“BENTLEY”, “FERRARİ”, OTELLƏR, MÜLKLƏR VƏ MİLYONLAR…-Rusiyalı məmurların etiraf etdikləri gəlir və əmlakları
Ötən cümə günü Rusiya hökumətinin üzvləri, senatorlar, deputatlar 2018-ci ildəki gəlirlərinin hesabatını verdilər. Məlum oldu ki, gəlirlərinin həcminə görə siyahının lideri maqnat Valeri Ponamaryovdur.
Yenixeber.org: Deklarasiyadan məlum olur ki, Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə 8,648 milyon rublluq gəliri olub. Bu o deməkdir ki, bir il ərzində prezidentin gəlirləri iki dəfə azalıb. Hazırda Putinin mülkiyyətində iki mənzil var. Onlardan birinin sahəsi 77, digərininki isə 153,7 kv.m-dir. Bundan başqa, Kreml rəhbərinin qarajı, qaraj üçün nəzərdə tutulan 18 kvadratmetrlik sahəsi, QAZ-M21, “Niva” avtomobilləri və “Skif” avtomobil qoşqusu var.
Prezident Administrasiyasında ən çox gəliri olan Rusiyanın Privolj Federal Dairəsinin səlahiyyətli nümayəndəsi “Roskosmos”un və AvtoVAZ-ın keçmiş rəhbəri İqor Komarovdur. O, deklarasiyada ötən il üçün gəlirini 657,278 milyon rubl göstərib.
Komarovun mülkiyyətində 5 torpaq sahəsi, 2498 kvadratmetrlik yaşayış evi, 117,7 kv.m-lik mənzil var. Komarov 2015-ci ildən 2018-dək “Roskosmos”a rəhbərlik edib. Privolj Federal Dairəsində Komarovun gəlirlərinin artmasını “Lada Largus” avtomobillərinin satışı və AvtoVAZ-ın səhmləri ilə əlaqələndiriblər.
Kreml məmurları arasında gəliri ən çox olan ikinci məmur Prezident Administrasiyasından birinci müavin postunu tutan Sergey Kirienkodur. Kirienkonun ötən il gəliri 66,6 milyon rubl olub. Bu, 2017-ci ildəki gəlirindən iki dəfə çoxdur.
Peskov və Navka
Putinin mətbuat katibi Dmitri Peskovun xanımı, olimpiya çempionu Tatyana Navka Kreml məmurlarının xanımları arasında gəlirlərinin həcminə görə liderdir. Ötən il Navkanın gəliri 218,6 milyon rubl olub. Bir il əvvəl bu rəqəm 200,3 milyon rubl idi.
Navkanın deklarasiyasından “Lexus RX 350” və ABŞ-dakı mənzil “yoxa çıxıb”. Dmitri Peskov bildirib ki, mənzil ipotekada idi və satılıb: “Bank öz pulunu geri götürdü. Mənzil ipoteka qiyməti ilə satıldığından onun satışından gəlir əldə olunmayıb”.
Baş nazir Dmitri Medvedev 2018-ci ildə 9,917 milyon rublluq gəlir əldə edib. Onun deklarasiyasında 367,8 kvadratmetrlik mənzil, QAZ-20 və QAZ-21 avtomobilləri var. Bundan başqa, baş nazirin hazırda icarədə olan 4,7 min kvadratmetrlik torpaq sahəsi var.
Xanımı Svetlana Medvedevanın 2016 və 2017-ci ildə olduğu kimi, ötən il də hər hansı gəliri olmayıb. Onun mülkiyyətində “Volkswagen Golf” avtomobili və iki avtomobil yeri var.
Rusiya hökumət üzvlərinin ailələrinin ümumi gəliri bir il ərzində 63 faiz azalıb: 5 milyard rubldan 1,87 milyard rubla düşüb. Nazir ailəsinin orta gəliri 158 milyondan 58 milyona enib.
Nazirlərin şəxsi gəlirləri (ailə üzvlərinin gəlirləri istisna olmaqla) 51,4 milyon rubl olub. Halbuki bir il əvvəl bu rəqəm 144 milyon idi.
Hökumət məmurları arasında gəlirlərinin həcminə görə ilk beşlikdə bunlar var – baş nazirin müavini və prezidentin Yaxın Şərq üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnyov (538 mln. rubl), sənaye naziri Denis Manturov (443 mln. rubl), kənd təsərrüfatı naziri Dmitri Kobılkin (47,5 mln. rubl), mədəniyyət naziri Vladimir Medinski (41,9 mln. rubl).
Təmsilçisi bildirib ki, Trutnyovun gəlirləri ona məxsus əmlakdan, həmçinin qiymətli kağızların satışından əldə olunub.
Ən az gəlir Şimali Qafqaz üzrə nazir Sergey Çebotaryovun olub – 6,1 milyon rubl.
Valeri Ponomaryov
Yuxarı palatanın üzvləri arasında ən çox gəliri olan Kamçatka vilayətinin təmsilçisi və «Okeanrıbflot»un (regionun ən böyük balıqçılıq müəssisələrindən biri) həmtəsisçisi Valeri Ponomaryovdur – 2,345 milyard rubl.
2017-ci ildə onun gəliri 1,8 milyard rubl olmuşdu. Ponomaryov deklarasiyasında göstərib ki, ümumlikdə 500 kvadratmetrlik sahəsi olan 3 mənzilə, 3 qeyri-yaşayış təsisatına və 4 avtomobilə sahibdir. Senatorun avtoparkında “Bentley Bentayga W12”, “Bentley Arnage R”, “Ferrari F430” və QAZ-21 «Volqa» var.
Bu siyahının ikincisi 564,4 milyon rubl gəliri ilə Kareliyanın təmsilçisi İqor Zubaryovdur. Onun ardınca reytinqdə Kamçatkanın ikinci təmsilçisi Boris Nevzorov gəlir. Ötən il onun gəliri 489 milyon rubl, xanımının gəliri 37,4 milyon rubl olub.
Ponomaryov bir neçə il ərzində yuxarı palatanın üzvləri arasında ən varlısı olub. Ta ki 2017-ci ildə Dağıstanın təmsilçisi Süleyman Kərimov onu geridə qoyana qədər. Ötən il Kərimov 37,15 milyon rubl qazanıb. Bu, 2017-ci ildəki gəlirindən 74 dəfə azdır. Bu arada, Fransa Süleyman Kərimovu vergidən yayınmaqda ittiham edir.
Ən yüksək gəliri olan deputat Qriqoriy Anikeyevdir. ABI Group-un (ət emalı ilə məşğul olur) qurucusu olan deputat deklarasiyada gəlirini 2,326 milyard rubl göstərib. Bu, hakim partiyadan olan deputatın 2017-ci ildəki gəlirindən 2 milyard rubl daha azdır.
Gəlirinin həcminə görə ikinci sırada olan deputat hakim partiyadan olan Nikolay Bortsovdur. Ötən il onun gəliri 988,5 milyon rubl olub. Bir il əvvəl isə gəliri bundan daha çox idi – 1,1 milyard rubl.
Üçüncü sırada Leonid Simanovski (424,3 mln. rubl) gəlir.
Valentina Matvienko
Yuxarı palatanın spikeri Valentina Matvienko 2018-ci ildə 15 milyon rubl qazanıb. Bu, bir il əvvəlki gəliri ilə müqayisədə 7 milyon rubl daha azdır. Matvienko deklarasiyasında ümumi sahəsi 6,4 min kvadratmetr olan iki əraziyə, bağ evinə, 290 kvadratmetrlik mənzilə, avtomobil üçün yerə, 3 qeyri-yaşayış binasına və bir yarımtikili obyektə sahib olduğunu qeyd edib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deklarasiyada ötən il üçün gəlirinin 71,7 milyon rubl olduğunu qeyd edib. Bu, bir il əvvəlki gəliri müqayisədə 39 faiz daha çoxdur. Volodin 0,83 hektarlıq sahəyə, 989 kvadratmetrlik yaşayış yerinə, iki qonaq evinə (otel), bir neçə qeyri-yaşayış binasına sahib olduğunu açıqlayıb. Həmçinin şəxsi istifadəsində 0,11 hektarlıq torpaq sahəsinin olduğunu bəyan edib.
Qeyd edək ki, bütün bunlar yuxarıda adları keçən məmurların gəlirlərinin rəsmən açıqladıqları hissəsidir. Mətbuat onların varidatı və gəlirlərinin qat-qat artıq olduğunu iddia edir. Məsələn, bu ilin fevralında Qərb mediasında Tatyana Navkanın həm Rusiyada, həm də xaricdəki bahalı əmlakları ilə bağlı silsilə yazılar dərc olunmuşdu. Yazılanlardan belə məlum olurdu ki, Peskovun xanımı ümumi dəyəri on milyon dollardan çox olan əmlaklara sahibdir. Bununla yanaşı, hazırda Navka Moskva yaxınlığında – çay sahilindəki xüsusi yaşayış komleksində ev inşa etdirir.
Britaniyanın nüfuzlu “The Guardian” nəşri isə yazmışdı ki, Navkaya məxsus bu kompleksin inşasına bir vaxtlar ABŞ prezidenti Donald Trampla kifayət qədər yaxın münasibətlərdə olan bir rus oliqarx nəzarət edir. Qəzet sənədlərə istinadən qeyd etmişdi ki, Navka 2014-cü ilin payızında Rublyovkada əmlak alıb. Və bu ev həmin vaxt ölkənin ən bahalı əmlakı olub.
Tanınmış rusiyalı müxalifətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı da hökumət üzvləri, həmçinin iri məmurların qanunsuz gəlirləri və sahib olduğu milyonlar barədə dəfələrlə ifşaediсi materiallar hazırlayıb.(strateq)
Tərcümə etdi: G.Hüseynova