“Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-Əsgər Abdullayev və Rza Həsənəliyev
Kəmaləddin Heydərov sonuncu kadrlarını da belə itirməkdədir
Yenixeber.org: Kəmaləddin Heydərov 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin sədri təyin olunduqdan sonra onun bəzi həmyerlilərinin gömrükçü istedadı üzə çıxdı. Belə istedad sahiblərindən biri Əsgər Abdullayev, digəri isə Rza Həsənəliyevdir.
1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olan Əsgər Abdullayev Kiyev İnşaat Mühəndisləri İnstitutunu 1985-ci ildə bitirdikdən sonra 11 il Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib. Kəmaləddin Heydərov DGK-nin sədri olduqdan sonra Əsgər Abdullayev gömrük orqanlarına qəbul olunub və idarə rəisi, Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2006-cı il iyunun 21-dən DGK sədrinin müavini vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifədədir. Yenixeber.org-a daxil olan məlumata görə Gömrük xidməti general-leytenantı Əsgər Abdullayev karyerasının son günlərini yaşayır. Məsələ ondadır ki, Əsgər Abdullayev aprel ayında vəzifəsini itirmiş Heydər Əsədovla qudadır. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov isə sabiq nəqaliyyat naziri Ziya Məmmədovla qudadır. Əsgər Abdullayevin “vurulacağını” stimullaşdıran başlıca faktor da budur. Bir zamanlar onun gömrük orqanlarında sürətli karyera yüksəlişini təmin edən Kəmaləddin Heydərovun isə bu gün onu müdafiə etmək üçün siyasi və inzibatı gücü qalmayıb...
Əsgər Abdullayevlə eyni karyera taleyini yaşayanlardan biri də DGK-nin digər sədr müavini Rza Həsənəliyevdir. Bu şəxsin gömrük orqanlarına qəbul edilməzdən əvvəl harada işləməsi ilə bağlı yalnız o məlumdur ki, əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlayıb. Onun sonra hansısa vəzifədə işləməsi haqqında heç bir məlumat yoxdur. Yalnız Kəmaləddin Heydərov DGK-sinin sədri olduqdan sonra Rza Həsənəliyev 1995-ci ildə gömrük orqanlarına işə qəbul olunub və 1999-cu ilin fevral ayında komitə sədrinin müavini təyin edilib. Məlumata görə, Rza Həsənəliyevlə Kəmaləddin Heydərov hələ orta məktəbdə oxuyarkən tanış olublar. Məlum olduğu kimi Kəmaləddin Heydərovun atası Fəttah Heydərov uzun müddət Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda partiya komitəsində rəhbər vəzifələr tutub və ailəsi də Ordubadda yaşayıb. Rza Həsənəliyev də Ordubadda doğulub və onun Kəmaləddin Heydərovla bir məktəbdə oxuduğu bildirilir. Dövlət Neft və Kimya İnstitutunun məzunu olan Rza Həsənəliyevin gömrük orqanlarında qısa zamanda komitə sədrinin müavini vəzifəsinə kimi yüksələ bilməsində bu amilin əhəmiyyətli rolu var. İddialara görə, Kəmaləddin Heydərovun Rza Həsənəliyevə etimadı o qədər yüksək olub ki, vəzifə tutmaq istyən şəxslərin sənədləri ilk olaraq məhz R. Həsənəliyevə təqdim olunurmuş. Elə bu səbəbdən də Rza Həsənəliyevə bəzi dairələrdə Kəmaləddin Heydərovun “kadrotdeli” ayamasını veriblər. Bu status isə hazırkı şərtlərdə çox geniş təsir və sərvət qazanmaq imkanı deməkdir. Görünür buna görə də Rza Həsənəliyev mülklərinin siyahısına ona məxsusluğu bildirilən, Mərdəkan qəsəbəsində inşa etdirdiyi yeni villasını da əlavə edib. Sənədlərdə 2 mərtəbəli fərdi yaşayış evi kimi qeyd olunan bu ev əslində çox dəbdəbəli villadır. Mənbəmizin bildirdiyinə görə, Əsgər Abdullayevin karyerasına Heydər Əsədovla qudalığının son qoyacağı kimi, Rza Həsənəliyevin karyerasına da Mərdəkan qəsəbəsindəki yeni villası son qoya bilər. Səbəb isə odur ki, bu bağ evinin torpaq sahəsi ilə bağlı ciddi naarzılıqlar mövcuddur. Bu istiqamətdə araşdırmalarımız davam edir.
Biz yazıda yer alan və hələlik yaza bilmədiyimiz detallarla bağlı hörmətli Rza Həsənəliyevin elektron poçtuna sorğu ünvanlamışıq. Təəssüf ki, ötən ayın son günü ünvanladığımız online sorğuya hələ də cavab ala bilməmişik.
Ümüd edək ki, hörmətli Həsənəliyev məlum qanunlarımıza sayqı nümayiş etdirib də, suallarımızı cavablandıracaq.
İlqar