Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

PUTİNƏ “İLİŞƏN” 35 YAŞLI GENERALIN MƏHVİ –Rütbələrini söküb, 22 il həbs verdilər!

Suqrobov

Yenixeber.org: Keçmiş SSRİ məkanında korrupsiyanın at oynatmadığı və hakimiyyətdaxili, klanlararası intriqaların hökm sürmədiyi çox az ölkə var. Bəlkə də yalnız Pribaltika respublikalarını bu baxımdan istisna etmək olar. Hakimiyyət oliqarxiyasının nüfuz və sözsüz ki, böyük maddi maraqlar uğrunda ən qızğın savaş apardığı ölkə isə Rusiyadır.

                                Rusiya tarixində ən cavan DİN generalı…

Məlumatına görə, bugünlərdə Rusiya mətbuatının müzakirə etdiyi mövzulardan biri ölkənin “obnoliçka”, yəni nağdlaşdırma “kralı” kimi tanınan Sergey Maqinin azadlığa buraxılması olub. Sözügedən “obnoliçka kralı” həm də “Seryoja 2 faiz” kimi tanınır. Onun həbsinə və azadlığına bu qədər böyük diqqət ayrılması isə təsadüfi deyil.

maqin

Məsələ ondadır ki, uzun illər hamının yaxşı tanıdığı, milyardla pulu müxtəlif maxinasiyalar vasitəsilə nağdlaşdıraraq, külli miqdarda “çirkli pulların yuyulması”nı təşkil və təmin edən “Seryoja 2 faiz” toxunulmaz sayılırdı. Yeri gəlmişkən, “2 faiz” ləqəbi də ona bu maxinasiyalardan “tutduğu” 2 faizə görə verilmişdi. Bəzən bu faiz dərəcəsi məbləğin böyüklüyündən asılı olaraq, 0.5 faizə qədər enirdi, onun “əl buladığı” ən kiçik məbləğlər isə 100 minlərlə dollarlardan başlayırdı. 100-dək yerli və xarici firması, 400-dək üzvü olan bu mütəşəkkil dəstənin başında duran S.Maqinə bu uzun illərdə “gözün üstə qaşın var” deyən olmamışdı.

Lakin günlərin birində, daha dəqiq desək, 2011-ci ilin 28 iyununda şəxsən o vaxtkı prezident Dmitri Medvedevin istəyi və əmri ilə Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Baş idarəsinə 35 yaşlı general Denis Suqrobov rəis təyin olunur. Rusiya tarixinin ən cavan DİN generallarından biri olan D.Suqrobov bu rütbəni “tapşırıq”, yaxud “day-day” hesabına qazanmamışdı.

O, Şimali Qafqaz respublikaları da daxil olmaqla, bir çox qaynar və mürəkkəb bölgələrdə misilsiz əməliyyatlar keçirmiş, şəxsən bir neçə səs-küylü iqtisadi cinayətlərin üstünü açmış, hətta terrorçuların maliyyə qaynaqlarının müəyyənləşdirib, onları məhv edən əməliyyatlar hazırlayaraq reallaşdırmış bir gənc zabit kimi böyük nüfuz qazanmışdı. Təkcə onu demək kifayətdir ki, Dmitri Medvedev onu şəxsən tanıyır və bacarığını qiymətləndirirdi. Elə Suqrobova general rütbəsi və idarə rəisi vəzifəsi də şəxsən Medvedevin istəyilə verilib.

                          “Ya bu vəzifə ilə razılaşırsan, ya da orqanlardan xaric edilirsən…”

suqrob

Ancaq maraqlıdır ki, bu vəzifəyə təyinatı cavan generalın heç də ürəyincə deyilmiş. Bundan əvvəl nazirliyin 7-ci və 10-cu şöbələrinə rəhbərlik etmiş D.Suqrobov daha çox əməliyyatçı zabit kimi tanınırdı və özünü bu işdə daha rahat hiss edirdi. Sonradan dostlarına idarə rəisliyinə təyinatından danışan Suqrobov hətta prezidentin təklifinə əvvəlcə “yox” dediyini də bildirib. Sən demə zabiti şəxsən qəbul edən D.Medvedev ona İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Baş İdarəsinə rəis vəzifəsini təklif edəndə, Suqrobov özündə cəsarət taparaq, “ondansa Qafqaz respublikalarının birinə nazir göndərin, cənab prezident” deyib, baxmayaraq ki, idarə rəisi daha üstün postdur. Ancaq Medvedev qətiyyətlə təkid edib və “ya bu vəzifə ilə razılaşırsan, ya da orqanlardan xaric edilirsən” şərtini qoyub…

Suqrobovun bu vəzifəyə getmək istəməməsi heç də təsadüfi deyilmiş. Tanışlarının dediyinə görə, o bu idarənin hakimiyyət daxilindəki iri klanların maraq toqquşmasının ən qaynar şəkildə özünü biruzə verdiyi nöqtə olduğunu yaxşı bilirdi. Bilirdi ki, bu posta iddialılar sırasında ondan qat-qat təcrübəli və “qurd” namizədlər var. Və onların himayədarları heç də Medvedevdən az nüfuza malik deyillər. Medvedevin prezidentlik dönəminin bitməsinə isə bir ilə yaxın vaxt qalırdı…

Yeni təyinatla razılaşmaqdan başqa çıxış yolu qalmayan cavan general bir-birinin ardınca çoxlu sayda korrupsiya və iqtisadi cinayətkarlıqla mübarizə əməliyyatları keçirir. Saxalin qubernatoru, Komi Respublikasının rəhbəri, eləcə də o vaxtkı Müdafiə Nazirliyinin rəhbərliyi ilə bağlı məşhur əməliyyatları hazırlayan, milyardlıq korrupsiya faktlarını üzə çıxaran da o oldu. Lakin sonradan bu işlər həmin idarədən alınaraq, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) verildi və məhz bu qurumun uğuru kimi təqdim olundu…

Pulu “Qazel”lə daşımalı oldular…

KMO_151108_00013_1_t218_214607

Əlbəttə ki, bu əməliyyatlardan ruhlanan və artıq sabiq prezident, sonradan isə yenə baş nazir olan Medvedevin kadrı sayılan general Suqrobov getdikcə kimlərinsə “quyruğunu tapdalamağa” başlayır. Nəhayət, 2013-cü ilin iyulunda sıra yuxarıda adını çəkdiyimiz “obnaliçka kralı” S.Maqinə də çatır. Rəsmi iş yeri adi “jek” müdirliyi olan “Seryoja 2 faiz” Moskva restoranlarının birində şam yeməyi yeyərkən həbs olunur. Onun ofislərində aparılan axtarış zamanı milyardlarla rubl nağd pul aşkarlanır. Bu pulu aparmaq üçün isə əməliyyatçılar idarənin “Qazel”ini çağırmalı olurlar. Eyni zamanda, ofisdən 500 firmaya aid möhür və çoxlu sayda sənəd aşkarlanaraq, götürülür. S.Maqin həmin gün evindən çıxan 100 min dolların isə ona yox, arvadına məxsus olduğunu bildirmişdi. Və ümumiyyətlə o, özünü bu işdə günahsız hesab edir, heç nəyi boynuna almırdı.

İstintaq isə “Seryoja 2 faiz”in ən azı bir neçə yüz milyard rublu, dollarla isə bir neçə milyard dollar pulu “yuduğunu” iddia edirdi. 2016-cı ilin dekabrına qədər uzanan iş, nəhayət, məhkəmənin çıxardığı olduqca yumşaq – 8 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası ilə yekunlaşdı. Baxmayaraq ki, prokuror 15 il həbs tələb edirdi…

                                 Rüşvət almadığına görə 22 il həbs!

Maraqlıdır ki, “obnaliçka kralı”na hökm oxunan eyni məhkəmədə paralel olaraq, onu həbs etmiş general Suqrobovun işinə baxılırdı. Çünki artıq 2014-cü ilin mayında general işdən çıxarılmış və həbs edilmişdi – özü də FTX tərəfindən. Məhz bu zaman ölkədə çoxları bu cavan generalın kimlərin “quyruğunu tapdaladığını” anlamışdı. İndi cinayətkar azadlıqda, general isə həbsdədir. Məhkəmənin “Seryoja 2 faiz”i şərti olaraq vaxtından əvvəl azad etməsi üçün o, ən azı daha 8 ay yatmalı idi. Ancaq həmin 8 ayın əvəzinə milyardları “ram edən” S.Maqin məhkəmənin qərarı ilə cəmi 200 min rubl, yəni təxminən 3 min dollar ödəməli oldu…

Rusiyada böyük rezonans doğuran general Suqrobovun həbsi isə olduqca müəmmalı ittihamlara söykənirdi. İstintaq generalı rüşvərt almaqda ittiham edə bilmirdi, çünki belə bir hal olmamışdı. Ona və onun əməkdaşlarına vəzifə səlahiyyətlərini aşmaq və “məmurların rüşvət almasına şərait yaratmaq” kimi ittihamlar irəli sürüldü. İddia olunurdu ki, Suqrobov məmurları provakasiyaya çəkərək, onların rüşvət almasına şərait yaradır, sonradan onları həbs edərək, əlbir olduqları digər məmurları ələ vermələrini tələb edirmiş. Ancaq bununla yanaşı, nə özü, nə də əməkdaşları heç bir maddi maraq güdmürdülər. İstintaqın fikrincə, onların məqsədi bununla rəhbərlik qarşısında göstəriciləri yüksəltmək və yeni rütbələr almaq olub.

40440

Rusiyadakı müstəqil jurnalist və ekspertlər bu ittihamları absurd sayırlar və generalı adi hakimiyyətdaxili intriqaların qurbanı hesab edirlər. Belə ki, bütün bunlardan öncə, FTX-nın yüksək çinli məmurlarının onunla görüşərək, söhbət etdikləri, onu “düz yola” dəvət etdiklərinə dair məlumatlar var. Ancaq Suqrobovun təcrübəsizliyi və belə demək mümkünsə, təmizliyi onun vəziyyəti düzgün qiymətləndirməsinə imkan verməyib. Nəhayət, generalın əməkdaşları bir FTX əməkdaşına rüşvət verilməsinə şərait yaratdıqları üçün həbs ediliblər. Əslində isə müşahidəçilər, ola bilsin ki, Suqrobovun idarəsinin bu yolla FTX-nın korrupsiyalaşdığını sübut etmək istədiyini bildirirlər. Ancaq “çekistlər” daha çevik tərpəniblər və əməliyyatı keçirmək istədiyi iddia olunan DİN əməkdaşlarından alınan ifadələr əsasında Suqrobov və müavinləri həbs olunub. İstintaq zamanı hətta onun müavinlərindən olan daha bir cavan general – Boris Kolesnikov müəmmalı şəkildə həyatı ilə vidalaşdı. Onun guya işi aparan İstintaq Komitəsinin binasından özünü ataraq, intihar etdiyi bildirilsə də, buna inanmayanlar kifayət qədər çox oldu…

2014-cü ildə həbs olunan Suqrobova 2017-ci ilin əvvəlində 22 il (!) həbs cəzası verildi. Lakin həmin ilin dekabrında Ali Məhkəmə onun cəzasını 12 ilə endirdi. Hər şey isə bir neçə gün əvvəl həbsdən buraxılan “obnaliçka kralı”nın həbsindən başlamışdı. Yəqin ki, Suqrobov onun kimlərə işlədiyini, kimlərin pullarını “yuduğunu” yaxşı bilirdi. Ancaq buna baxmayaraq, özünün və öz himayədarları hesab etdiklərinin gücünü düzgün hesablamayaraq, S.Maqinin sahiblərinin üzərinə gedirdi ki, bu da səhv qərar idi. Nəticədə paqonları sökülmüş D. Suqrobov bir də 2026-cı ildə azadlıq üzü görəcək…

“Seryoja 2 faiz”in azad olunması xəbərini rus qəzetləri “Vsyo moqut koroli”, yəni “hökmdarlar hər şeyə qadirdirlər” başlığı ilə veriblər. Bununla mətbuat orqanları bir tərəfdən S.Maqinin “qara bazar”dakı hökmranlığını nəzərdə tuturlarsa, digər tərəfdən də sözsüz ki, ölkənin əsl hökmdarına eyham vururlar. Çünki hamı DİN generalının həbsinin arxasında FTX-nın, bu qurumunsa arxasında ölkənin bir nömrəli “çekistinin” durduğunu gözəl bilir. Məhz bu üzdən də müstəqil mətbuat Suqrobovun Medvedevin prezidentliyi bitəndən qısa müddət sonra həbsini təsadüfi saymır.

Barəsində bəhs etdiyimiz və Rusiyanın ən yeni tarixinə aid bu hadisə kifayət qədər ibrətamizdir. Çünki bir çox MDB ölkələrində buna bənzər mühit və hakimiyyətdaxili çəkişmələrin şahidi oluruq. Əlbəttə ki, D.Suqrobov kimi generallar hər MDB respublikasında yoxdur. Ancaq məsələn, elə Azərbaycanda keçirilən “Qara kəmər” əməliyyatı, Hacı Məmmədovun dəstəsinin işi, yaxud Eldar Mahmudovun ətrafında baş verənlər və “MTN işi”, eləcə də “Beynəlxalq Bank”-dan oğurlanan milyardlar və Cahangir Hacıyevin həbsi kimi hadisələr hakimiyyətdaxili qruplaşmaların mövcudluğunun və onların dövlət üçün nə qədər təhlükəli olduğunun əyani sübutudur…(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam