Stalinin kabinetində iki dəfə büdrəyən sərxoş nazir –Rəhbər onun iki arvad saxlamasına göz yumub
Digər sovet liderlərindən fərqli olaraq İosif Stalin tabeliyində olan dövlət məmurlarına qarşı daha tələbkar və daha sərt olub. Bu da sirr deyil ki, Stalinin cəza metodları və tətbiq dairəsi də xeyli fərqlənib. Yəqin elə buna görədir ki, Stalinin hakimiyyəti illəri “böyük terror”, “repressiya illəri”, “böyük təmizlik” ifadələri ilə daha çox yadda qalıb...
Yenixeber.org: Amma bu amansızlıq və qəddarlıqla yanaşı, Stalin mərhəmət hisslərindən, xoş münasibət sərgiləməkdən də məhrum olmayıb. O, xüsusilə işini bəyəndiyi və dəyərləndirdiyi dövlət məmurlarına güzəştə getməyə bacarıb, hətta səhvlərini də bağışlayıb.
Belə məmurlardan biri də uzun illər SSRİ kənd təsərrüfatı naziri (qurumun adı ayrı-ayrı illərdə müxtəlif olub) vəzifəsində çalışan İvan Benediktov olub. Benediktovun müharibənin ən ağır dövründə, 1941-1942-ci illərdəki fəaliyyətini Stalin yüksək qiymətləndirib. Ordunun və əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında, ehtiyat taxıl fondunun yaradılmasında, ölkənin ərzaq proqramının mövcud dövrə uyğun tənzimlənməsində onun xidmətləri danılmaz fakt kimi ölkə tarixinə yazılıb.
Amma sözsüz ki, Benediktovun da fəaliyyəti nöqsansız olmayıb. Nazir xüsusilə də ailə-məişət məsələləri ilə bağlı bir neçə dəfə Kremldə müzakirə mövzusuna çevrilib. Ancaq o, digər həmkarlarından fərqli olaraq Stalinin qəzəbəinə yox, mərhəmətinə tuş gəlib.
Belə hadisələrdən biri də Benediktovun həyat yoldaşının ad günündə baş verib. Həmin gün nazir Moskva yaxınlığında ezamiyyətdə olub. O, işlərini görüb qurtardıqdan sonra qərara gəlib ki, axşamdan xeyli keçmiş olsa da Moskvaya qayıtsın, ad günündə həyat yoldaşı ilə birlikdə olsun. Saat 22-23 radələrində Bendiktov evinə çatıb. Məclis qızışıb, gecikdiyinə görə naziri 3 dəfə araqla dolu qədəhlə “cəzalandırıblar”. Təxminən gecə saat 2 radələrində telefona zəng gəlib. Telefon xəttinin o başından Stalinin şəxsi katibi Poskrebışevin səsi eşidilib:
- İvan Aleksandroviç, yoldaş Stalin sizi təcili yanına çağırır. Sürücü çağırmayın, maşın göndərmişik, 5 dəqiqədən sonra o, sizi həyətdə gözləyəcək.
Təbii ki, 3-4 saat davam edən məclisdən sonra nazirin vəziyyəti birincinin kabinetinə getmək üçün arzuolunan vəziyyətdə olmayıb. Amma heç başqa çıxış yolu da tapılmayıb.
Benediktov kabinetə girəndə müvazinətini itirib və yıxılmaqdan özünü güclə saxlayıb. Bu, Stalinin diqqətindən yayınmayıb. O, nazirə oturmağa yer göstərib. Benediktov əyləşmək istəyəndə ikinci dəfə müvazinətini itirib, amma bu dəfə də bəxti gətirib, yıxılmayıb.
Stalin naziri sorğu-suala tutub, nazirliyin işləri ilə maraqlanıb, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı rəqəmləri soruşub. Benediktov bütün suallara geniş və ətraflı cavab verib. Cavablar və göstəricilər Stalini qane edib və o, söhbətə yekun vurub:
- Yoldaş Benediktov, sizin başınız ayaqlarınızdan fərqli olaraq çox yaxşı işləyir. Amma narkomlar içkiyə və əyləncəyə az vaxt sərf etsələr, daha yaxşı olar.
Nazir getmək üçün icazə istəyib. Stalin ondan bir dəqiqə gözləməyi xahiş edib. O, şkafın siyirməsini açaraq oradan götürdüyü iri şokolad qutusunu Benediktova uzadıb:
- Mənim əvəzimdən həyat yoldaşınızı təbrik edərsiniz.
Sonralar öz xatirələrində Benediktov həmin günü belə xatırlayıb:
“Həmin gün heç vaxt yadımdan çıxmayacaq. Ona görə yox ki, mən gecə Kremlə dəvət olunmuşdum. Belə hallar tez-tez olurdu. Stalinin məni içkili vəziyyətdə görüb cəzalandırmamağı da təəccüblü deyildi. O, hər şeyi anlayan adam idi, söylənildiyi qədər də amansız deyildi. Məni təəcübləndirən o idi ki, həmin gün mənim Moskvada olduğumu heç kim bilmədiyi halda, Stalin haradan bilmişdi ki, mən evdəyəm və həyat yoldaşımın ad günüdür...”
İvan Benediktov ikinci dəfə də ailə məsələsi ilə bağlı Stalinin mərhəməti ilə üzləşib. Nazirlər Sovetinin geniş tərkibli iclaslarının birində Stalinə məruzə ediblər ki, Benediktov sovet əxlaq normalarına zidd hərəkət edərək iki arvad saxlayır və iki bağ evi tikdirir. Nazir haqqında mənfi rəy yaratmaq ideyası Beriyaya məxsus olub. Beriya bütün vasitələrlə Benediktovu siyasi səhnədən uzaqlaşdırmağa cəhd edib. Stailin söylənilənlərə diqqətlə qulaq asdıqdan sonra məsələyə münasibət bildirib:
- Əgər kimsə iki nazirin işini görürsə, onun iki arvad saxlamağa və iki bağ evi tikməyə haqqı var. Əgər siz buna etiraz edirsinizsə, biz iki nazirliyi birləşdirib Benediktovu nazir təyin edərik, o da arvadların birini və bağ evinin ikincisini ixtisara salar. Odur ki, arvadların sayından asılı olmayaraq hər iki variantda Benediktov nazir kürsüsündə əyləşəcək.
İvan Benediktov 1902-ci ildə Kostromoda anadan olub. Timiryazev adına Kənd Təsərrüfarı Akademiyasında ali təhsil alıb. 1927-ci ildən 1930-cu ilə qədər Özbəkistanda Torpaq komissarlığında müxtəlif vəzifələrdə çalışıb. 1937-ci ildə İvan Benediktov Rusiya taxıl və heyvandarlıq təsərrüfatı komissarı, 1938-ci ildə SSRİ torpaq komissarının birinci müavini, həmin ilin noyabrında isə komissar (nazir) təyin edilib.
İvan Benediktov Kənd Təsərrüfatı Nazirliyində ən uzunömürlü rəhbər olub. O, ayrı-ayrı iki müddətdə 15 il bu vəzifəni daşıyıb.
Stalinin vəfatından sonra Beriyanın təzyiqi ilə Benediktov nazir vəzifəsindən uzaqlaşdırılaraq Hindistana səfir göndərilib. Bir neçə aydan sonra Beriya həbs olunduqda Nikita Xruşov onu yenidən Moskvaya çağırıb, əvvəlki vəzifəsinə qaytarıb.
Xruşovun hakimiyyəti illərində Benediktov aparılan islahatlarla razılaşmayıb və Xruşovla aralarında fikir ayrılığı yaranıb.
Beləliklə də Benediktov yenidən 1959-cu ildə Hindistana göndərilib və bu ölkədə 1967-ci ilə qədər səfir işləyib.
Stalinin qızı Svetlana Alliluevanın Hindistanda Amerika səfirliyinə getməsi və sığınacaq istəməsi hadisəsi məhz Benediktovun bu ölkədə səfir işlədiyi ərəfəyə təsadüf edib. Bu məsələdə Benediktovun da yardımı olduğu müəyyənləşib və onu vəzifəsindən azad edərək bu dəfə Yuqoslaviyaya səfir təyin ediblər.
1971-ci ildə Benediktov Yuqoslaviyadan Moskvaya qayıdıb və təqaüdə çıxıb.
Benediktov ömrünün son illərini memuarlar yazmağa həsr edib. Ö, öz xatirələrində Stalinin vətən qarşısındakı xidmətlərinə böyük dəyər verib. Nikita Xruşovun hakimiyyət illərini isə SSRİ-ni uçuruma aparan illər kimi qiymətləndirib.
İvan Benediktov 1983-cü ildə, 81 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(musavat)
İlham Cəmiloğlu