ABŞ KOALİSİYASI SURİYADA DİNC ƏHALİNİ QƏSDƏN QIRIB:ölənlərin sayı 10 mindən yuxarıdır, 11 mindən çox ev məhv edilib – Araşdırma
Elias Qroll, Robbi Qreymer
The Foreign Policy (ABŞ), 26.04.2019
Yenixeber.org: İki aparıcı hüquq müdafiəsi qrupunun araşdırmasına görə, Birləşmiş Ştatlar Qərb koalisiyasının iki il qabaq İŞİD mövqelərinə hücumu vaxtı qətlə yetirilən mülki şəxslərin sayını xeyli azaldıb.
“Amnesty International” və “Airwars” məlumat verir – Raqqa şəhərini ələ keçirən İŞİD döyüşçülərinə qarşı 2017-ci ildə dördaylıq hərbi kampaniyanın gedişində Qərb koalisiyasının aviazərbələri nəticəsində 1600-ə yaxın dinc sakin həlak olub. ABŞ rəsmiləri bildiriblər ki, Raqqa şəhərində mülki əhali arasında həlak olanların sayı 318 nəfər olub.
İki il araşdırma aparmış hüquq müdafiəsi qruplarının məruzəsində deyilir ki, ABŞ-ın başçılıq etdiyi koalisiya İŞİD-ə qarşı bütün dördillik kampaniyanın gedişində Suriya və İraqda həlak olan mülki şəxslər arasında qurbanların sayına görə qabaqlar xəbər verildiyindən daha çox məsuliyyət daşıyır.
Amerika hərbçiləri 2019-cu ilin fevralında hesablayıblar ki, 2014-cü ildə başlanmış hərbi əməliyyatların gedişində 1257 sakini bilərəkdən qətlə yetiriblər. Amma “Amnesty International”in araşdırmaya başçılıq edən araşdırıcısı Donatella Rovera hesablayıb ki, qətlə yetirilmiş dinc sakinlərin gerçək sayı, təxminən, 10 dəfə çox olub. O bildirib ki, “zəmanəmiz üçün misli görünməmiş” dağıntılarla üzləşib.
“Amnesty” və “Airwars” açıq qaynaqların məlumatlarından istifadə edib, yerlərdə müsahibə götürüb. Habelə dinc sakinlərin həlakı haqda məlumatlara baxışın gedişində sputnik çəkilişləri də incələnib.
Hüquq müdafiəsi qruplarının məruzəsində Amerika və koalisiya güclərinin İŞİD döyüşçülərinin mövqelərinə hücum zamanı üzləşdiyi problem vurğulanır. Problem bundan ibarətdir ki, döyüşçülər mülki şəxslərdən canlı sipər kimi istifadə ediblər. Lakin hüquq müdafiəsi qrupları bu qədər aqressiv hava kampaniyasının gərəkliyini şübhə altına alıb.
ABŞ-da məruzəyə cavabda bildiriblər ki, koalisiya mülki əhali arasında itkiləri cüziləşdirmək üçün bütün səmərəli tədbirləri görüb və mülki əhali arasında qurbanlar haqqında “bütün bəyanatların diqqətli dəyərləndirməsini” aparıb.
Məruzədə həmçinin ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatların yumşaldılması və mülki əhali arasında mümkün qurbanlaırn azaldılması üçün nəzərdə tutulmuş bəzi məhdudiyyətlərin aradan götürülməsinə yönəlmiş siyasəti işıqlandırılır.
Tramp 2019-cu il martın başlanğıcında ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasının ABŞ-ın aviazərbələri nəticəsində həlak olan dinc sakinlər haqqında bütün məlumatları açıqlamağa məcbur edən 2016-cı il tələbini ləğv edib. Ağ Evdə bildiriblər ki, Vaşinqton “hökumətin fəaliyyətinin şəffaflıq səviyyəsini yüksəltməyə imkan verməyən, əvəzində kəşfiyyat mütəxəssislərimizi əsas missiyadan yayındıran gərəksiz hesabatlardan can qurtarmaq niyyətindədir”.
“Amnesty” və “Airwars”ın məruzəsi Raqqadakı genişmiqyaslı dağıntıların mənzərəsini təsvir edir. Sputnik çəkilişlərindən istifadə edən hüquq müdafiəsi qruplarının məlumatına görə, Qərb koalisiyası Raqqada 11 mindən az olmayan binanı məhv edib. Hüquq müdafiəçiləri Raqqaya dörd dəfə səfər edib, nəticədə Qərb koalisiyasının hava kampaniyasının gedişində öldürülmüş min nəfərdən artıq dinc sakinin adını müəyyən etməyə nail olub. “Airwars”ın müstəqil monitorinq qrupunun direktoru Kris Vuds koalisiyadan mülki əhali arasındakı qurbanların miqyasını inkar etməyi dayandırmağı tələb edib.
Vuds bildirib: “Koalisiya ciddi araşdırma aparmalı və Raqqada nəyin düz getmədiyini təsbit etməli və gərəkli dərs götürməlidir ki, bundan belə gələcək hərbi əməliyyatlarda əzab çəkə biləsi mülki əhaliyə bu qədər böyük iztirablar verilməsin”.
Döyüşçülər dinc əhalidən canlı sipər kimi yararlanaraq binadan binaya hərəkət edərkən ABŞ hava zərbəsi endirib. Yüksəkdəqiqlikli silahlara baxmayaraq, hava kampaniyası irimiqyaslı dağıntılara səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, belə yanaşmanın Qərb koalisiyası üçün mənfi nəticələri ola bilər, çünki yerli əhalini Qərb güclərinə qarşı kökləyə bilər. Suriya üzrə ekspert Şenna Kirşner bildirib: “Bu, Yaxın Şərqdə münasibətlərimizə ziyan vurar. Biz habelə bilirik ki, belə yanaşma terrorçu qruplaşamalara cəlbi əsaslı şəkildə asanlaşdırır”.Tərcümə: Strateq.az