Hacıqabul rayon Kolani kəndinin orta məktəbinin direktoru məktəbi təyinatından kənar istifadə edir.
Yenixeber.org: Bu haqda kənd sakinləri məlumat veriblər. Onlar iddia edirlər ki, sözügedən məktəbin direktoru Arifə Əliyeva həyat yoldaşı Həbib Əliyevlə birgə məktəb daxilində bazar açıb.
İddialara görə, Arifə və Həbib Əliyevlər ailəsi məktəbin idman paltar dəyişmə otağını marketə çevirib. Üstəlik Əliyev ailəsi bu əməlini 7 ildir ki, yoxlanışa gələn Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Rayon Gigiyena İdarəsindən ustalıqla gizlədə bilir. Dövlət qurumlarından yoxlama gələndə bu qanunsuz bufetin qapı və pəncərəsini bağlayırlar.
Bildiyiniz kimi, orqanizminin inkişaf dövründə olan məktəblilərin düzgün qidalanması üçün məktəb bufetlərində bir çox məhsulun satışı qadağandır. Bufet piştaxtalarında zərərli qida məhsulları deyil, meyvə, süd məhsuları və s. yerləşdirilir. Ancaq bu məktəbin qanunsuz bufetində icazə verilməyən nə varsa satılır.
Məktəblilər dondurmanı, cipsini vitrində görəndə könlündən keçir. Buna görə də, məktəb direktoru bu bufetdən yaxşı qazanc əldə edə bilir. Sakinlər bildirir ki, hətta bir müddət öncə direktor ailə biznesini bir az da böyüdüb “bufetdə” qadın alt paltarları satışını həyata keçirməyə başlayıb. Ancaq böyük narazılıq yarandığı üçün, həmin malları oradan yığışdırıb.
Övladları həmin məktəbdə təhsil alan valideynlərin sözlərinə görə, direktorun həyat yoldaşı Həbib Əliyev Kür su kəməri idarəsinin ştatda olan işçisidir, ancaq işə getmək yerinə məktəb daxilindəki bazarı idarə edir.
Həmçinin, valideynlər dəfələrlə Hacıqabul rayon Təhsil Şöbəsinə şikayət etsələr də, görünür şöbənin işçilərinin də burada marağı olduğu üçün açıq bazara göz yumurlar.
Valideynlər övladlarının sağlamlığına zərər vuran qida məhsullarının məktəbdən yığışdırılmasını, direktorun məktəbə bazar deyil, təhsil ocağı kimi yanaşmasını istəyirlər.
Məsələ ilə bağlı Hacıqabul Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Onlara şikayətlə bağlı məlumat verib, açıqlama almağa cəhd etdik. Telefona cavab verən xanım əməkdaş 15 dəqiqə sonra zəng vurmağımızı istədi. Amma 15 dəqiqə sonra növbəti zəngimizə heç kim cavab vermədi.(minval)
Dəniz Kərimzadə