Sovet hökuməti qurulduqdan sonra SSRİ-də yaşayış məntəqələrinə tanınmış siyasi və dövlət xadimlərinin adlarının verilməsi ənənə halına çevrilib, ayrı-ayrı şəhər və rayonlar “tanınmış” siyasilərin adını daşıyıb, Leninqrad, Stalinqrad, Voroşilovqrad, Kalininqrad, Ulyanovsk və s. O cümlədən bu ənənə Azərbaycanda da geniş tətbiq edilib. Təkcə Stepan Şaumyanın adı Azərbaycanın üç böyük yaşayış məntəqəsinə verilib, Bakının Şaumyan rayonu (İndiki Xətai rayonu), Stapanakert şəhəri (indiki Xankəndi şəhəri), Goranboyun ərazisində yerləşən Şaumyan kənd rayonu. Həmçinin Gəncənin tarixi adı dəyişilərək Kirovabad, Beyləqan isə Jdanovun adını daşıyıb. Bu siyahını uzatmaq da olar. 

Düzdür, tarixi adlar SSRİ-nin süqutundan sonra yenidən bərpa edilib. Amma bu da faktdır ki, illər boyu sənədlərdə, doğum və ölüm haqqında şəhadətnamələrdə, kitablarda, xüsusilə də dərsliklərdə bu adlar tarixin arxivinə düşüb.

SSRİ-də “adqoyma” məsələsinin prosedur qaydaları çox rahat və asan icra edilib. Kremldən vilayət , şəhər və rayon partiya komitələrinə qeyri-rəsmi təklif-göstərişlər verilib, yerlərdə bu, büro iclaslarında gündəliyə salınaraq qərar qəbul olunub və sonda Moskvaya təxminən bu məzmunda məktub göndərilib: “Çoxsaylı müraciətlərii nəzərə alaraq partiya komitəsinin bürosunda qərara alınıb ki, şəhərin (yaxud da rayonun) adı dəyişdirilsin. Mərkəzi Komitədən, SSRİ Ali Soveti Rəyasət Heyətindən və SSRİ Nazirlər Sovetindən xahiş edirik ki, büronun müraciətinə müsbət cavab verəsiniz...”

Əslində isə yerli sakinlər bu yazışma “oyunlarından” xəbərsiz olublar. Yalnız rəsmi qərar mətbuatda dərc edildikdən sonra xəbərdar olublar ki, başqa bir şəhərin sakinləridirlər. Etiraz etməyə cəhd edənlərə isə susmaqları məsləhət görülüb, əks təqdirdə cəzaların tətbiq olunacağı xəbərdarlığı edilib.

Ancaq “adqoydu” mərasimi heç də həmişə sakitliklə ötüşməyib. Hətta yeni adın geri götürülməsi, yəni SSRİ Nazirlər Sovetinin qəraraının ləğv edilməsi ilə bağlı hadisələr də baş verib.

1984-cü ilin dekabrın 20-də marşal Dmitri Ustinov vəfat etdikdən 4 gün sonra Kremldə onun adının Udmurtiya Muxtar Respublikasının paytaxtı İjevsk şəhərinə verilməsi haqqında məsələ qalxıb. Təşəbbüsü Konstantin Çernenko irəli sürüb. Çernenko bununla onun baş katib seçilməsində xüsusi rolu olan Ustinova son minnətdarlıq borcunu vermək istəyib.
Baş katibin göstərişi ilə Udmurtiya Muxtar Respublikasının birinci katibi Valeri Marisov təcili Kremlə dəvət olunub. Onu Mərkəzi Komitədə müdaifə sənayesi şöbəsinin müdiri İqor Dmitrov qəbul edib. Şöbə müdiri baş katibin göstərişini Marisova çatdırıb:

- Siyasi Büro və şəxsən Konstantin Çernenko İjevsk şəhərinə marşal Dmitri Ustunovun adının verilməsini məqsədəuğun sayır.

Bu tələskənliyi anlamayan Valeri Marisov məsələnin bu cür tezliklə həllinin çətin olduğunu söyləyib:

- Biz əvvəlcə gərək yerli sakinlərlə bunu razılaşdıraq, onların fikrini bilək, müzakirə aparaq...

İqor Dmitrov onun sözünü yarımçıq kəsib:

- Məsələ düşündüyünüz qədər də mürəkkəb deyil. Siz vilayət partiya komitəsinin büro üzvlərini çağırın və qərar qəbul edin. Kremlin və partiyanın iradəsinə qarşı heç kim əks çıxa bilməz.

Dekabrın 27-də Udmurtiya vilayət partiya komitəsinin büro iclası keçirilib, büro üzvləri yekdilliklə İjevsk şəhərinin adının dəyişilib Ustinov şəhəri olmasına səs verib. Elə həmin gün büronun qərarı telefonoqramma ilə SSRİ Nazirlər Sovetinə göndərilib və elə həmin gün də Nazirlər Soveti müvafiq qərar çıxarıb.

İjevsk sakinləri qərar haqqında yalnız yeni il bayramından sonra xəbər tutublar. Şəhərin adının dəyişilməsi ciddi etirazlara səbəb olub.

İlk etiraz aksiyası yanvar ayında şəhərin “Kolos” kinoteatrının qarşısında keçirilib. Minlərlə insanın toplaşdığı mitinq hüquq-mühafizə və dövlər təhlükəsizliyi orqanlarının əməkdaşları tərəfindən dağıdılıb. 12 nəfər həbs olunub.

Həbslərə baxmayaraq, yerli sakinlər şəhərin tarixi adının bərpa edilməsi üçün mübarizələrindən əl çəkməyiblər.

Dövlət qurumları isə öz işlərini davam etdiriblər, “İjevsk” univermağının adı dəyişilərək “Mərkəzi univermaq qoyulub, “İjevsk” mühmanxanasının üzərindən adı götürülüb, hava limanın giriş hissəsinə iri hərflərlə “Ustinov” yazılıb, yeni pasportlarda doğum yeri qrafasına Ustinov şəhəri yazılıb. Televiziya və radio verlişlərində İjevsk sözü Ustinovla əvəz olunub. Sözsüz ki, bütün bunlar ijevskliləri daha da qıcıqlandırıb.

Növbəti etiraz mitinqi hava limanında baş tutub. Etirazçılar aeroportun qarşısına vurulmuş “Ustinov” sözünü sökməyə cəhd ediblər. Milislərlə qarşıdurma yaranıb. Bu dəfə 8 nəfər həbs edilib, qarşıdurma zamanı 4 nəfər bədən xəsarəti alıb.
Günü-gündən etirazçıların sayı çoxalıb, şəhərin ictimai fəalları, ziyalıları, tələbələri də mübarizəyə qoşulublar.

Uzun müddət təkcə İjevskdə deyil, bütövlükdə muxtar respublikada gərginlik yaşanıb. Yerli partiya orqanları, milis, dövlət təhlükəsizlik idarəsi etirazların qarşısını ala bilməyiblər. Hətta İjevskdən olmayan, amma bu şəhərdə yerləşən hərbi hissələrin zabit və əsgərləri də yazılı şəkildə Kremlə öz etirazlarını bildiriblər.

1985-ci ilin fevral ayında Ali Sovetə seçkilər keçirilən zaman İjevskdə minlərlə seçici bülletenlərinə “Biz İjevskə səs veririk” yazıblar.

Mübarizə 900 gün davam edib. Şəhər əhalisinin 90 faizinin tarixi adın bərpası ilə bağlı təkidi və mübarizəsi öz nəticəsini verib. Nəhayət, 19 iyun 1987-ci ildə mərkəzi televizya ilə İjevskin tarixi adının bərpa olunması haqında qərar səsləndirilib. SSRİ Nazirlər Sovetinin 27 dekabr 1984-cü il tarixli qərarı isə ləğv edilib./musavat/