Prezident 4 yeni nazir müavini təyin etdi
İqtisadiyyat və sənaye Nazirliyinə yeni nazir müavinləri təyin edilib.
"xeberinfo.com" prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Həsənova Sevinc Telman qızı, Səfərov Niyazi Abdulla oğlu, Babayev Sahil Rafiq oğlu, Məmmədov Sahib Əli oğlu iqtisadiyyat və sənaye nazirinin müavinləri təyin ediliblər.
Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
1993-2006-cı illərdə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.
Prezidentin 6 iyul, 2006-cı il tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub. Ailəlidir, 2 övladı var.
Niyazi Səfərov 1959-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlayıb. 1990-1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində işləyib.
1992-2006-cı illərdə Prezident Aparatında qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdir müavini vəzifəsində işləyib. Prezidentin 17 fevral, 2006-cı il tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini, 13 mart, 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.
Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. 2006-2009-cu illərdə Milli Məclisin sədr müavininin köməkçisi vəzifəsində işləyib.