Yenixeber.org:  ETSN-in rəsmiləri şadlıq saraylarına baş çəkərək onların tüstü vasitəsilə ətraf mühitə vurduqları ziyan ölçüblər.

Reyd zamanı “Lido” və “Cıdır düzü” restoranlarında monitorinq aparılıb. Götürülən nümunələr əsasında laboratoriya şəraitində analiz aparıldıqdan sonra müvafiq qərar veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, nazirlik tərəfindən ictimai iaşə obyektlərinə vaxt verilib ki, atmosferə atılan tullantılarla bağlı mövcud problemlərin aradan qaldırılması üçün təmizləyici qurğular quraşdırılsın:

“Verilən vaxt başa çatdıqdan sonra monitorinq keçirilib. Bu günə kimi 183 iaşə obyektində yoxlamalar aparılıb. Məlum olub ki, paytaxtda yalnız doqquz obyektdə bu avadanlıqlar quraşdırılıb. Onlardan 56-da artıq şirkətlərlə rəsmi müqavilələr bağlanıb”.

Ramal Bağırov bildirib ki, avadanlıqların quraşdırılması üçün işlərə başlayan obyektlər cərimədən kənarda saxlanılıb:

“88 obyekt bu istiqamətdə heç bir iş aparmayıb. Bu obyektlərin 30-da monitorinq aparılıb, artıq onların cərimələnməsi üzrə işlər görülür. Cərimənin miqdarı atmosferə atılan zəhərli qazın normadan neçə dəfə çox olmasından asılıdır”.

Reyddə restoranın məsul şəxsləri bildirib ki, lazımi avadanlıqlar quraşdırılacaq:

“Avadanlıqların quraşdırılması üçün Azərbaycanda şirkət tapılmayıb. Bir həftədir həmin avadanlıqları satan şirkətlərlə danışıqlar aparmışıq. Yaxın vaxtlarda şirkətlə müqavilə bağlayıb, avadanlıqları quraşdıracağıq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır:

“Əgər belə olsaydı, heç bir xəbərdarlıq olunmadan obyekt sahibləri ilk gündən qanunamüvafiq qaydada cərimə olunardılar. Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır ki, bu da havanın lokal xarakterli çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur.

ETSN-nin 24 saat fəaliyyət göstərən 168 nömrəli Qaynar xəttinə vətəndaşlardan çoxlu şikayətlər daxil olub. Bununla bağlı Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb.

Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, əksər restoranlarda atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır”.

 

Nazirlik rəsmisi qeyd edib ki, nazirlik tərəfindən ictimai iaşə obyektləri və şadlıq evlərinə, havaya atdıqları tüstü axınına və qoxuya görə xəbərdarlıq məktubları göndərilib:

“Onlarla görüşlər keçirilmiş və müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması məqsədilə vaxt verilmişdi.

İctimai iaşə obyektlərinin sahiblərinə tərəfimizdən humanistlik göstərilərək təmizləyici qurğuların quraşdırılması üçün yenidən əlavə 15 gün vaxt verilmişdi. Sentyabrın 01-i həmin vaxt başa çatıb. Görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara məhəl qoymayan, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə artıq sərt tədbirlərin görülməsinə başlanılıb.

Görülən inzibati tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik tərəfindən həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq”.

Bildirilib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evlərinə qarşı reydlər davam etdiriləcək. (oxu.az)