PUTİNİN VARİSİ AXTARIŞLARI: EHTİMAL OLUNAN 3 NAMİZƏD –“Hər üçü Federal Mühafizə Xidmətində işləyib”
Rusiyada Putinin populyarlığına kölgə düşüb. Putinin populyarlığına pensiya islahatları təsir edib və bu islahatlar əhalinin etirazına səbəb olub. Amma ekspertlər prezident Putinin populyarlığının aşağı düşməsini həmçinin vətəndaşların uzunmüddətli Putin hakimiyyətindən “doyduqları” ilə izah edirlər.
Yenixeber.org: Yaponiyanın “Nihon Keyzay” nəşri mövzuya həsr etdiyi məqaləsində qeyd edir ki, hal-hazırda politoloqlar post-Putin dövrünü analiz etməklə Rusiya liderinin varisinin kimliyini tapmağa cəhd göstərirlər.
- Stereotip tərz idarəetməyə görə reytinqin aşağı düşməsi
Ekspertlər hesab edirlər ki, Putin administrasiyası tərəfindən irəli sürülmüş pensiya islahatı “Vahid Rusiya” partiyasının regional seçkilərdəki namizədlərinin məğlubiyyətinə ciddi təsir göstərib. Hökumət maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün pensiya yaşının qaldırılmasına qərar verib, lakin bu rusiyalıların kəskin narazılığına səbəb olub. Nəticədə “Vahid Rusiya” regional seçkilərdə güclü müqavimətlə üzləşib.
Avqust ayının sonunda Putin pensiya islahatı ilə bağlı kompromis variant təklif edib. Bu varianta əsasən pensiya yaşı kişilər üçün ilkin layihədə olduğu kimi, yəni 65 yaşında qalsa da, qadınlar üçün yaş həddinin 63 yox, 60 yaş olması təklif edilir.
Ümumi yekunda parlament pensiya islahatı ilə bağlı prezidentin irəli sürdüyü təklifi qəbul etdi və 3 oktyabrda Putin həmin qanun layihəsini imzaladı. Buna baxmayaraq, sentyabrdakı regional seçkilərin gedişində rusiyalıların təzahür edən narazılıqları səngiməyib.
“Levada–mərkəz”-in 2018-ci il oktyabr məlumatına əsasən, prezident Putinin reytinqi 66%-ə qədər düşüb. Krımın ilhaqından sonra Putin üzun müddət 80%-dən yuxarı olan yüksək reytinqi ilə qürur duyurdu. Çünki bu “Böyük Rusiya”ya rəhbərlik edən şəxsin güclü lider obrazını təsdiq edirdi. Amma indi Putinin dəstək reytinqi Krımın birləşdirilməsindən əvvəlki vəziyyətə qayıdıb.
Pensiya islahatından narazılıqla yanaşı Putinin populyarlığının düşməsi bir səbəbi də hökumətin idarə edilməsinin stereotip tərzindən vətəndaşların təngə gəlməsiylə bağlıdır. Belə tərz idarəetmə üsulu artıq 2000-ci ildən davam edir.
Putin administrasiyasının birinci və ikinci müddətində yüksək iqtisadi böyümə və sosial sabitlik təmin edilmişdi, üçüncü müddətdə isə hər şey Krımın anneksiyasına bağlı təbliğata yönəldi. Dördüncü müddətdə iqtisadiyyat durğun vəziyyətə düşüb. Həmçinin diplomatiya da dalana dirənib. Parlaq siyasi tədbirlər yoxdur və buna görə də bəzi ekspertlər hesab edirlər ki, hökumət 2024-cü ilədək öz təsirini itirəcək.
- Prezident Putinin varisləri kimlərdir?
Politoloqlar artıq Putindən sonrakı dövr barədə fikir yürütməyə başlayıblar. Təbii ki, pensiya islahatı ilə əlaqədar böyüyən xalq qəzəbindən istifadə etməklə müxalifətin hakimiyyəti zəbt edəcəyi ssenarisini söyləyən ekspertlər yoxdur. Rusiya artıq Yeltsin administrasiyası zamanı həyata keçirilmiş tələsik iqtisadi yeniliklər üzündən baş vermiş sosial xaosdan keçib. Onda Yeltsin islahatçılarının reytinqi cəmi 1-2% arasında idi. Bundan başqa Putin seçki sisteminə müxtəlif məhdudiyyətlər gətirərək, müxalifətin baş qaldırmasına imkan veməyən strukturlar yaradıb. Ona görə də ekspertlərin əksəriyyəti hesab edir ki, varisi Putin müəyyən edəcək.
Siyasi texnologiyalar mərkəzinin eksperti Aleksey Makarkin deyir: “2007-ci ilin axırında Putin prezident kürsüsünü tuta bilərdi, lakin prezidentliyə Medvedev təyin olundu. Bu dəfə kimin prezident olması daha diqqətli şəkildə seçiləcək”.
Mümkün ssenarilərdən biri 2021-ci ildə Dövlət Dumasına seçiklər öncəsi varisin yeni baş nazir təyin edilməsi və tədricən ona səlahiyyətlər verilməsidir. Beləliklə, hal-hazırda kim potensial varis hesab olunur? Makarkinin sözlərinə görə, Tula vilayətinin qubernatoru Aleksey Dyumini diqqətlə izləmək lazımdır.
Putin və Aleksey Dyumin
Aleksandr Dyumin 1972-ci ilin avqustunda anadan olub, Federal Mühafizə Xidmətində işləyib. O, Putinin birinci və ikinci hakimiyyəti müddətində prezident mühafizəsində işləyib. Bundan sonra müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Nəticədə Putin onu Tula vilayəti qubernatoru təyin edib.
Makarkin deyib: “Dyumin Tula vilayətinin qubernatoru olduqdan sonra başqa vilayətlərlə müqayisədə bu vilayətə ağlasığmaz vəsaitlər ayrılıb. Şəhər sürətli templə inkişaf edir. İndi bu vilayəti nümunə kimi reklam edirlər”.
Siyasi İnformasiya Mərkəzinin direktoru Aleksey Muxin bildirir: “Putin varis seçir. Rusiyada başqa ssenarini təsəvvür etmək çətindir. Həm də varis müəyyən şərtlərə uyğun gəlməlidir, Putinin dərin etibarını qazanmalıdır. O, xüsusi xidmət orqanlarından çıxmalı, dövlət orqanları rəhbərliyində və ya iri şirkətlərdə işləməli, həmçinin regional administrasiya xidmətində təcrübə qazanmalıdır. Hal-hazırda üç namizəd var. Bunlar Yaroslavl vilayətinin qubernatoru Dmitri Mironov, mülkü müdafiə işləri və fövqəladə vəziyyət üzrə nazir Yevgeni Ziniçev və Tula vilayətinin qubernatoru Aleksandr Dyumindir. Onların hər üçü Federal Mühafizə Xidmətində işləyib”.
Mironov daxili işlər nazirinin müavini olub, bundan sonra 2016-cı ildə Putin onu Yaroslavl vilayətinin qubernatoru təyin edib. Ziniçev də həmçinin 2016-cı ildə Putin tərəfindən Kalininqrad vilayətinin qubernatoru vəzifəsinin icrasını yerinə yetirmək tapşırığı almışdı, amma bir neçə aydan sonra o, şəxsi səbəblər üzündən istefa verib. Buna baxmayaraq, Putin dərhal onu Federal Təhlükəsizlik Xidmətinin direktor müavini təyin edib. 2018-ci ilin mayında isə Yevgeni Zinçev mülkü müdafiə məsələləri üzrə nazir olub.
Muxinin sözlərinə görə, bu üç namizəd beynəlxalq arenada tanınmır, amma Rusiya KİV-ləri onları uğurlu siyasətçilər kimi reklam etməyə başlayıb.
Prezident Putinin hakimiyyətinin bitməsinə beş il yarım vaxt qalır. Hakimiyyətin varislik problemi hələ ki, uzaq görünür, ancaq ekspertlər namizədləri müzakirə edirlər. Bu isə Putinin yeri uğrunda xalça altında mübarizənin başlanmasından xəbər verir.(azpolitika)
V.Nəsibov