Bu gün yüksək vəzifə tutan, ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul məmurların arasında vaxtilə digər sahələrdə çalışmış şəxslər də az deyil.
Yenixeber.org: Vəzifə təyinatına qədər rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparmışıq.
Araşdırma nəticəsində məlum olub ki:
İqtisadiyyat naziri Şahin Mustafayev 1991-1992-ci illərdə “Spektr” şirkətinin sahiblərindən olub və şirkətdə maliyyə-mühasibat işlərinin həyata keçirilməsinə rəhbərlik edib.
Təhsil naziri Ceyhun Bayramov 2002-2013-cü illərdə “OMNİ” hüquq şirkətinin direktoru olub. Vəkillik xidməti ilə məşğul olan şirkət bu sahədə öncüllərdən olub.
Gənclər və İdman naziri Azad Rəhimov 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-2006-cı illərdə “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2004-2005-ci illərdə “Nəbz” Tibb mərkəzinə, 2008-2016-cı illərdə isə “Medeks” MMC-yə rəhbərlik edib.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro style” LTD şirkətinin rəhbəri olub. Şirkət bahalı avtomobillərin ölkəyə idxal və satışını həyata keçirir.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub. İddialara görə, şirkət taxıl məhsullarının idxal və satışını həyata keçirib.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1994-2000-ci illərdə “Xal-xal” kommersiya şirkətinin direktoru vəzifəsində işləyib. Şirkət əsasən idxal və satışla məşğul olub.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 1997-1999-cu illərdə “Güzdək” daş karxanasında direktor, 1999-2005-ci illərdə isə “Güzdək-Günay” firmasında direktor vəzifəsində işləyib.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov “Bərpaçı-A” MMC-nin prezidenti olub. Bu şirkətin təsisçisi olan Ş.Alxasov idarəçiliyə gələnə qədər sahibkarlıq faəliyyəti ilə məşğul olub.
Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 1992-2003-cü illərdə biznes fəaliyyətilə məşğul olub. Bu müddətdə “Fədai” kooperativinə və “Aslan R.Q” firmasına rəhbərlik edib.