ÇİN “ASİYA NATO-su”nu GÜNDƏMƏ ÇIXARTDI: Moskva ABŞ-ın apardığı “qaydasız döyüşlər”ə ... – Araşdırma
Nerdun Hacıoğlu
Hürriyet (Türkiyə), 17.06.2019
Tacikistanda iyunun 15-də Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin ardınca baş tutan Asiyada qarşılıqlı fəaliyyət və inam tədbirləri üzrə müşavirə (AQFİTM) sammitində Pekindən önəmli təklif daxil olub. Çin lideri Si Szinpin Asiya ölkələrini NATO-ya bənzər təhlükəsizlik konstruksiyası qurmağa çağırıb.
Yenixeber.org: Çin lideri Si Szinpin Tacikistan paytaxtı Düşənbədə AQFİTM liderlərinin sammitində önəmli təklif verib: o, qeyd edib ki, Asiya ölkələri Şimali Atlantika Təşkilatı Müqaviləsinə (NATO) bənzər yeni təhlükəsizlik konstruksiyası yaratmalıdır. Si Szinpin Düşənbə sammitindəki çıxışında Asiya ölkələrinin bir çox baxımdan qorunmadığına diqqət yetirib: “Biz hesab edirik ki, Asiya ölkələrinin təhlükəsizliyinə yeni şəkildə və daha geniş çərçivədə yanaşmaq gərəkdir. Asiya ölkələri bölgəmizdə təhlükəsizlik çağırışlarına əl-ələ reaksiya verməlidir. Təhlükəsizlik sahəsində bu yeni əməkdaşlıq bölgə ölkələri arasında sıx təmaslara və qarşılıqlı inam prinsipinə söykənməlidir”.
Rusiya tərəfdən dəstək
Rusiya müşahidəçiləri Çin lideri Si Szinpinin sammitdəki bu sözlərini ABŞ-a birbaşa meydan oxumaq kimi dəyərləndirib və sıradakı nəticəyə gəliblər: “Çinn Düşənbə sammitində ABŞ başda olmaqla NATO-ya qarşı dura biləcək “Asiya alyansı” yaratmağı təklif edərək yeni addım atıb”.
Rusiya lideri Vladimir Putin sammitdə çıxış edərək çinli həmkarını dəstəkləyib, son zamanlar bütün qaydalardan yan keçməklə fəaliyyət göstərən ABŞ-ın mövqeyini tənqidə məruz qoyub.
“Qaydasız döyüşlər”ə vurğu
Putin qeyd edib ki, dünya hər şeydən qabaq iqtisadi münasibətlər baxımından “qaydasız döyüşlər” arenasına çevrilir: “Dünya iqtisadiyyatında ədalətli qarşılıqlı fəaliyyətin bərpası üçün əlaqədar ölkələr arasında genişmiqyaslı əməkdaşlıq gərəkdir. İndiki qaydasız döyüşlərdən yubanmadan imtina etmək lazımdır. Bu ciddiproblemlərin həllini tapmaq üçün indi heç vaxt olmadığı qədər kollektiv səylər tələb olunur. İlk mərhələdə sosial-humanitar sahəni, məsələn, dərmanları və tibbi avadanlığı sanksiya məhdudiyyətlərindən çıxartmaq gərəkdir”.
Putin habelə yada salıb ki, təhlükəsizliyi mökəmləndirmək çoxmillətli Asiya qitəsində ən önəmli vəzifələrdən biri olub: “Terrorizmlə mübarizə də ciddi problem kimi Asiya ölkələrinin gündəliyində durur. Terrorçu təşkilatların bioloji, kimyəvi və kütləvi qırğın silahlarının başqa növlərinə yiyəlnmək riski günbəgün getdikcə yüksəlir. Bu ciddi təhlükələrin cavabında geniş əməkdaşlıq çərçivəsində yubanmadan həll yolları aramaq gərəkdir”.
Putin Si Szinpinə dondurma bağışlayıb
Düşənbə sammitinin keçirilmə tarixi Çin lideri Si Szinpinin doğum gününün 66 illiyi ilə üst-üstə düşüb. Rusiya lideri Putin bu hadisəyə hazırlıq görüb. Putin Çinn lideri ilə erkən səhər saatlarında baş tutan ikitərəfli görüşə bir çamadan Rusiya dondurması və böyük bayram tortu ilə gəlib. Putin Si Szinpini təbrik edərək qeyd edib: “Siz deyirdiniz ki, ən yaxşı dondurma Rusiyadadır. Sizə sevdiyiniz dondurmadan gətirmişik”.
Si Szinpin sovet dönəmində populyar “Plombir” markalı bir çamadan dondurma hədiyyəsi alıb. Bayram tortunun üzərində isə yazı var idi: “66 yaşınızla bağlı təbrik edirik”.
AQFİTM-in əsasını Nazarbayev qoyub
Bu il Düşənbədə beşinci dəfə sammiti baş tutan AQFİTM çağırmaq ideyası 1992-ci ildə Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayev tərəfindən verilib. Günümüzdə sıradakı ölkələr AQFİTM üzvüdür: Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Vyetnam, Misir, İsrail, Hindistan, İordaniya, İraq, İran, Qazaxıstan, Kamboca, Qətər, Qırğızıstan, Çin, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Pakistan, Cənubi Koreya, Rusiya, Tacikistan, Tailand, Özbəkistan və Şri-Lanka. Düşənbə sammitində 13 ölkə liderlər səviyyəsində təmsil olunub: Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, Qazaxıstan, Kamboca, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkiyə, Özbəkistan və Şri-Lanka.
Tərcümə: Strateq.az.