha batan məmur amerikalıların vicdanını yumaq istəyirəm...
İzdihamı çalxalayan bu çıxışın müəllifi milyonların kumiri olan Din Rid idi, amerikalı müğənni, aktyor, kinorejissor, bəstəkar və həm də siyasi baxışları ilə fərqlənən Din Rid...
Din Rid 1938-ci ildə Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında dünyaya göz açıb. Atası kənd müəllimi, anası evdar qadın olub. Onun müsiqi aləminə qədəm qoymasının səbəbi ailənin maddi vəziyyətindən irəli gəlib. Atası üç övladını böyütməkdə maddi cəhətdən sıxıntılar çəkib. Orta təhsilini başa vurduqdan sonra Kolorado universitetinin meterologiya fakültəsinə daxil olan Din Rid dərsdən sonra ən ucuz kafelərdə, barlarda gitara ilə mahnı oxuyub, sonda sərxoş müştərilər ona qəpik-quruş veriblər. Din Rid həmin pulları ailəyə xərcləyib.
İki il bu cür həyat tərzi sürən gələcəyin məşhur müğənnisi təhsildən uzaqlaşıb, bütün gücünü musiqiyə sərf edib. Bəstələdiyi ilk mahnı uğur qazanmasa da, o, seçdiyi yoldan geri dönməyib. Tanınmış musiqiçilər Din Ridin musiqi talantını açmaq, inkişaf etdirmək üçün ona təmənnasız qayğı göstəriblər. Sonralar müğənni həmin insanlar haqqında öz xatirələrini belə bölüşüb:
“Dünyada vicdanının səsinə qulaq asan, insanlara təmənnasız xidmət etmək istəyən, mərhəmətli, qayğıkeş insanlar çoxdur. Bu insanlar tükənsə, dünya da tükənəcək. Mənə belə insanlar kömək etdilər, yardımçı oldular. Mən onların hesabına özümü realizə edə bildim, məşhurlaşdım. Əgər onlar olmasaydılar, yəqin ki, mənim gözüm yenə də gecə barlarında sərxoş müştərilərin əlində qalacaqdı...”
Din Rid hədsiz dərəcədə vətəninin sevən, vətənpərvər bir insan olub. Amma o, ABŞ-ın apardığı siyasətlə barışa bilməyib. Hegemonluq, nüvə hədələri, planetdə mütləq söz sahibi olmaq siyasətini Din Rid qəbul edə bilməyib. Elə bu səbəbdən də o, Amerikanı tərk edib.
Bir müddət Latın Amerikası ölkələrində yaşayan Din Rid öz yaradıcılığı ilə dünyanın ən sevilən müğənnisinə, aktyoruna, bəstəkarına çevrilib. O cümlədən müğənni bu ölkələrdə ABŞ siyasətini tənqid edən siyasi fiqur kimi də populyarlaşıb. Onu siyasi fəaliyyətinə görə Argentinada həbs ediblər, qısamüddətli cəzasından sonra isə o, Argentinadan deportasiya olunub.
Latın Amerikasından Avropaya transfer edən Din Rid yenidən öz konsertləri ilə turneyə çıxıb. SSRİ-nin böyük şəhərlərində keçirdiyi konsertlərlə Din Rid sovet vətəndaşlarının ən sevimli müğənnilərindən birinə çevrilib. SSRİ-də Din Ridin sevilməsinin digər səbəbi isə müğənninin siyasi baxışlarına görə olub. O, SSRİ-də komsomol həyatı haqqında yüksək fikirlər söyləyib, bir neçə dəfə Baykal-Amur Magistralının tikintisinə komsomol göndərişi ilə gedən gənclərlə görüşüb. SSRİ-də Din Ridin mahnılarından ibarət satılan valların sayı milyonları ötüb.
Müğənni daimi yaşayış yeri kimi SSRİ-ni seçməyi haqqında düşünüb, Moskvada mənzil almaq arzusu da olub. Amma o, bu istəklərini reallaşdırmayıb. 1973-cü ildə Din Rid dami yaşıyış yeri kimi Almaniyanı (ADR) seçib.
Din Rid rəsmi olaraq üç dəfə nikahda olub. O, birinci dəfə Holluvud aktrisası Patrisiya Hobsla ailə həyatı qurub. Çütlük uzun müddət birlikdə dünyanın yarısını dolaşsalar da, onların nikahı pozulub.
Müğənni ikinci dəfə Almaniyada Vibke Dorndek adlı müəllimə ilə evlənib. Həmin xanım Almaniyanın xüsusi xidmət orqanlarına xidmət edib. Onun qarşısına qoyulan vəzifə öz sevgisi ilə Din Ridi Almaniyada saxlamaq olub. Bu nikah 1977-ci ildə pozulub. Sonradan məlum olub ki, Vibke Dorndek Almaniya Kommunist Partiyasının rəhbəri Erik Honnekerin bacısı qızıdır. Və həmin xanım sonralar Almaniyanın Xarici İşlər Nazirliyində ən yüksək vəzifələrdən birini tutub.
Müğənni bu ayrılıqdan sonra Moskvada səfərdə olarkən milliyətcə eston və SSRİ vətəndaşı olan Eva Kivi ilə tanış olub. Aralarında ciddi münasibətlər olmasına baxmayaraq, cütlük rəsmi nikaha girə bilməyib. Sonralar Eva Kivinin söylədiyinə görə, onların rəsmi nikahına Erik Honekker mane olub. Bu qeyri-rəsmi münasibət 10 ilə qədər davam edib.
Üçüncü dəfə Din Rid Almaniyada aktrisa Renate Blyumla ailə qurub. Cütlüyün xoşbəxt ailə həyatı cəmi 5 il davam edib. Bu dəfə nikah pozulmayıb. Ayrılığın səbəbi Din Ridin müəmmalı ölümü olub.
17 iyun 1986-cı ildə Berlinin şimalında yerləşən Tsoyton gölündə Din Ridin meyidi aşkar edilib. Müəmmalı ölümlə bağlı fərqli versiyalar irəli sürülüb. Sonuncu həyat yoldaşının versiyasına görə, onun ölümünü Almaniyanın xüsusi xidmət orqanları təşkil edib, dostlarının fikrincə, Din Ridin ölümünün səbəbə bədbəxt hadisə olub, digərlərinin qənaətinə görə müğənni intihar edib.
Bu versiyaların araşdırılmasına çox da ciddi yanaşılmayıb. Tibbi ekspertiza Din Ridin ölümünü yüksək dozada yuxu dərmanları qəbul etməklə bağlı olduğunu bildirib. Belə ki, meyit ekspertiza tərəfindən yarılarkən onun mədəsində hələ də həll olunmamış yuxu dərmanları aşkar edilib.
Din Rid Almaniyada dəfn olunub. 1991-ci ildə isə ailə üzvlərinin istəyi ilə müğənni ikinci dəfə ABŞ-ın Kolorado ştatının Bouldere şəhərində Qrin-Mauntin qəbirstanlığında dəfn edilib.
Cəmisi 47 il ömür yaşayan Din Rid 40-dan artıq ölkədə keçirilən sorğuya görə ən sevimli müğənnilərdən biri sayılıb. Digər sorğuya görə, Din Rid planetdə yaşayan yoxsul ailələrin yaşam tərzini dəyişmək üçün ən mötəbər tribunalarda haqq səsini ucaldan müğənnilərdən biri olub. 20-dən artıq filmdə yaratdığı obrazlarla da məşhurlaşan müğənninin mahnıları yazılan disklərin satış sayı 40 milyonu ötüb...(musavat)
İlham Cəmiloğlu