Yenixeber.org: Redaksiyamıza “xüsusi xidmət orqanının sabiq əməkdaşı” adından material daxil olub. Anonim imza olsa da mövzunun aktuallığı, olduqca maraqlı və bəzi sirli qalan məqamlara aydınlıq gətirməsi bizə materialı dərc etməkdən başqa yol buraxmadi. Əminik ki, oxucular üçün də olduqca maraqlı gələcək. Beləliklə sensasiya dolu yazının dərcinə qərar verdik.
“ – Bunu da dedilər. Neçə il prokuror işləyib, yəqin altını yığıb doldurub, gətirdilər ki, bunlara da pul buraxsın. Sən demə bu da yoluğun biriymiş.
- Nahaq da gətirdilər onu həmsədr elədilər, o bunlara pul-zad verəsi deyil.
- Həə, düz deyirsən, o tərəflərdən vaapşe kişi çıxmayıb.”
Yuxarıdakı dialoq uzun illər bundan əvvəl, hələ mən Xüsusi Xidmət orqanında məsul vəzifədə işləyərkən təhqiqatında iştirak etdiyim bir cinayət işi çərçivəsindəki əməliyyat tədbirləri nəticəsində əldə olunmuşdur və bu dialoq, həmin iş üzrə məsuliyyətə cəlb edilmiş Qurban Məmmədovun ailə üzvləri arasında baş vermişdir. Söhbət o zaman Azərbaycan Demokrat Partiyasının həmsədri olmuş, keçmiş baş prokuror İlyas İsmayılovdan gedir.
20 il bundan əvvəl istintaq olunan bu cinayət işi özünün qeyri-adiliyinə görə hələ də mənim xatirimdədir. Bu iş Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının həqiqətən də peşəkarlıqla həyata keçirdiyi əməliyyat və istintaq tədbirləri nəticəsində öz məntiqi həllini tapmış və təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Mənim bu məsələyə qayıtmağımın əsas səbəbi isə, o dövrü yaşamış şəxslərin yaddaşlarını bir qədər təzələmək, gəncləri isə kimin kim olduğu barədə müəyyən qədər məlumatlandırmaqdır. Çünki bəzi şəxlər hadisələrin yaddaşlardan silinməsinə ümid edərək, yeni qılafda, yeni simada ortaya çıxır, özünü vətənpərvər, savadlı, demokrat kimi göstərir, reytinq qazanmaq və maddi gəlir əldə etmək məqsədi ilə dövlətimizə qarşı ləkə yaxmağa, böhtan atmağa çalışır, təhqirlər edir və bununla da siyasi debilliklərini bir daha sübut etmiş olurlar.
Qurban Məmmədovun məhbus həyatı yaşaması ilə nəticələnən həmin avantüra da maddi gəlir əldə etmək, özünün və Rəsul Quliyevin reytinqini qaldırmaq, siyasi hakimiyyəti gözdən salmaq, hüquq-mühafizə orqanlarının normal iş fəaliyyətini, Respublikada ictimai-siyasi sabitliyi pozmaq məqsədləri ilə törədilmişdir.
İşin məzmunu ondan ibarətdir ki, 1998-ci ilin yanvar ayının axırlarında Azərbaycan Demokrat Partiyasının rəhbərliyində təmsil olunan Qurban Məmmədov bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Rəsul Quliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ulu öndər Heydər Əliyevə qarşı terror aktı hazırlandığı barədə Milli Təhlükəsizlik nazirliyinə bilə-bilə yalan məlumat verilməsini təşkil etmişdir.
Məlumdur ki, müstəqillik əldə edildikdən sonra müəyyən müddət Azərbaycan dövləti hələ tam möhkəmlənməmiş, keçid dövrü yaşamışdır. Müstəqilliyimizi həzm edə bilməyən daxili və xarici qüvvələr, dəfələrlə gənc Respublikamızda hakimiyyəti zorla ələ keçirmək, ölkə rəhbərliyinə qarşı terror aktları törətmək niyyətinə düşmüş, bu işdə əsas hədəf isə müstəqilliyimizin yeganə təminatçısı Ulu öndər Heydər Əliyev olmuşdur. Qurban Məmmədovun avantürası isə, guya Azərbaycanda əslində heç bir terror aktının törədilmədiyini, həmin işləri dövlətin özünün təşkil etdiyini, bununla da siyasi rəqibləri zərərsizləşdirmək məqsədi güddüyünü “sübut etməyə” yönəlmişdir.
Qurban Məmmədovun planına əsasən, avantüristlərin biri – Təhmasib Novruzov adlı şəxs, çox vacib dövlət əhəmiyyətli məlumata malik olduğunu bildirməklə, Milli Təhlükəsizlik naziri Namiq Abbasovla görüşməyə nail olur. Görüş zamanı o, yalandan Rəsul Quliyevin Azərbaycan Respublikasının Prezidentinə qarşı terror aktı hazırladığını, bunun üçün bir-neçə milyon dollar pul ayırdığını, terroru həyata keçirəcək müəyyən qrupların artıq Bakı şəhərində olduğunu Namiq Abbasova söyləyir.
Bundan sonra Təhmasib Novruzov həmin məsələ ilə əlaqədar bir-neçə dəfə Namiq Abbasovla şəxsən görüşür və bu işin digər iştirakçısı Cəmaləddin Əhmədovu da onunla görüşdürür. Hər iki şəxsin dedikləri ona yönəlir ki, onlar Heydər Əliyevə qarşı həqiqi bir terror aktı keçirilməyini istəmirlər, lakin Rəsul Quliyevin ayırdığı puldan vaz keçməyi də düşünmürlər və onun terrorçu kimi ifşa və siyasi dəstəkdən məhum edilməsini, öz ifadələri ilə desək, Rəsul Quliyevə “atmaq” istəyirlər (“Namiq müəllim, el arasında buna atmaq deyirlər”). Təklif edirlər ki, bu məqsədlə terror aktı “səhnələşdirilsin”, belə ki, hansısa bir avtomobildə bir nəfər silahla gəlsin Prezident Aparatının binasının yanına, orada MTN onu tutsun, adam etiraf etsin ki, Rəsul Quliyevin sifarişi ilə Prezidentə qarşı sui-qəsd etməyə gəlib. Sözsüz ki, sonradan bu barədə rəsmi məlumat verilir, kütləvi informasiya vasltələri bu məlumatı yayır, Rəsul Quliyev məsələni eşidir və terror aktının baş tutmamasına baxmayaraq, ayırılmış pulu geri istəyə bilmir.
Telefon danışıqlarının protokollarından:
“- Alo, salam Rəsul müəllim, necəsiniz?
– Salam yaxşıyam. Necə keçdi mitinq?
– Belə pis olmadı, bir-iki nəfərin düyməsi-zadı qırılıb, bir-iki nəfərin paltosu cırılıb. Gərək təzəsini alaq. Bu işdə gərək heç kim narazı qalmasın… İştirak edənlərə də danışılan məbləğlər verilib.
– Alın.
– Bir də Nurəddin müəllimin əl telefonu yoxdur deyə əlaqə saxlaya bilmirik.
– Yaxşı, alın.
– O gün də qəzetdən gəlmişdilər, bizdən yazmaq istəyirlər. Gərək nəsə verək ağızlarına gələni yazmasınlar… Belə pis çıxmasın, bizə deyirlər siz niyə puldan narahatsınız? Arxanızda o boyda Rəsul müəllim var. Mən də deyirəm ki, Rəsul müəllimdən pul almaq olur ki….
– Denən elə Rəsul müəllimdən pul almaq olur deyə pulu da qalmayıb. Yaxşı, deyərəm həminki adam gətirib çatdırar.”
Məsələyə şərh verməyə ehtiyac görmürəm.
Bununla yanaşı, Qurban Məmmədovun təlimatı ilə hərəkət edən Təhmasib Novruzov, Namiq Abbasova təklif edir ki, terror səhnəsinin quraşdırılması üçün MTN-in razılığı və silahla tutulacaq adamın gələcəkdə məsuliyyətə alınmaması üçün yazılı təminat, rəsmi bir sənədin olması vacibdir – “yəni sabah birdən kiməsə nəsə olar, qoy bilinsin ki, adam ora MTN-in təşkilatçılığı ilə gedib”.
Qurban Məmmədov Təhmasib Novruzovun vasitəsi ilə məhz belə bir sənədin əldə edilməsinə çox çalışmışdır. Bu sənədi əldə etdikdən sonra onu yaymaqla, Azərbaycanda terror aktlarını dövlətin özünün təşkil etdiyini “sübut etmək” çox rahat olacaqmış. Namiq Abbasovun terrorçuları ələ keçirmək üçün əməliyyat hazırlamaq, terror aktı barədə dövlət orqanlarına rəsmi ərizə yazmaq təkliflərinə, onların planlarına uyğun olmadığı üçün, Təhmasib Novruzov müsbət cavab verməmişdir.
Şübhəsiz, dövlət başçısının həyatına hər hansı bir, hətta bu şəkildə, təhlükənin mövcudluğu barədə məlumat alındıqda, kompleks tədbirlərin həyata keçirilməsi zəruri və vacibdir. Bu dəfə də ilkin məlumat alındıqdan dərhal sonra Təhmasib Novruzov və Cəmaləddin Əhmədovun ətrafında lazımi əməliyyat tədbirləri aparılmış, onların Namiq Abbasovla danışıqlarının səs yazısı yazılmış, məxfi müşahidəyə götürülmüşlər. Qurban Məmmədovun ev və iş telefonlarına qulaq asılmışdır. MTN-in professional əməliyyatçıları və müstəntiqləri əldə edilmiş məlumatları təhlil etmiş, Qurban Məmmədov və digərlərinin fikir və niyyətləri aşkar olunmuşdur.
Məlum olmuşdur ki, Namiq Abbasovla hər görüşdən sonra Təhmasib Novruzov birbaşa “Bakı” və ya “Azərbaycan” mehmanxanalarına – Qurban və Cəmaləddinin yanına getmişdir. Onların götürdüyü mehmanxana nömrələrində Qurban Məmmədovun planının ikinci hissəsi işə düşmüşdür. Ssenarinin bu hissəsində artıq başqa danışıqlar aparılır – guya, MTN Prezidentə qarşı terror aktı hazırlayır, Təhmasib Novruzov MTN-in agentidir, onun əli ilə bu işlər görülür və ADP bu işin üstünü açır. Qurban Məmmədov Təhmasibin adının “MTN agenti” kimi hallanacağına onun razılığıni əvvəlcədən almışdır – “bir-iki adam bir-iki dəfə deyəcək agentdir, sonra yaddan çıxıb gedəcək, amma qazandığımız daha çox olacaq, Rəsul müəllim bunun əvəzini artıqlaması ilə çıxacaq”.
“MTN-i ifşa etmə” əməliyyatının effektli olması üçün Qurban Məmmədov mehmanxana nömrəsində videokamera quraşdıraraq, videoşəkiliş aparmışdır. Lakin guya çəkiliş “gizli” olmuş, “MTN agenti”nin çəkilişdən “xəbəri olmamışdır”. Danışıqların öz istədiyi şəkildə alınması üçün Qurban Məmmədov əvvəlcədən Təhmasib Novruzova hansı suallar verəcəyini söyləmiş və onun hansı cavablar verməli olduğu barədə təlimatlandırmışdır.
Təhmasib Novruzov mehmanxana nömrəsində videokamera quraşdırıldığını və danışıqların yazıldığını bilə-bilə, Namiq Abbasovla aparılmış söhbəti təhrif edilmiş formada, Qurban Məmmədovun təlimatına uyğun, “dövlətin özünün terror hazırladığı, sonra isə bunu müxalıfətin üstünə yıxdığı” fikrinin təsdiqinə xidmət edən sözlər və ifadələrlə, həqiqətdə mövcud olmayan məsələlərin videoyazıya köçürülməsinə şərait yaratmışdır. Bəzən Təhmasib Novruzov diqqətsizlikdən “təlimat”dan kənara çıxdığı hallarda Qurban Məmmədov ona istiqamət, “Namiq Abbasov nə deyir, öldürtdürür Heydər Əliyevi?” tipli suallar verməklə lazımi səmtə yönləndirməyə, çəkilişi istədiyi kimi alındırmağa nail olmuşdur.
Bundan sonra Qurban Məmmədov apardığı videoçəkilişi yaymaq məqsədi ilə çoxaltmış, 05 fevral 1998-ci ildə təsisçisi olduğu “Hürriyyət” qəzetində “Anons” başlığı altında Heydər Əliyevə qarşı bəzi nazirlər və siyasi partiyaların qoşulduğu növbəti sui-qəsd planının ADP rəhbərliyi tərəfindən “ifşa olunması” barədə məlumat dərc etdirmişdir.
Telefon danışıqlarının protokolundan:
“- Bəs bir onu başa salan olmadımı, belə şeylər eləməsin, axırı yaxşı olmaz?
– Ona dedik, eləmə bu işləri, səni tutarlar. Dedi eybi yox, qoy tutsunlar, gedib bir-iki il oturaram, zato əvəzində reytinqim qalxar.”
Göründüyü kimi, Qurban Məmmədovun həyatı və fəaliyyəti iki məsələ üzərində qurulub: Birincisi, hansı vasıtə ilə olur-olsun pul, maddi gəlir əldə etmək, ikincisi, hətta ailəsini mənəvi məhrumiyyətlərə düçar etmək yolu ilə olsa belə, özünün reytinqini qaldırmaq, mövqe tutmaq.
Xüsusi təhlükəli dövləti cinayət törədildiyi barədə bilə-bilə yalan xəbərçilik edilməsini təşkil etdiyinə görə məhkəmənin hökmü ilə Qurban Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qeyd edilən əməlləri ilə o, qarşısına qoyduğu məqsədə çatmışdırmı və reytinqi nə qədər qalxmışdır, bu barədə nəsə deməyə lüzum yoxdur, məsələ göz qabağındadır.
İndi xarici ölkədə oturub, Azərbaycan Respublikasına qarşı qara yaxma kampaniyası aparan Qurban Məmmədovun məqsədləri bəllidir. Qalır dəqiqləşdirmək, Qurban Məmmədov indi kimin tapşırığı ilə “iş görür”? Rəsul Quliyevin, “Pavlov” ləqəbi ilə agenti olduğu xarici xüsusi xidmət orqanlarının, ya da təzəlikcə qoltuğuna sığındığı başqa birisinin? Əminəm ki, tezliklə hər şey hamıya bəlli olacaq.
Xüsusi Xidmət orqanının sabiq əməkdaşı
Mənbə: "Elchi.az"