“AZƏRALÜMİNİUM”DA “QARA DƏLİK” –Dövlətin 100 milyonlarını kimlər, necə yoxa çıxarır?
Əlvan metallurgiya nəhənginə axıdılan 100 milyonlar: nə Elman Rüstəmovdan o pulların yerini soruşan var, nə də özü buna maraq göstərir
Yenixeber.org: Prezident İlham Əliyevin təsdiqlədiyi Regionların Sosial İqtisadi İnkişafı üzrə Dövlət Proqramı çərçivəsində bir sıra sənaye müəssisələri Azərbaycan Beynəlxalq Bankının (ABB) kreditləri hesabına maliyyələşdirilib.
“Azəralüminium” ASC, “CTS Aqro” zavodu, “İnter Tobacco” zavodu, “İnter Glass” zavodu, “Oğuz Qlükoza” zavodu, “Bakı Ayaqqabı” fabriki, “Şəki Aqro” zavodu, “Şəki-İpək” fabriki, “Şəki Kərpic” zavodu, “General-Construction” Şirkəti, Şəki Olimpiya Kompleksi, “Mingəçevir İzolit”, Fuceyra Əmirliyindəki “İntertekstil” və“İnterstil” zavodları, “Azərbaycan Metanol” zavodu (“AzMeCo”), “Det-Al Alüminium”, “Det-Al Metal D”, və “Bakı Fındıq Emalı” zavodu (“BakFem” MMC) belə müəssisələrdəndi.
Onlara bankdan iri məbləğdə kreditlər ona görə verilmişdi ki, bu müəssisələr sənaye potensialı olan sahələrin inkişaf etdirilməsi, daxili tələbatın təmin olunması, qeyri-neft ixracının stimullaşdırılması, əhalinin məşğulluğunun təmini kimi qarşıya qoyulan məqsədləri yerinə yetirməyə dəstək versin. Bu strategiya müəyyən qədər özünü doğrultdu, yeni qurulan, eləcə də mövcud müəssisələr bu kreditlər hesabına iqtisadiyyata öz töhfələrini verdilər.
İdarəetmə yox, “toksik aktivlər”dən faydalanmaq üçün fürsət…
Və bu təşkilatlar kredit təminatı olaraq daşınar-daşınmaz əmlakları ilə birlikdə bankın girovluğuna keçmişdi. Yəni hətta bank və ya şirkət rəhbərləri ölkədən qaçıb getsəydilər belə, əmlaklar yerində qalacaqdı. Kreditlər qaytarılmadığı təqdirdə isə bu şirkətlər bankın halal əmlakı sayılırdı.
Lakin araşdırmalar göstərir ki, ABB-nin rəhbərliyində baş verən dəyişikliklər və ardınca başlayan istintaqdan sonra həmin müəssisələr heç bir əsas olmadan müxtəlif yollarla bankın nəzarətindən çıxarılıb. Belə ki, adıçəkilən müəssisələrin çoxu fəaliyyətini dayandırdı, rəhbərləri həbs edildi, işçi heyəti yoxa çıxdı, ölkədə və xaricdə qurulmuş iqtisadi əlaqələr qırıldı. Bu səbəbdən də müəssisələr ABB qarşısında kredit öhdəliklərini yerinə yetirə bilmədilər. Problemli aktivlərinin restrukturizasiyası çərçivəsində Bankın nəzarətinə keçmiş müəssisələr toksik (qeyri-işlək) aktivlər kimi “şapka Mamed” kimi tanınan Məmməd Musayevin rəhbərlik etdiyi “Aqrarkredit” ASC-nin tabeliyinə verildi.
On milyonlar hesabına qurulmuş müəssisələr məhz həmin dövrdə dağıdıldı. Sənaye müəssisələrinin işi dayandırıldı, “borclarının ödənilməsi” adı ilə əmlakları hərracda satıldı. Dövlət Proqramı çərçivəsində böyük hədəflər üçün qurulmuş müəssəslərin taleyi idaretmə öhdəliyi götürmüş qurumun sanki marağında deyildi, əksinə, belə görünürdü ki, ABB-dən ötürülmüş toksik aktivlərdən maksimum faydalanmaq üçün bir qrup adamın əlinə fürsət düşüb.
Bu zavod Mərkəzi Bankdan da 245 milyon manat alıb!
Uzun illər ABB-dən kreditləşən “Azəralüminium” “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (“ASK” ASC) mülkiyyətinə verilən 17 müəssisədən biridir.Hazırda digərləri kimi bu zavod da yeni yaradılmış, heç bir əmlakı olmayan müəssisə kimi qələmə verilməyə çalışılır. Web-səhifəsində yer alan məlumatlara əsasən “Azəralüminium” MMC “ASK” ASC tərəfindən təsis edilib. Əslində isə müəssisə “Azəralüminium” ASC-nin bazasında qurulub. Yəni MMC adıçəkilən ASC-nin hüquqi varisidir.
Beynəlxalq Bankla birgə “batırılan” müəssisələrdən biri də bu zavoddur. Dəqiq məbləğ açıqlanmır, amma ABB-nin 2008-ci ilə dair maliyyə hesabatında korporativ müştərilər sırasında zavodun adı nəhəng şirkətlərlə yanaşı çəkilib. Göstərilib ki, bankın fəaliyyətinin əsasını korporativ biznes təşkil edib, müştəriləri, daha çox yanacaq-energetika, sənaye və tikinti, xidmət və ticarət, nəqliyyat və rabitə sahələrində fəaliyyət göstərir. Bu müəssisələr sırasında “Azərbaycan Hava Yolları” Dövlət Konserni, Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, “Azərneftyanacaq”, “Azərenerji”, Azərcell Telekom, “bp-AİOC”, Exxon, Kaspian Geofizikal, Bakcell Telekom, Bakı Banklararası Valyuta Birjası, “CTS-Aqro”, “Azəralüminium”, “Ground Handling Company” və digər şirkətlərin adı qeyd edilib.
Söhbət iri məbləğlərdən gedir ki, bankın illik maliyyə hesabatında “Azəralüminium”, eləcə də “CTS-Aqro”-nun adı xüsusi olaraq çəkilir, özü də nəhəng dövlət və qeyri-dövlət şirkətləri ilə bir sırada.
Sözügedən müəssisəyə təkcə ABB-dən kredit ayrılmayıb. 2009-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) “Azəralüminium” ASC-nin “borclarının restrukturizasiyası və investisiya layihələrinin həyata keçirilməsi” məqsədilə kredit verib. İki il sonra yerli informasiya agentlikləri xəbər verirdi ki, AMB “Azəralüminium” ASC-yə 10 il müddətinə illik üç faizlə 202 mln. manat kredit ayırıb. Bu, o zaman üçün ən böyük dörd kreditdən biri olub (digərləri 750 mln. manat məbləğində ARDNŞ-ə, hər biri 300 mln. manat olmaqla “Azərbaycan Hava Yolları” QSC və “Azərenerji” ASC-nə aiddir-red.).
“Unibank” Kommersiya təşkilatının 2009-cu il üzrə maliyyə hesabatında da göstərilib ki, AMB iki sənaye nəhəngi – Dövlət Neft Şirkəti və “Azəralüminium” ASC-yə ümumilikdə 952 mln. manat məbləğində kredit təqdim edib. Belə məlumat da var ki, Mərkəzi Bank “Azəralüminium” ASC-yə “müasir standartlara uyğun ilkin alüminium istehsalı ilə yanaşı, sənaye və xalq istehlakı təyinatlı məmulatların buraxılmasına əlverişli zəmin yaradacaq alüminium yarımfabrikat məhsullar istehsalı” məqsədilə məbləği rəsmi mənbələrdə açıqlanmayan daha bir kredit xətti açıb. Söhbət əlavə 43 mln. manat kreditdən gedir.
Daha 62 milyon sərmayə və 23 milyonluq “əfv”
2007-ci ilin iyununda Sumqayıt “Alüminium” istehsalat sahəsində 2 elektroliz korpusu yenidən qurulduqdan sonra Prezidentə verilən hesabatda yenidənqurma işlərinə “daxili imkanlar hesabına” toplam 62 mln. manat sərmayə qoyulduğu bildirilmişdi. Əslində, daxili imkanlar müəssisənin mənfəətidir. Bəlli ki, silməyə bəhanə tapmadıqlarından zavoda nəzarət edən qüvvələr onu da “sərmayə” adı ilə hesabdan çıxarıb.
Bunlarla yanaşı, Nazirlər Kabineti 2010-cu ildə bir sıra dövlət qurumları ilə bərabər “Azəralüminium” ASC-nin də enerji borclarını silmişdi. Bu məbləğ də 23,5 mln. manat təşkil edirdi.
Göründüyü kimi, dövlətin əli və gözü həmişə “Azəralüminium”un üzərində olub. Zavod hökumətə heç də yad deyildi. Baxmayaraq ki, Beynəlxalq Bankın başına gətirilənlərdən sonra bu müəssisəyə də “yad əllər” uzandı.
Zavodun azeraluminium.com saytında şəffaflıq naminə nə bir maliyyə hesabatı var, nə istehsal və ya ixrac etdiyi məhsullar haqqında məlumat. Sərəncamında milyonlar olan müəssisənin web-saytında ortabab bir portalın 10 dəqiqə ərzində yerləşdirdiyi məlumatların toplam sayı belə yoxdur.
Sayt adına cəmiyyətə sırınan bu səhifədə cəmi 7-cə məlumat var. Onlar da heç bir informasiya yükü daşımayan, faydasız söz yığınından ibarətdir ki, bu yazıda sitat gətiriləcək, istinad olunacaq dəyərli bir cümləsi belə yoxdur.
Külli miqdarda pul yatırılan zavodda şəffaflığın olmaması kimə sərfəlidir?
Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabat rəyinə görə, Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən Palata əməkdaşlarının apardığı təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 mlrd. 769,78 mln. manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 mln. manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 mln. manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Təkcə “Azəralüminium” ASC üzrə 94,7 mln. manat vaxtı keçmiş borc var – 76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu.
Palatanın apardığı cəmi bir auditdən məlum olur ki, “Azəralüminium” zavoduna verilən 95 mln. manat vəsait geri qayıtmayıb. Müəssisəyə axan maliyyənin həcminə baxılsa, üzərində “güclü əl”in olduğunu anlamaq çətin deyil. Belə qənaət yaranır ki, kim(lər)sə uzun illər buraya külli miqdarda paraların axınını təmin edib, oradan da naməlum istiqamətə.
Vəsait verən qurumların da müxtəlifliyi deməyə əsas verir ki, bu, təkcə ABB-nin keçmiş rəhbərliyinin fəaliyyəti ola bilməzdi. Cahangir Hacıyevin gücü uzaqbaşı öz verdiyi pullara çatardı. Bəs Mərkəzi Bankdan çıxan paralar hara gedib?
Özü də Palatanın hesabatında aksent məhz AMB-nin verdiyi maliyyənin üzərinə salınır. Hələ bunlar qıt məlumatlar əsasında gəlinən nəticədir. Dövlətə aid olan bu zavodun informasiya bazası belə yoxdur. Təkcə AMB-ın verdiyi 200 mln. məbləğ müəssisənin şəffaf işləməsi, hesabatlı olmasını zəruri edirdi. Amma nə Elman Rüstəmovdan o pulların yerini soruşan var, nə də özü buna maraq göstərir.
Yarım milyarda qarşı cəmi 50 min ton istehsal gücü
Rəsmi mənbələrə görə, zavodun illik istehsal gücü 50 min tondur. Dediklərinə görə, müəssisənin məhsulları əsasən Türkiyə, Rusiya, Avropa Birliyi ölkələri və ABŞ-a ixrac edilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə portalında zavodda işçi sayı 1187 (vaxtilə 4 mindən çox olub-red.), ərazisi 530.63 ha göstərilib. Zavodun əsas fəaliyyət növlərinə gil-torpaq və alüminium istehsalı üçün zəruri olan filiz və xammalın hasilatı, emalı, ilkin alüminium və alüminium istehsalı, satışı və daşınması aiddir. Müəssisənin Sumqayıt şəhərində əsas “Alüminium”, Daşkəsən şəhərində Zəylik Alunit Mədən və Gəncə şəhərində Gil-Torpaq istehsalat sahələri var. Gəncə Gil-Torpaq İS 420 000 ton, Sumqayıt “Alüminium” İS isə 60 000 ton külçə istehsal gücünə malikdir.
Yəni rəsmi yazılanlara güvənsək, qoyulan yüz milyonlarla sərmayəyə rəğmən zavodun istehsal gücü nəzərəçarpacaq dərəcədə artırılmayıb. Verilən bəyanatlarda zavodun gücünün artımı yalnız yenidənqurma tədbirləri və yeni layihələrdən sonraya vəd edilir. Yeni layihələr isə külli miqdarda pul tranşları deməkdir.
Qısa müddətdə qoyulan yarım milyard (bəlkə də daha çox) vəsait elə bil ki, bu zavodu ayağa qaldırmağa xidmət etməyib. Baxmayaraq ki, Hacıyevin həbsinə qədər müəssisə rentabelli idi, kifayət qədər işçi qüvvəsi vardı, son dörd ildə belə mənzərə yaradılır ki, sanki zavoda o vaxta qədər bir qəpik də sərmayə yatırılmayıb.
Hazır metal məmulatlarının istehsalı 35 faiz azalıb
Keçən il Bakı şəhəri üzrə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 422,8 mln. manatlıq məhsul istehsal olunub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verilir ki, əvvəlki illə müqayisədə metallurgiya sənayesində 22,1 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 35,1 faiz azalma müşahidə edilib. Təhlillərə görə, alüminium sənayesində yerli bazarda xarici kapitallı «Det.Al Holding» şirkəti söz sahibidir…
Qeyd edək ki, “Azəralüminium” ASC də deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibindədir.
Bir müddət əvvəl “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə bildirmişdi ki, Gəncədə “Azəralüminium” ASC-nin yenidən qurulması və işə salınması nəzərdə tutulub. “Əsas məqsəd ilkin və son alüminium məhsullarının istehsalının təşkil olunmasıdır. ASC-nin yenidən qurulması rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişlənməsinə imkan yaradacaq…”
Maraqlıdır ki, dövlətin daha necə 100 milyonu xərclənməlidir və ya yoxa çıxmalıdır ki, Azərbaycanda alüminium sənayesində hər hansı müsbət dəyişiklik olsun?(azpolitika)
Murad Məmmədov