Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanın “stəkanda fırtına” taktikası puça çıxır– Qarabağ və Naxçıvan ətrafında yeni durum

Düşmən ölkədə post-inqilab eyforiyasının tozu yatdıqca, yeni erməni rəsmiləri də yavaş-yavaş acı gerçəyi dadırlar; Moskva ondan dəstək istəyən düşmənə Bakını nişan verir; politoloq: “Paşinyan bleflə məşğuldur...”   

Yenixeber.org: Ermənistanın yeni xarici işlər naziri, Nikol Paşinyanın qərbyönlü kadrlarından sayılan Zoqrab Mnatsakanyanın ilk Moskva səfəri uğursuzluğa tuş gəldi. Erməni XİN başçısı xüsusən də Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara tərəf kimi qoşmaqla bağlı Rusiyadan umduğu dəstəyi ala bilmədi və əli ətəyindən uzun geri qayıtdı. Kreml məsələyə, yumsaq desək, isti yanaşması və Bakının razılığının vacib olduğunu söyləməklə, Bakını “nişan verməklə” erməni tərəfini əməllicə məyus elədi

Ona və baş nazir Nikol Paşinyana Moskva nəinki bu məsələdə dəstək vermədi, üstəgəl, erməni tərəfi yalançılıqda suçlandı. Belə ki, Rusiya XİN rəhbəri Sergey Lavrov birgə mətbuat konfransında söylədi ki, erməni yetkililərinin iddia elədiyi kimi, rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir.    
İndi məntiqlə əgər Ermənistanın 1 nömrəli müttəfiqi də Qarabağ şərtini rədd edirsə, demək, bu, N.Paşinyan hökumətinin xarici siyasətdə, o cümlədən Qarabağla bağlı siyasətində ilk ciddi fiasko sayıla bilər. Yəni Moskva işarə vurur ki, “köhnə bazara təzə nırx qoymaq” mümkün olmayacaq. Odur ki, N. Paşinyan da, onun baş diplomatı Mnatsakanyan da separatçı rejimi danışıqlar masası arxasında əyləşdirməklə bağlı sərsəm tələbi nə qədər tez unutsalar, bir o qədər özləri üçün urvatlı olar.
*****

“Nikol Paşinyan bleflə məşğuldur”. Bunu isə politoloq Elxan Şahinoğlu deyib. “Paşinyan dəqiq bilir ki, təklifi keçməyəcək. Hətta Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiya xarici İşlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymadı. Lavrovun sözlərindən hasil olan nəticə budur ki, Azərbaycan etiraz edirsə, Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq”, - deyə xatırladıb.
Politoloq hesab edir ki, Nikol Paşinyanın məqsədi diqqəti həll prosesindən yayındırmaqdır: “Paşinyanın iqtidarı zəifdir, Qarabağ danışıqlarına hazır deyil. Ona görə də növbədənkənar parlament seçkisinə qədər vaxtı uzatmağa çalışır. O, indiki kövrək parlamentlə ciddi addımlar atmağa risk etmir”.

*****

Lakin Paşinyan və komandasının inqilab sonrası eyforiyaya uyaraq irəli sürdükləri absurd tələblər yavaş-yavaş, bir-bir fiasko olsa da, düşmən tərəf yeni sərsəm açıqlamalar verməkdən, “stəkanda fırtına” yaradıb Moskva və Bakını qorxutmaq taktikasından əl çəkmək istəmir.    
Məsələn, Moskva səfərində pərt olan Z. Mnatsakanyan bir növ, özünü sındırmamaq və Ermənistanın guya suveren ölkə olduğunu isbatlamaq üçün Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində söyləyib ki, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmasına qarşı çıxacaq.
“AİB əməkdaşlıq təşkilatıdır, Azərbaycan isə hazırda Ermənistanı bloklayır və bizim əleyhimizə birtərəfli tədbirlər görür”, - deyə o bildirib. “Diqqət edin, hətta Ermənistan əleyhinə və bütün dünyadakı ermənilər əleyhinə işlədilən terminoloji dövriyyəyə baxın. AİB - əməkdaşlıq təşkilatıdır. Siz bizdən nə gözləyirsiniz?” - erməni baş diplomatı söyləyib (AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər).

Göründüyü kimi, Ermənistanın yeni rəhbərliyi Moskvanı şantaj eləməkdə davam edir. Daha doğrusu, şantaja cəhd edir. Çünki Rusiya bu layihələrdə əsas söz sahibidir və hansısa ölkənin, o cümlədən Azərbaycanın ona üzvlüyü aktuallaşarsa, Rusiyadan asılı olan vassal Ermənistan buna əngəl yarada, Moskvanın sözündən çıxa bilməz.
İkinci yandan, rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, Ermənistan işğal altındakı ərazilərin heç olmasa, bir qismini qeyd-şərtsiz boşaltmağa başlamasa, onunla bu qurumda heç vaxt təmsil olunmayacaq. Bu mənada Mnatsakanyanın yuxarıdakı sitatı qabaqdangəlmişik və heç kəsə gərək olmayan özündən razılıq əlaməti kimi də qiymətləndirilə bilər. Yəni Paşinyan hökumətinin stəkanda daha bir “fırtına” yaratmaq cəhdindən savayı bir şey sayılmaz.
*****

Az öncə isə yeni erməni rəhbərliyi Naxçıvan ətrafında başqa bir “fırtına” yaratmaq istəyirdi. Ancaq Azərbaycan Ordusunun həmin istiqamətdə lokal hərbi uğuru ilə o da sabun köpüyü kimi dağıldı. Daha sonra Ermənistandakı post-eyforiya havasına uyan təxribatçı-politoloq Levon Şirinyan belə bir sərsəm fikir söylədi ki, guya bu il “Naxçıvan məsələsini siyasi-hüquqi mənada” bağlayacaqlar.

Sitat: “Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın ”erməni torpağı" olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Şərq”ə açıqlamasında Naxçıvan mövzusuna diqqət çəkərək, Ermənistanın Naxçıvan barədə “planları”nın 6 aydır aktivləşdiyini deyib: “Hələ Serj Sarkisyanın prezident olduğu dövrdə bu müzakirələr ortaya atılırdı. Ermənistanın Naxçıvana hücum planını aktuallaşdırmasının səbəbləri var. Bu ərazidə qoşunların təmas xəttində, işğal olunmuş ərazilərdə erməni və Azərbaycan orduları təkbətək üz-üzə dayanıb. Ermənilər başa düşürlər ki, müharibə başlasa, məğlub olacaqlar. Vurğunun Naxçıvan üzərində qoyulmasının məqsədi isə böyük dava salmaqdır”.


 
Politoloqa görə, plan belədir: “Onlar hücum edəcəklər, Qars müqaviləsinə görə, Türkiyə Azərbaycana köməyə gələrək, erməniləri məğlub edəcək. Türkiyə ordusu Ermənistanın ərazisinə girəndə Rusiya hərəkətə keçəcək, müttəfiqi olan Ermənistanı qorumağa çalışacaq. Bu zaman rəsmi Moskva Ankaraya müharibə elan etməlidir. Beləliklə, məsələ böyüyərək, təşkilatların - NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müharibəsinə çevriləcək. Aydın görünür ki, ermənilərin bu planının məqsədi Rusiya və Türkiyə arasında gərginlik yaratmaqdır”.
M.Əhmədoğlunun fikrincə, Naxçıvandakı Əlahiddə Qoşun erməniləri məhv etmək üçün kifayətdir: “Tək Naxçıvan istiqamətində deyil, hətta Qarabağda da qoşunlarımız erməni qüvvələrindən qat-qat üstündür. Ona görə ermənilərin bu planı heç nəyə yaramayacaq”.
*****
Artıq şübhə yox ki, Ermənistanın yeni rəhbərliyinin əsas hədəflərindən biri Türkiyə və Rusiyanın arasını vurub özünü “sudan quru” çıxarmaqdır. Çünki ermənilər həmişə türk-rus yaxınlaşmasından ehtiyat ediblər. Xüsusən də iki ölkə arasında iqtisadi-siyasi, ticari-energetik və hərbi sahələrdə son illər dərinləşən əlaqələrin fonunda Qarabağ məsələsində ermənilərin ziyanına ola biləcək həll planlının gündəmə gəlməsindən ciddi təlaş keçirirlər.
(Yeri gəlmişkən, Rusiya ilə və Türkiyənin arasını vurmaq hazırda ABŞ-ın da marağında görünür. Bu mənada “Qərbin adamı” sayılan Paşinyanın Amerikanın gizli diktəsi ilə Naxçıvanla bağlı yeni təxribatları istisna deyil).    
Rusiyanın isə təbii ki, Türkiyə və Azərbaycanla yeni münaqişəyə girmək kimi planı yoxdur. Bu, ona əsla lazım  deyil. Bu mənada Paşinyan hökunmətinin bu qəbildən şantaj taktikası yekun etibarilə düşmənə arzuladığı nəticəni gətirə bilməz. Ermənistandakı “məxməri inqilab”ın yaratdığı eyforiyanın tozu yatdıqca oradakı qaynar başlar buna əmin olacaq...  (musavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam