ANKARA QƏTƏRDƏ İKİNCİ HƏRBİ BAZA AÇIR: Yaxın Şərqdə Türkiyə-Qətər-İran-Rusiya pasyansı baş tutacaqmı? –Təhlil
Türkiyə prezidenti Qətərdə türk hərbi bazasında
Stanislav Tarasov
regnum.ru, 18.08.2019
Yenixeber.org: Ankara və Doha Qətərdə ikinci hərbi bazanın tikintisini bitirir. Türkiyənin “Hürriyet” nəşrinin xəbər verdiyi kimi, o, Türkiyənin artıq Əmirliklərdə 2015-ci ildən olan və Türkiyə quru qoşunları və HHQ bölmələrinin yerləşdiyi “Tarik bin Ziyad” bazası ilə yanaşı Dohadan güneydə yerləşəcək.
Ekspertlərin dəyərləndirdiyinə görə, bu gün onların sayı üç min hərbçiyə yaxındır. Bu rəqəm bu ilin payızına nəzərdə tutulan yeni bazanın açılışından sonra beş minədək yüksələ bilər. Bu hadisənin ixtisaslı qiyməti hesablama sistemini seçməkdən asılıdır. Fars körfəzində indiki böhran geniş mənada ABŞ və İran arasında bəzən qaynar mərhələyə keçmək qarşısında olan “tanker savaşı” deyilən qarşıdurma ilə əlaqələndirilir. Amerikalılar İran və Yəmən yaxınlığında sulara keşik çəkmək üçün beynəlxalq koalisiya qurmaq layihəsi ilə çıxış ediblər. Bu, müttəfiqlər içində dəstək almayıb, amma durum həm bölgəsəl, həm də xarici oyunçuları gərginlikdə saxlamaqla asılı vəziyyətdədir. Hətta Fars körfəzində bu günki dünyanın bir çox həlledici tendensiyalarının fokuslaşması baş verir. Bunlardan biri: Fars körfəzini əlyetən iqtisadi bölgələr sırasından çıxartmaq, təkcə “Şimal-Cənub” layihəsini deyil, həm də Çinin Hind okeanının şimal hissəsindən başlayaraq inteqrasiya proseslərinin transformasiyasına yönəlmiş yeni “İpək Yolu” layihəsinin ayrı-ayrı logistik yönlərini pozmaq. Hələ bu və başqa layihələrin yatırım cazibədarlığı amilindən danışmırıq.
Belə ki, Amerika-İran hərbi-siyasi qarşıdurması geniş mənada yenə də çoxmənalıdır. Buna görə də Türkiyənin Qətərdə ikinci bazasının meydana çıxması Ankaranın Vaşinqton, Paris və Londonla yanaşı bölgədə möhkəmlənmək və orada ya təhlükəsizliyin “ümumi” (ehtimal azdır), ya da məhəlli sistemini formalaşdırmaqda iştirak etmək səyləri kimi qavranılır. Bununla yanaşı, indi Suriya yönündə “yoxlamadan” keçən Rusiya ilə alyans Türkiyə və İran və müttəfiq Qətər üçün ən önəmli məna qazanır, halbuki ABŞ və NATO Fars körfəzi bölgəsində Türkiyə ilə qarşılıqlı fəaliyyətin səviyyəsini yüksəltmək niyyətində deyil. Sözün dar mənasında Yaxın Şərq dövlətlərinin maraqları və geopolitik iddialarının “üfüqi laylaşması” deyiləndən söz açmaq olar ki, bu da əvvəllər tarixdə görünməmiş və həm Səudiyyə Ərəbistanı, həm də bəzi ərəb ölkələri tərəfindən kəskin mənfi qarşılanan Ankara və Tehran alyansı tipində ittifaqların meydana çıxmağına aparır.
Türkiyə İranla birgə Qətəri dəstəkləyərək şiələrin tərəfində durmaqla şiələr və sünnilər arsındakı münaqişənin, az qala, göbəyində görünür. Nəticədə Yaxın Şərqdə güc bölgüsü o dərəcədə dəyişməyə başlayıb ki, hələ bu yaxınlarda belə bir şeyi təsəvvür etmək mümkün deyildi. Amma, bax, buna diqqət yetirmək gərəkdir. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Türkiyənin Qətərdəki hərbi bazasından danışaraq bildirib ki, Ankara “ayrıca bir ölkənin deyil, bütün Fars körfəzi bölgəsinin təhlükəsizlik təminatı ilə məşğuldur”, “biz Fars kötfəzi ölkələrini təhdid edən təhlükəni sanki bizə də qarşı yönəlmiş kimi qəbul edirik”. Yəni Türkiyə bölgədə haçansa Osmanlı imperiyasına daxil olmuş ərazilərdə özünün tarixi maraqlar zonasını açıq göstərməyə başlayıb. Hətta ABŞ HHQ-lərinin ən güclü bazasının, habelə Vaşinqtonun başçılığı altında əməliyyatların icrasına sorumlu hərbi kontingentin Mərkəzi Komandanlığı qərargahının Yaxın Şərqdə yerləşdiyinə baxmayaraq. Türkiyənin “Yeni Şafak” qəzeti bununla bağlı versiya səsləndirir ki, amerikalılar “bölgəni tezliklə tərk edə bilər” və “Türkiyə öz planını gerçəkləşdirməyə başlayar”.
Təsadüfi deyil ki, İranda nəşr edilən “Institute for Middle East Strategic Studies” hesab edir ki, Ankara və Dohanın qarşılıqlı münasibətlərində çox şey bununla izah olunur ki, “hələ XIX yüzillikdə məhz Osmanlı hökuməti Qətərə Səudiyyə Ərəbistanından fərqlənən özünəməxsusluq qazanmağa yardım edib”. Nəşrin fikrincə, Dohanın ər-Riyadı heç vaxt təkcə “böyük ərəb qardaş” deyil, həm də “sünnilərin lideri” kimi qəbul etmədiyi buradandır. Düzdür, versiya var ki, ABŞ bu kartı pərdəarxası öz maraqları üçün oynayaraq “bölgənin təhlükəsizlik problemlərini öz müttəfiqlərinin çiyninə qoyur ki, qeyri-bölgə dövlətlərini oyundan çıxarsın”. Və “Türkiyənin planı belə ssenarilər sırasındadır”. Bunu istisna etmək lazım deyil. Amma tarixi təcrübə göstərir: belə bir durum bölgədə təhlükəsizlik və sabitliyin təminatı üçün effektsiz çıxır, çünki “bölgə oyunçuları tez, ya gec bir-birini qısqaca götürür”.
Lakin hələlik gerçək bölgə liderliyi roluna iddiaçı iki bölgəsəl lider – İran və Türkiyə Qətər əməliyyat meydanında ümumi oyun aparır. Bu, Qətərin və yumşaq deyilsə, onun opponentlərinin öz maraqları olduğu Suriyadakı duruma tətbiqən Rusiya üçün mənalı ola bilər. İstənilən halda, ABŞ-ın mövqeyinin ikili və zəif göründüyü bir durumda Doha Türkiyə tərəfdən ciddi dəstək alıb. Bütünlükdə isə Yaxın Şərqdə tarixən formalaşmış son dərəcə çox ziddiyyətlər var. Burada müstəqil siyasət yürütməyə çalışan və ya aparan bütün ölkələrin bunu nəzərə almağı lazım gəlir. O cümlədən Rusiyanın.
Tərcümə: Strateq.az