İllərlə gömrükdə konkret monopoliya halqası yaradan “TransBroker” ASC-nin rəhbəri Əbülfəz Məlikovun brokerlərinin vergi borcu və ailələrində yaranan problelərlə bağlı ötən günlərdə məlumat vermişdik
Yenixeber.org: Məlumatda qeyd olunurdu ki, Ə.Məlikovun nəzarətində olan 5 min brokerin demək olar hər birinin vergi borcu var və bu borc Ə.Məlikov tərəfindən ödənməyib. İşin qəribə tərəfi budur ki, Məlikovun yaxın adamları brokerlərə bildirib ki, vergilər nazirliyi sizə yalandan borc yazıb. Odur ki, gözləyin silinəcək. Amma bu boc illərdir ki silinmir və buna görə, Məlikov qətiyyən narahat deyil.
Ümumiyyətlə, monopolist Əbülfəz Məlikovun kimliyini, gömrük sahəsinə necə yol tapmasını, bu sahədə necə parlamasını araşdırmışıq. Ortaya olduqca maraqlı məqamlar çıxıb ki, indi onları oxuculara təqdim edirik.
Əslən Şamaxıdan olan, milyarder Əbülfəz Məlikov bu işə siqaret satışı ilə başlayıb. 28 may metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikov Azərbaycana ilk dəfə qara yollarla siqaretlərin gətirilməsi işini həyata keçirib.
Xatırlayırsınızsa illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlər çoxluq təşkil edirdi. O zaman Azərbaycana gətirilən bu siqaretlər Əbülfəz Məlikov gətirirmiş.
Bu sahədə bacarığı olan Ə.Məlikov qısa zamanda Azərbaycandakı böyük iş adamlarının, eləcə də İrandan Azərbaycana yenicə ayaq açan biznesmenlerin yanına yol tapıb. İran əsilli iş adamı Mənüçöhr Əhədpur Xənqanla Əbülfəz Məlikovun da tanışlığı o zamanlara gedib çıxır. FHN şefi Kəmaləddin Heydərovun “beyni” hesab edilən iş adamı Mənüçöhr Əhədpur Məlikovla iş birliyinə başlayıb və gömrük sistemi məhz onun sayəsində Məlikovun əlinə keçib. Əslində gömrükdə monopoliyanın yaradılması, Broker sisteminin qurulması Mənüçöhr Əhədpurun (milliyyəti araşdırma mövzumuzdur) beyinin məhsuludur. Sadəcə bu işi daha yaxşı idarə edən Ə.Məlikov sonradan Mənüçöhr Əhədpurla qohum olub. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.
Məlumatlarda qeyd edilir ki, Əbülfəz Məlikovun gömrükdəki 5 min brokerinin hər birinin ayrılıqda işi olub. Hər brokerə (qohumlarına əmək haqqı çox verib) 700 manat əmək haqqı verən Ə.Məlikov bu brokerləri sözün həqiqi mənasında həm özündən asılı vəziyyətdə saxlayıb, həm də istismar edib.
Bildirilir ki, brokerlər iki istiqamətdə iş aparıblar.
Birinci istiqamət – Hər hansısa iş adamının ölkəyə gətirdiyi malı brokerin adına rəsmiləşdirmək və bundan sonra iş adamından əlavə pul alaraq ona məxsus malı vermək. – Broker adına rəsmiləşdirilən mala görə, Məlikovdan 100 manat alırmış. İlk əvvəllər brokerlər hər maşına görə, 30 manat istəsələr də, sonradan bu rəqəm aylıq olaraq 100 manat olub. Ay ərzində adına milyon manatlarla mal vurulan broker ayda cəmi 100 manat alırmış.
İkinci istiqamət – Brokerlər gömrük işçisi ilə bərabər (bu tam qanunsuz fəaliyyətdir) ölkəyə gətirilmiş malları böşaldaraq bir-bir baxış keçirmək və monopoliyada olan mal varsa ona əlavə rüsum tətbiq etmək. Brokerlər istənilən yükə baxış keçirə bilirmiş və onların razılığı olmadan gömrük işçisi mala toxuna bilməzmiş. Daha bir incə məqam isə brokerlərin olduğu yerə gömrük işçiləri yaxınlaşa bilmirmiş. Bir sözlə gömrük işçisi brokerin dediyi ilə oturub dururmuş. Elə isə maraqlıdır, brokerlərə verilən bu səlahiyyətin arxasında kim dayanırmış?
Mənbə bildirir ki, Əbülfəz Məlikov bir başa olaraq Bakı Göçrük İdarəsinin o zamankı rəisi Vüsal Novruzovla işləyirmiş. Vüsal Novruzov birmənalı olaraq göstəriş veribmiş ki, gömrük sistemini brokerlər idarə edəcək.
Monopoliyada olan məhsulları necə müəyyən edirmişlər? Gömrük sisteminin ən qaranlıq işi də elə bu imiş.
Gələn maşınlara bir-bir baxış keçirilirmiş və mallar tam olaraq boşaldılırmış. Əgər o malların içərisində monopoliyada olan məhsul varsa sahibinə “bunu gömrükdən keçirmək olmaz” cavabı verilmiş. Həmin mallar çox baha qiymətə rəsmilşdirilərək sahibinə verilmiş. Üstəlik bir də belə bir məhsul gətirmə kimi xəbərdarlıq edilirmiş.
Daha bir müəmmalı məsələ ölkəmizə gətirilən brend məhsulların, əsasən də ayaqqabıların rəsmiləşdirilməsidir ki, bu işlə bir başa Məlikov özü məşğul olurmuş. Ayaqqabılar adi qablaşdırılmada, çox ucuz mal kimi rəsmiləşdirilmiş. Gömrük işçilərinə bu bağlamalara baxmağa imkan verilmirmiş və onlar üçün ümumiyyətlə, ölkəyə kim nə gətirir maraqlı deyilmiş.
Çünki, bu sahəyə Məlikov və onun brokerləri nəzarət edirmiş. Hansısa problemi də Məlikov özü həll edirmiş. Daha bir müəmmalı məsələ isə, Məlikovun yaxın adamlarına gələn məhsullar gömrükdə yoxlanmırmış. Yəni, ayaqqabı qutularında başqa nələrin varlığından kimsənin xəbəri olmurmuş. Bu isə dövlətimiz üçün əsl təhlükə imiş. Bir sözlə, ölkənin qeyri-rəsmi Gömük Komitəsinin rəisi vəzifəsinn idarə edirmiş. Yaxın günlərdə Məlikovun özünün monopoliyasında olan malların ölkəyə gətirilməsi və necə rəsmiləşdiriməsi barədə ətraflı məlumat verəcəyik.(bizimxeber.az)
Şəxsən Əbülfəz Məlikovun mövqeyini işıqlandırmağa hazırıq.