“ŞAHZADƏNİN” QÜRUBU…-Özbəkistan hökuməti Gülnarə Kərimovanı qeyri-insani şəraitdə saxlayır?
Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova yenidən mətbuatın gündəminə gəlib. “Özbək şahzadəsi”nin adının qarışdığı cinayət işlərindən biri üzrə məhkəmə təhqiqatı bugünlərdə yekunlaşıb. Gülnarə Kərimovaya rüşvət verməkdə ittiham olunan şirkət rəsmiləri Stokholm məhkəməsində bəraət alıblar. İttiham olunanlar bütün maddələr üzrə təqsirsiz biliniblər.
Yenixeber.org: Söhbət, Stokholmda nəhəng “Telia Sonera” telekommunikasiya şirkətinin sabiq rəhbərlərinin işi üzrə keçirilən məhkəmədədən gedir. İddia olunurdu ki, şirkət rəsmiləri (sabiq direktor Lars Nüberq, Avrasiya bölməsinin rəhbəri Tevo Kivissaari) 2007-ci ildən 2010-cu ilədək Gülnarə Kərimovaya 331 milyon dollar rüşvət verib. Nəticədə İsveçrədə G.Kərimovaya məxsus əmlakın, qiymətli əşyaların və bank hesablarının üzərinə həbs qoyulub.
İstintaq bu qənaətə gəlmişdi ki, rəhbərlik bu rüşvəti şirkətin Özbəkistanda fəaliyyətini davam etdirməsi üçün verib. Məhkəmə isə hesab etdi ki, ittiham tərəfi Gülnarə Kərimovanın telekommunikasiya sektoru ilə əlaqəli bir vəzifə tutduğunu sübut edə bilməyib. İttihamlar təsdiqini tapsaydı, adıçəkilən şəxsləri 6 aydan 6 ilədək həbs cəzası gözləyirdi.
2013-cü ildə Niderland prokurorluğu “Telia Sonera”nın iki törəmə şirkətində yoxlamalara start verdi. 2014-cü ildə isə ABŞ Ədliyyə Nazirliyi şirkətin Özbəkistanla bağladığı sazişlərlə maraqlanmağa başladı. Şirkət təqsirini qəbul edərək Özbəkistanın telekommunikasiya bazarına girmək üçün rüşvət verdiyini etiraf etdi. Və Niderland, eləcə də ABŞ hökuməti ilə razılığa gələrək 965 milyon dollar cərimə ödədi.
2013-cü ildəki qalmaqaldan sonra Gülnarə Kərimovanın fəaliyyətini araşdırmağa başladılar. Ona məxsus radio və telekanallar, həmçinin “Özbəkistanın mədəniyyət və incəsənət forumu” fondu qapadıldı, əmlakının bir hissəsi dövlətin hesabına keçirildi. 2013-cü ildə saxlanılan Gülnarə Kərimova ev dustaqlığında saxlanılmağa başladı.
Gülnarə Kərimova oğlu İslamla
Gülnarə Kərimovanın azadlığa çıxıb-çıxmadığı ilə bağlı hələ də dəqiq məlumat yoxdur. Mətbuatda bu barədə ziddiyyətli xəbərlər dolaşır. Məsələn, ötən ilin oktyabr ayında Kərimovanın 26 yaşlı oğlu İslam (babasının adını daşıyır) anasının həbsdən çıxdığını bildirmişdi. Ondan əvvəl isə mətbuat G.Kərimovanın 2018-ci ilin avqustunda ev dustaqlığına buraxıldığı ilə bağlı məlumat yaymışdı. Özbəkistanın Baş Prokurorluğu, eləcə də Kərimovanın isveçrəli vəkili Qrequar Manja bu xəbəri nə təsdiq, nə təkzib etmişdi.
Oktyabr ayında mətbuatda daha bir diqqətçəkən xəbər yayıldı. Xəbərdə deyilirdi ki, Gülnarə Kərimova Özbəkistanı tərk edib və hazırda Dubaydadır. Kərimovanın Birləşmiş Ərəb Əmirliyində olduğunu aeroport işçiləri və yerləşdiyi otelin əməkdaşları da təsdiqləmişdi.
İddialara görə, keçmiş prezidentin qızı Dubaya şəxsi təyyarəsi ilə gedib və bahalı otellərin birində VİP-qonaq kimiqeydiyyatdan keçib. Onu müşayiət edən qonaqlar üçün isə oteldə iki həftəlik müddətə 5 lüks nömrə ayrılıb.
Ötən ilin dekabrında Gülnarə Kərimova oğlunun verdiyi açıqlama ilə yenidən mətbuatın gündəminə gəldi. Londonda yaşayan İslam Kərimov “İnstaqram” hesabındakı paylaşımında bildirdi ki, anası siyasətə qayıtmağı planlaşdırır. Onun sözlərinə görə, Gülnarə Kərimova hazırkı prezident Şavkat Mirziyoyevin respublikada həyata keçirdiyi islahatları müsbət qiymətləndirir və onu dəstəkləməyə hazırdır.
«Yeni hökumətin təşəbbüsü ilə ölkəmizdə çoxlu layihələr gerçəkləşdirilir ki, bu da Özbəkistanın yaxşı gələcəyi üçün möhkəm baza yaradır. Anam həm maddi, həm fiziki baxımdan ölkənin inkişafını dəstəkləmək qərarına gəlib”, – deyə İ.Kərimov bildirmişdi. Və qeyd etmişdi ki, anasının bu qərarı Özbəkistana fayda gətirəcək.
Dekabrın sonlarına yaxın məlum oldu Kərimovanın 2004-cü ildə böyük həvəslə qurduğu “Model evi” Özbəkistanda satışa çıxarılıb. Üç mərtəbədən, yüz otaqdan ibarət binanın ilkin qiyməti 10,5 milyon dollar idi. Sahəsi 10 min kvadratmetrdən çox olan “Model evi”nin birinci mərtəbəsində ofislər, ikinci mərtəbəsində restoran və podium, üçüncü mərtəbəsində isə sərgi salonu yerləşir.
Bir vaxtlar Kərimovaya məxsus olan binanın indiki sahibi “Uzbekneftqaz” dövlət şirkətidir. Şirkət məlum binanı qeyri-əsaslı aktivərinin satışı proqramı çərçivəsində hərraca çıxarıb.
İslam Kərimov
Bir neçə gün əvvəl – fevralın 14-də İslam Kərimov anası ilə bağlı sükutu yenidən pozdu. O bildirdi ki, ev həbsində olan anasının səhhətində ağırlaşmalar olsa da, ona tibbi yardım göstərilmir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyevə müraciət edən İ.Kərimov ondan anasının durumunu nəzarətə götürməyi xahiş etdi: “Bizə məlum olmayan səbəblərdən anama qarşı qeyri-insani davranış sərgilənir, təzyiq olunur. Həkimləri yanına buraxmırlar. Özünü babamın şagirdi adlandıran və uşaqlıqdan düzgün biri kimi tanıdığımız prezidentdən xahiş edirik, bacımla mənim səsimizi eşidin. Anamın və onun yanında olan bacımın səhhətindən çox narahatam və tədbir görəcəyinizə çox ümid edirəm”.
Özbəkistan Baş Prokurorluğu İ.Kərimovun bu müraciətinə münasibət bildirərək deyilənləri əsassız adlandırdı. Qurumdan bildirdilər ki, Kərimovaya heç bir təzyiq olunmur, onun həkimlərlə təmasına heç bir maneə yoxdur.
Məsələ ilə yaxından məlumatlı olan mənbə isə mətbuata bildirib ki, Gülnarə Kərimova xarici aləmdən tam təcrid edilib və hökumət ona hətta isveçrəli vəkili ilə görüşməyə belə, icazə vermir.
Xatırladaq ki, 2017-ci ilin iyununda Özbəkistan Baş Prokurorluğunda Gülnarə Kərimovaya qarşı aşağıdakı ittihamlar üzrə cinayət işi açılıb – dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, ticarət və xidmət qaydalarının pozulması, sənəd saxtalaşdırılması, cinayət fəaliyyəti ilə əldə olunan gəlirlərin qanuniləşdirilməsi.
İttihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb. 12 xarici ölkədə G.Kərimovaya məxsus cinayət yolu ilə qazanılmış və dəyəri 1,5 milyard dollardan çox olan aktivlər aşkarlanıb. İki cinayət işi üzrə Özbəkistana vurulan zərərin 2 milyard dollar olduğu təsdiq edilib.(Strateq.az)
Hazırladı: G.Hüseynova