Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakı toylarında daha kabab verilməyəcək?-Narazı səslər yüksəldi

Ötən həftə İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib. 

Yenixeber.org: Nazirlikdən redaksiyamıza verilən məlumata görə, monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən “Amor”, “Mələk Palace”, “Grace Hall”, “Ayla”, “Monte Karlo”, “Madonna”, “Al saray”, “Səbinə”, “Həyat Hall” və “Piano” şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb. Qərarın icrasının təmin olunması məqsədi ilə sənədlər icra və probasiya şöbələrinə göndərilib. 

Axı kababsız nə toyxana, nə toy?

Bəs şadlıq sarayları böyük məbləğdə xərc çəkib aldıqları filtrləri niyə vaxtaşırı təmizləmirlər? Manqal olmadan şadlıq sarayları və restoranlarda toy məclislərinin əsas yeməyi olan kababı harada bişirəcəklər? Yoxsa kabab ümumiyyətlə, menyudan çıxarılacaq? Bu suallara aydınlıq gətirmək üçün manqala məhdudiyyət qoyulan şadlıq saraylarının bir neçəsinə zəng etdik. Maraqlıdır ki, əlaqə saxladığımız şadlıq saraylarından isə nazirlik tərəfindən heç bir yoxlama aparılmadığını iddia etdilər. Onların sözlərinə görə, filtrlər vaxtlı-vaxtında təmizlənir.

“Amor” şadlıq sarayının inzibatçısı  Ruslan Hüseynovun sözlərinə görə,  manqal qadağasından noyabrın 19-u xəbər tutublar. Həmin gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı şadlıq sarayına gələrək manqalın bağlanmalı olduğunu bildirib. 

“Bundan sonra kababı restoranın həyətində bişirəcəyik...”

“Bizə dedilər ki, sizdə havanın təmizlənməsi normaya uyğun deyil. Guya, noyabrın 7-də üç əməkdaş gəlib bizdə yoxlama aparıblar. Axı mənim və ya restoranın digər məsul şəxslərinin iştirakı olmadan necə yoxlama aparıla bilər? Həmin yoxlama aparanlardan birinin nömrəsini alıb zəng etdim, dedi ki, biz kənardan müşahidə eləmişik, içəri girməmişik. Axı bu düzgün deyil, nazirliyin gözü tərəzidir ki? Bizim şadlıq sarayında filtrlər 14 gündən bir təmizlənir. Digər tərəfdən, əgər həqiqətən də, bizdə filtr təmizlənməyibsə, niyə 12 gün gözləyiblər? Niyə dərhal tədbir görülməyib?”,- inzibatçı deyib.

“Monte Karlo” şadlıq sarayının başinzibatçısı Babək Bayramov isə ironiya ilə bundan sonra kababı restoranın həyətində bişirəcəklərini deyir: “Keçən il Nizami Rayon İcra Hakimiyyətində iclas oldu və orada bizə bildirdilər ki, tüstünün təmizlənməsi üçün qurğu almalıyıq. ETSN-nin sertifikatı olan 17 min 600 manatlıq cihaz almışıq. İndi də deyirlər ki, həmin cihazı dəyişməlisiniz, elektriklə işləyən cihaz alın. Axı niyə cihazı dəyişməliyik ki? Bütün şadlıq sarayları bizim kimi işləyir, ölkədə cəmi 3 şadlıq sarayında elektriklə işləyən qurğu var. Belə çıxır ki, bundan sonra kababı restoranın həyətində bişirəcəyik…”

Hardan biliblər ki, filtr təmizlənmir?

“Pioano” şadlıq sarayından da filtrin vaxtlı-vaxtında təmizləndiyini dedilər: “Bizim şadlıq sarayında heç kim yoxlama aparmayıb. Təzəlikcə filtri təmizləmişik, haradan belə qənaətə gəliblər ki, biz filtri təmizləmirik?”, - administrator Ruslan Əkbərov deyib.

“Madonna” şadlıq sarayından da eyni cavabı aldıq. Restoranın administratoru Rüfət Babayev bildirdi ki, filtr vaxtlı-vaxtında təmizlənir: “30 min manat civarında pul verib təmizləyici qurğu almışıq, necə ola bilər ki, ona biganə qalaq, təmizləməyək? Biz filtri vaxtaşırı 3 manat pul verib moykada yudurduruq”.

İnzibatçı deyib ki, şadlıq sarayına ümumiyyətlə, gəlib yoxlama aparan olmayıb: “ATƏT də cəbhədə monitorinq keçirəndə, bizdən nümayəndə iştirak edir. Necə olur ki, bizim şadlıq sarayında yoxlama aparılır, bizim xəbərimiz olmur? Biz bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazacağıq. Nazirliyi də məhkəməyə verəcəyik”, - R. Babayev deyib.

ETSN rəsmisi: “Ətrafa iy,  tüstü yayılır, insanlar narazı qalır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova şadlıq saraylarının inzibatçıları tərəfindən səsləndirilən iddialarla cavab verib: " Bu, aparılan monitorinqlərin nəticəsidir. Kimin iradı varsa,  məhkəməyə müraciət etsin,  nazirliyə də müraciət edə bilərlər. Bu onların qanuni haqqıdır və biz də hər kəsə maksimum dərəcədə açığıq, iradları dinləməyə hazırıq. Amma onu da xüsusi olaraq vurğulayıram ki, görülən tədbirlər  aparılan monitorinqlərin nəticəsi əsasındadır.  Monitorinqlər  təsdiqləyir ki,  obyektlər təmizləyici qurğunun əsas hissəsi olan filtrlərin vaxtaşırı  təmizlənməsini, dəyişdirilməsini təmin etmədiklərindən  ətraf ərazilərə  yenə də  iy, tüstü  yayılır ki, bu da insanların haqlı narazılğına və bizə müraciətinə səbəb olur." 

“İçəri girməyə ehtiyac yoxdur, çünki tüstü havaya buraxılır...”

İ.İbrahimovanın sözlərinə görə,   monitorinqlər  şadlıq sarayının içində deyil, ətrafında aparılır və havadan nümunələr götürülür. "Çünki tüstü havaya buraxılır, bunun üçün restoranın içərisinə daxil olmağa ehtiyac yoxdur. Kimsə hesab edirsə ki, obyektin içərisində yoxlama aparılmayıb və ya onların qurğuları iy, tüstü buraxmır,  manqallarında kabab bişirilən vaxt sadəcə ətraf ərazidə dayanıb, bu mənzərəni "seyr etsinlər. Əgər tüstü, çirklənmə yoxdursa biz bunu niyə etməliyik, kiminsə manqalını niyə bağlamalıyıq?"

Mətbuat xidmətinin rəhbəri həmçinin bildirib ki, nazirliyə daxil olan vətəndaş müraciətlərinin və aparılan monitorinqlərin təhlili göstərir ki, tüstü ilə havaya iy-qoxu yayan iaşə obyektlərinin əksəriyyəti paytaxtın Nizami rayonunda yerləşir.

Nazirliyin işçiləri toy vaxtı içəri girib manqalları söndürəcək!

 “Monitorinqlər zamanı daha çox bu rayonun ərazisində çirklənmə səviyyəsinin yüksək olması qeydə alınıb. Ona görə də Nizami rayonu ərazisində yerləşən və təmizlənməmiş tüstünü atmosferə atan bütün şadlıq saraylarında da manqalların istifadəsinə qadağa qoyulacaq. Bu gün, sabah yəqin ki, həmin şadlıq saraylarında toylar olacaq. Obyekt rəhbərləri nəzərə alsınlar ki, bizim əməkdaşlar və məhkəmə içraçıları gəlib manqallardan istifadəni dayandıracaq. Odur ki, indidən tədbirlərini görsünlər".

Daha bir monitorinq və ...üç toyxana yenə kabab bişirəcək

Ötən gün ETSN manqal qadağası barədə yeni bəyanatla çıxış edib və yuxarıda adları çəkilən şadlıq saraylarından üçünə qoyulan məhdudiyyətin növbəti monitorinqdən sonra götürüldüyünü bildirib.

Nazirliyin Departament direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında qeyd edib ki, söhbət “Monte Karlo”, “Madonna” və “Piano” şadlıq saraylarından gedir.  

Onun sözlərinə görə, həmin şadlıq saraylarında bir neçə gün əvvəl keçirilən monitorinq zamanı təmizləyici qurğulara texniki xidmət göstərilməməsi, filtrlərin vaxtaşırı təmizlənməməsi müşahidə edilmişdi və havaya normadan artıq tullantı atıldığına görə manqalların istifadəsinə məhdudiyyət qoyulmuşdu: "Adıçəkilən iaşə obyektlərinin sahibləri mövcud problemi artıq aradan qaldırdığından onların manqal fəaliyyəti yenidən bərpa olunub."

"Amma bu o demək deyil ki, onlar cərimədən azad olunurlar"- deyən nazirlik rəsmisi bildirib ki, əgər obyekt sahibləri cərimə olunmalarını, manqallarının bağlanmasını istəmirlərsə, daimi olaraq təmizləyici qurğuların filtirlərinə nəzarət edərək onların vaxtlı-vaxtında təmizlənməsini, dəyişdirilməsini təmin etməlidirlər: "İnsanlarımızın narahatçılığına, atmosferin çirkləndirilməsinə səbəb olan şərait yaranmasın".

ETSN rəsmisi eyni zamanda digər şadlıq sarayları sahiblərinə də müraciət edib: " Təmizləyici qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsi mütləqdir, bundan sonra da havanı çirkləndirən iaşə obyektləri barədə məhdudlaşdırıcı tədbirlər görüləcək, araşdırma və monitorinqlər davam etdiriləcək".

Qeyd edək ki, prezident İlham Əliyev ötən il oktyabrın 9-da Nazirlər Kabinetində keçirilən iclasda havanı çirkləndirən iaşə obyektləri ilə bağlı sərt danışmışdı. Bildirmişdi ki, havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib: “Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı”.

Prezidentin müvafiq göstərişindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakıda yerləşən 500-dən artıq irili-xırdalı restoran və kafelərə sözügedən qurğuların quraşdırılması ilə bağlı tövsiyə edilmişdi. Hazırda restoran vəşadlıq saraylarında bu qurğular quraşdırılsa da, vaxtaşırı olaraq təmizlənmədiyindən havaya zəhərli tüstü buraxılması hallarına rast gəlinir.(virtualaz) 

Gülnar Əliyeva

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam