ABEL MƏHƏRRƏMOV NƏYİN GÜDAZINA GETDİ? –2 ton şərab, şeyxin professor maaşı, səsyazan deputat... (VİDEO)
Çingiz Sultansoyun yazısından sonra bu mövzuya qayıtmamaq olardı. Ancaq KİV-də və sosial mediada “sarı mətbuat”a xas 2 ton şərab, iş adamı Əli Evsenlə az qala əlbəyaxa dava, Madriddəki tədbirdə Abel Məhərrəmovun sərxoş vəziyyətdə çıxışı… və daha nə bilim, nələrə davamlı vurğu məni də BDU rektorunun istefa sərəncamı ilə bağlı bir neçə söz deməyə vadar elədi.
Yenixeber.org: Yox, əlbəttə, bütövlükdə Madrid səfərinin cəncəlli tərəfini inkar etmirəm, – ola bilər, tam mümkündür. Kiminsə şeytanlaması, xəbərçiliyi ilə BDU rektorunun sonunda vəzifəsi ilə vidalaşması ehtimalını kənara qoymuram. Amma gözümlə görmədiyim, qulaq şahidi olmadığım əhvalatın mövcud təfsirini şübhəyə almaq haqqım özümdə qalır.
Nəzərə alın, İspaniyada baş verdiyi iddia olunan hadisə barədə nə Anar Məhərrəmov, nə Əli Evsen, nə Allahşükür Paşazadə, nə də Abel Məhərrəmovun açıqlaması var. Yəqin ki, heç olmayacaq da.
2 ton şərabın qaçaqmalçılığı ilə bağlı söz sahibi hüquq-mühafizə orqanları ola bilər. Amma Gömrük Komitəsi, DSX, DTX, DİN və Baş Prokurorluğun bu məzmunda bəyanatları yoxdur.
Məncə, siyasi qeybət mayası unundan çox olan bu “kökə”ylə ictimai fikir, sadəcə, azdırılır. Çünki suallar həddən artıq çoxdur:
Madriddə konkret nə baş verib?
Bəlkə, gənc səfir Anar Məhərrəmov ümumiyyətlə, qalmaqalın iştirakçısı deyil?
Bəlkə, nə şeyx, nə də Əli Evsen “tamaşa”da rol almayıb?
Bəlkə, Abel Məhərrəmovun söz davasına çıxdığı ümumiyyətlə, başqa şəxs və ya şəxslər olub?
Yalnız fərziyyələrə əsaslanıb düşünmək qalır: Abel Məhərrəmovun gözlənilməz istefasına nə səbəb ola bilərdi?
Belə məlum olur ki, Madriddə təşkil olunan tədbirin təşkilatçısı iş adamı Əli Evsendir. “Dinlərarası dialoqun Sülh və Həmrəyliyə töhfə” adlı III Beynəlxalq Konfrans “Evsen Fondu” ilə İspaniyanın Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (“Evsen Fondu”nun veb-səhifəsində Komitənin adı qeyd olunmayıb) və Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı sayəsində baş tutub.
Azərbaycan İspaniyadakı səfirliyinin tədbirin təşkilinə birbaşa qatqısı yoxdur.
Əli Evsenlə səfir Anar Məhərrəmov arasında şəxsi münasibətə gəlincə, onun nə qədər hamar, yaxud nahamar olduğunu söyləmək çətindir. Fakt budur ki, Azərbaycan səfiri “Evsen Group”-un təşkil etdiyi tədbirlərdə mütəmadi iştirak edir. “Evsen Şirkətlər Qrupu”nun rəsmi veb-səhifəsində belə buna əyani sübutlar tapmaq mümkündür.
Məsələn, 2018-ci il aprelin 15-də Diplomatların Beynəlxalq Assosiasiyasının (AIDE) təşkilatçılığı, habelə “Evsen Fondu”nun maliyyə və təşkilati dəstəyi ilə Madriddə XXIII “KERMES 2018” beynəlxalq xeyriyyə bazarı keçirilib. Tədbirdə 50 ölkənin İspaniyada təmsil olunan diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib.
Xeyriyyə bazarını İspaniya kraliçası Sofiya ziyarət edib və xatirə fotolarında Anar Məhərrəmov da aydın görünür.
Cütlüyün maliyyə-biznes şərikliyini isbatlayacaq heç bir dəlil yoxdur. Ancaq, zənnimcə, bu məsələ xüsusi araşdırılmalıdır. Çünki son dövrlərdə diplomatik nümayəndəliklərin (Ukraynadakı sabiq səfir Tələt Əliyevin misalında olduğu kimi) korrupsiya ilə yanaşı, qanuna zidd kommersiya fəaliyyəti tez-tez gündəmə gəlir, 2015-ci ildə Azərbaycanın Avstraliyadakı səfirliyinin siqaret və spirtli içki alveri ilə bağlı qalmaq buna bir nümunədir.
Əgər “Madrid sərgüzəştləri”ndə yüzdə-yüz həqiqət payı vardısa, bir sərəncamla kifayətlənilməməli, həm də Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov geri çağırılmalı, onun fövqəladə və səlahiyyətli səfir statusu ləğv olunmalı idi. Amma bu, baş vermədiyindən beyni digər gümanlar qurcalayır.
Abel Məhərrəmovun qeyri-etik davranışına yalnız konfrans iştirakçıları təsdiqləyə, yaxud inkar edə bilərlər. Hələ ki kimsədən səs çıxmır.
“Evsen Group”-un “Xəbərlər” bölməsindəki son 14 oktyabr açıqlamasında qeyd olunur: ““Dinlərarası dialoqun Sülh və Həmrəyliyə töhfə” adlı III Beynəlxalq Konfrans dünyanın müxtəlif qitələrindən 27 dən artıq ölkənin yüksək səviyyəli din adamları və siyasətçilərinin, o cümlədən İspaniyanın rəsmi qurumları, iş adamları, ali təhsil ocaqlarının rəhbərləri, müəllim və tələbə heyətləri, İspaniyada akkreditə olunmuş səfirlər başda olmaqla diplomatik korpus nümayəndələri, qeyri hökumət təşkilatları və s. qatılacağı tədbir olacaq.
Tədbirin birinci hissəsində hər üç dinə mənsub din xadimləri vahid masa ətrafında toplanaraq, öncə yaşadıqları ölkələrdə dini azlıq təşkil edən nümayəndələrinin fikirlərini, ehtiyac və problemlərini dinləyəcək, sonra isə onların yaşadıqları ölkələrin çoxluq təşkil edən nümayəndələri buna dair öz fikir mülahizələrini bildirəcəklər. Sonuc olaraq sözügedən din xadimləri tərəfindən hazırlanan Ortaq Bəyannamə tədbirin ikinci hissəsində siyasətçilərin diqqətinə təqdim ediləcək”.
Mənim diqqətimi daha çox cəlb edən veb-səhifələrdə yenilənmələrin yoxluğudur. Konfrans materiallarının, yəni mətn boşluğunun yerini yalnız YouTube-dakı video doldurur. Bu videodan BDU rektorunun sərxoş halda olduğunu iddia etmək çətindir.
Noyabrın 5-7-də keçirilən beynəlxalq konfransda Abel Məhərrəmovun çıxışına gəlincə, tədbirin məramı ilə qətiyyən uzlaşmayan, rabitəsiz cümlələrdən ibarət və başlıcası, sönük və məzmunsuzdur.
Üstəlik, ekranda əks olunan slaydlarla sinxron çıxış edə bilməyən BDU rektoru tərcüməçi üçün müəyyən çaşqınlıq yaradıb. “Şeyxülislam BDU-nun professorudur, o, universitetdən aldığı maaşı ayrıca saxlayır” kimi hər cür yozula biləcək cümlə işlədib. Ardınca Abel Məhərrəmov tədbirin təşkilatçısı Əli Evseni tərifləyib. Daha sonra Madrid Universitetinin rektoruna hədiyyələr təqdim olunub. Tədbirin gedişində qarışıqlıq yaranıb.
Kifayət qədər komik səhnələr!
Aydın görünən budur ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti BDU rektorunun naqolay davranışından və rabitəsiz danışığından yerə girməyə belə hazırdır.
Bununla belə, mən Abel Məhərrəmovun davranışına görə deyil, daha çox siyasi motivlə vəzifəsindən uzaqlaşdırılması rəyindəyəm. Buna sadəcə “siyasi etimadın itirilməsi” adı verilə bilər. Çünki beynəlxalq tədbirdə BDU rektoru YAP-ın ənənəvi protokol mətnindən uzaqlaşaraq (hətta slaydlarda prezidentin fotosu göründükdə belə), təmsil etdiyi hakim partiyanın siyasəti barədə bircə kəlmə kəsməyi özünə çox görürsə, istefası qaçılmaz idi.
Onun sərxoş halda “BDU boyda tələbə ordusuna güvənərək siyasi gücə sahib olması” ilə qürrələnməsi iddiası – kulis söhbətidir. Bunun şahidi varsa da, nümayəndə heyətinin tərkibindəki YAP-çı və ya bitərəf adı altında cibinə deputat mandatı qoyulan, yaxasına nişan taxılan şəxsdən başqa kimsə ola bilməz! İndi həmin “mandat sahibi” dar çərçivədəki bu söhbəti kimə, necə çatdırıb, bu, tamam başqa və ciddi araşdırılası mövzudur.
Amma istənilən halda, Abel Məhərrəmovun dar çərçivədə söylədikləri əleyhinə işləyən cümlələrdir və bu iddianın yozumu çox sadədir: iqtidara meydan oxuma!
19 il BDU rektoru vəzifəsini tutan şəxsin bu yekəlikdə siyasi səhvə sərxoş və ya tam ayıq, anlaqlı halda yol verməsi isə əsla önəmli məsələ deyil.(strateq.az)
Əziz Rzazadə