Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vaşinqtonun Cənubi Qafqaz ssenarisi:2019-cu ilin riskli proqnozları

ABŞ-ın “Stratfor” analitik mərkəzi gələn il üçün apardığı təhlillər və verdiyi proqnozlarla narahatlıq yaradıb. Onun qənaətlərinə görə, 2019-cu ildə Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurma daha gərgin səviyyəyə yüksələ, regionda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan isə bundan müəyyən təsirlər görə bilər. Lakin bu dövlətlərin hər biri ilə bağlı ABŞ-ın fərqli yanaşması vardır. “Stratfor” hesab edir ki, Vaşinqton Ermənistan və Gürcüstandan Rusiyaya qarşı, Azərbaycandan isə İrana qarşı istifadə etməyə çalışacaq. Bu zaman Ermənistana silah satışı, Gürcüstana isə silah satışı ilə yanaşı, birgə hərbi təlimlər keçirmək də təklif ediləcək.

Yenixeber.org: Azərbaycan ilə münasibətə gəlincə, Amerika tərəfindən İranla iqtisadi və enerji sahəsində əlaqələrdən imtina etmək təklif oluna bilər. Bütün bunlar son nəticədə regionun geosiyasi mənzərəsində riskləri artıra bilər. Həmin aspektdə “Stratfor”un proqnozları əsasında Cənubi Qafqazda növbəti ildə geosiyasi dinamikanın dəyişməsinin analizi üzərində dayanmağa ehtiyac görürük.

Öz marağı naminə: ABŞ-ın təhlükəli məqsədləri

“Stratfor”un 2019-cu il üçün hazırladığı analitik hesabatda Cənubi Qafqaz və Mərkəzi Asiya faktorları da ciddi yer tutur. Cənubi Qafqaza analitik mərkəz ABŞ-Rusiya qarşıdurmasının bir fraqmenti kimi baxır. Bu yanaşma hansı məqamlarla bağlı ola bilər? Yəni nəyə görə geosiyasi baxımdan əhəmiyyətli olan bu region böyük güclərin savaş meydanı olmalıdır?

“Stratfor” hesab edir ki, Amerikanın gələn il üçün əsas hədəflərindən biri Rusiyanı geosiyasi məkanda sıxışdırmaqdan ibarət olmalıdır. Bunun üçün Rusiyanın sərhədləri boyu yerləşən keçmiş sovet respublikalarının ərazisindən istifadə edilməlidir. Buraya siyasi, iqtisadi, enerji sferaları ilə yanaşı, hərbi sahə də daxildir. Konkret deyilsə, Vaşinqton Rusiyaya qonşu olan keçmiş sovet respublikaları ilə əlaqələrində silah satışını və hərbi manevrlər etmək variantlarını da nəzərdə tutur.

KİV-də yayılan məlumatlara görə, Amerika rəsmiləri Ermənistana silah satmağı və Gürcüstanda hərbi manevrlər keçirməyi vəd edib. Silah satışı məsələsinə Azərbaycanı da daxil etmək planları haqqında yazılar dərc olunur.

Bütün bunları ABŞ Cənubi Qafqazda Rusiyaya təzyiqləri gücləndirmək məqsədi ilə edəcək (bax: The U.S. Zeroes in on Russia’s Borderlands / “Stratfor”, 15 noyabr 2018). Eyni zamanda, Vaşinqton Cənubi Qafqaz dövlətləri ilə təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Burada iqtisadi stimullaşdırma da öz yerini tapacaq. Rusiya isə hibrid savaşın özünəməxsus taktikası ilə deyilənlərə cavab verməyə çalışmaqla bütün bunlardan Qərb və ABŞ-a müqavimət vasitəsi olaraq istifadə edəcək. Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, Amerika gələn il Rusiyadan asılı olan və təsir edə bildiyi ölkələri ondan uzaqlaşdırmaq taktikası ilə hərəkət etməyi planlaşdırır. Rusiya isə bunu əngəlləmək üçün əlində olan bütün vasitələrdən yararlanacaq.

Məsələyə daha konkret səviyyədə baxdıqda, daha maraqlı məqamlar üzə çıxır. Çünki Amerika öz geosiyasi məqsədinə nail olmaq üçün Cənubi Qafqaz ölkələrinin hər birinə fərqli yanaşma nümayiş etdirmək fikrindədir. “Stratfor”un analitikləri hesab edirlər ki, Amerika Ermənistana daha çox təsir etməyi düşünür. Vaşinqton Ermənistan hökuməti ilə əlaqələri möhkəmləndirməyə diqqət yetirəcək (bax: əvvəlki mənbəyə). Bunun üçün ABŞ Ermənistanla Rusiya arasında soyuqluq yaratmaq taktikasını davam etdirəcək.

Məhz buna görədir ki, Con Bolton İrəvanda Ermənistana silah satıla biləcəyindən bəhs edib. “Stratfor” bununla bağlı vurğulayır: “Baxmayaraq ki, Ermənistan sona qədər Rusiya ilə strateji yaxınlıqdan imtina etməyəcək, onlar arasındakı siyasi ixtilaflar Birləşmiş Ştatlara Moskvanın əyalətdəki açar müttəfiqini ondan ayıra bilmək imkanı yarada bilər” (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Amerika Rusiya ilə Cənubi Qafqazda aparacağı intriqa oyununu başlıca olaraq Ermənistan üzərindən qurmağı planlaşdırır. Burada Gürcüstanın Cənubi Qafqazda ABŞ-ın əsas tərəfdaşı olması faktı yada düşür. Ancaq Vaşinqton öz müttəfiqini bu işin önünə atmaq istəməz. Eyni zamanda, “Stratfor”un hesabatında vurğulanır ki, Gürcüstana silah satışı davam edəcək və onun ərazisində hərbi təlimlər keçirilib Moskvaya bu üsulla müəyyən mesajlar veriləcək.

Görünür, burada Abxaziya və Cənubi Osetiya məsələləri də xeyli aktuallaşa bilər. Məlumdur ki, hər iki regionda Rusiya hərbi kontingenti vardır. Çətin ki, NATO onlara birbaşa müdaxilə etsin, lakin Rusiya hərbçilərinin lap yaxınlığında Şimali Atlantika Alyansı əsgərlərinin manevrlər etməsi Moskvaya xoş gəlməyəcək. Cavabı nə olacaq? “Stratfor” bu barədə konkret fikir bildirmir.

İkili standartlar qalır: təcavüzkara silah, onun qurbanına təzyiq cəhdi

Azərbaycan məsələsi də analitik hesabatda yer alıb. “Stratfor”un analitikləri hesab edirlər ki, Vaşinqton Azərbaycandan Rusiyaya qarşı deyil, İrana qarşı istifadə etməyə çalışacaq (bax: əvvəlki mənbəyə). Analitik mərkəz Azərbaycanı Ermənistanın başlıca düşməni kimi təqdim edir. Ancaq Bakı ABŞ-ın diqqətini çəkəcək. Söhbət İrandan getdikdə, Azərbaycan faktoru xüsusilə aktuallaşır. “Azərbaycanın cənub qonşusu ilə münasibətləri gərgin olacaq, belə ki, hökumət (Azərbaycan hökuməti nəzərdə tutulur – red.) ABŞ-ın İranı durdurmaq strategiyasında iştirak etməklə xarici siyasətdəki balansı saxlamağa can atacaq” (bax: əvvəlki mənbəyə).

Hesab edirik ki, Azərbaycanla bağlı ifadə edilən proqnostik fikirlər reallığa uyğun deyil. Çünki Azərbaycan müstəqil siyasət yeridir və ona kimsə öz maraqlarını diqtə edə bilməz. Bundan başqa, iki ölkə arasında yaxın əlaqələr mövcuddur və Bakının bu istiqamətdə hər hansı dəyişiklik etmək fikrində olduğu barədə informasiya yoxdur. Əksinə, Azərbaycanla İranın “Bir Qurşaq, Bir Yol” layihəsi çərçivəsində “Şimal-Cənub” və “Cənub-Qərb” dəhlizləri boyu əməkdaşlıq etməkdə qərarlı olduqları bildirilir. Deməli, Azərbaycandan İrana qarşı istifadə etmək haqqında söylənən fikirlər daha çox təbliğat xarakteri daşıyır. Bununla yanaşı, deyilənlər ABŞ-ın Cənubi Qafqaz siyasətinin maraqlı bir cəhətini də dərk etməyə imkan verir.

Yuxarıdakı təhlildən aydın olur ki, Amerika öz maraqlarını təmin etmək üçün Ermənistandan Rusiyaya, Azərbaycandan isə İrana qarşı istifadə etmək niyyətindədir. Ermənistandan suverenlik və təhlükəsizliyi təmin etmək, Azərbaycandan isə radikal dini təsirdən qorunmaq və sabitliyi təmin etmək bəhanəsi ilə istifadə edilməyə çalışılacaq. Ermənistanla vəziyyət aydındır: onlar özlərinə yeni, daha güclü ağa axtarışındadırlar. Azərbaycanla isə bu cür hoqqalar keçməz. İstənilən gücün Azərbaycanı İranla pis etmək cəhdi boşa çıxacaq.

Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi kontekstində Vaşinqtonun Cənubi Qafqaz siyasətinin ciddi bir qüsuru meydana çıxır (əgər “Stratfor” həqiqəti ifadə edirsə). Çünki Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın ərazisinin 20 faizini havadarlarının yardımı ilə işğalda saxlayır. Belə bir ölkəni öz qanadı altına çəkib, ona demokratik don geydirməyə çalışmaq həmsədr dövlət kimi Amerikaya nə dərəcədə uyğundur? Bununla Vaşinqton təcavüzkarı daha da gücləndirib, onun aqressivliyinə haqq qazandırmırmı?

Əlbəttə, qazandırır. Üstəlik, regiondakı münaqişələrin həllini daha çətin vəziyyətə salır. Çünki faktiki olaraq regionda yeni bir gərginliyin əsasını qoyur. Belə bir şəraitdə nə Rusiya, nə də İran münaqişələrin həllində maraqlı ola bilməzlər. Onlar öz rəqibləri olan Amerikaya qarşı fəaliyyətlərini gücləndirməyə çalışacaqlar. O cümlədən münaqişə zonalarında təxribatlara getmələri də istisna deyil.

Bunlar onu təsdiq edir ki, “Stratfor”un təqdimatında ABŞ-ın 2019-cu ildə Cənubi Qafqazla bağlı nəzərdə tutduğu siyasi kurs real olaraq regionu yeni gərginlik dalğası üzərinə ata bilər. Vaşinqton öz liderliyini təmin etmək üçün Cənubi Qafqaz ölkələrini növbəti ixtilaflar girdabına sürükləyər. Burada onun başlıca rəqibləri kimi Rusiya və İran çıxış edir. Deməli, regionun iki böyük dövləti faktiki olaraq Cənubi Qafqazda ABŞ-la savaşmalı olacaq. Bu savaş müharibənin bütün üsullarını özündə ehtiva edə bilər.

Amerikanın Cənubi Qafqaz siyasətində müsbətə doğru hansısa real dəyişiklik etmək fikrində olmadığı yuxarıdakı müddəalardan və proqnozlardan aydın görünür. “Stratfor”un analitik hesabatında münaqişələrin həlli perspektivindən qətiyyən söz açılmır. Bu o deməkdir ki, 2019-cu ildə də Qərb regiondakı münaqişələrin həll oluna biləcəyini proqnozlaşdırmır. Onun əsas məqsədi Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaqdır. Bundan sonra Qərb ikili standartlardan imtina edib münaqişələri ədalətli həll etməyə çalışacaqmı?

Heç inandırıcı deyil. Çünki Amerikanın bugünkü fəaliyyət üsulu ədalətli mövqedən çox uzaqdır. Onun sonradan dəyişmək kimi bir qayğısı da yoxdur. Bu qənaət belə bir fikri təsdiqləyir ki, Amerika Cənubi Qafqazda hegemon qüvvə olsa, regionda heç də daha yaxşı geosiyasi mənzərə yaranmayacaq. İraq və Suriyada Vaşinqtonun kimləri dəstəklədiyini xatırlamaq kifayətdir.

Əgər “Stratfor” olacaqları indidən vurğulayırsa, onda Cənubi Qafqazda sadəcə köhnə problemlər yeniləri ilə əvəz ediləcək. Həmin problemlərin geosiyasi və hərbi mahiyyəti indidən qeyri-müəyyən olduğuna görə, vəziyyət daha da qəlizləşəcək. Yəni region dövlətləri üçün yeni bir çətin teorem yaradılır(Newtimes.az).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam