Milyonerlər cənnətində:sakinləri harasa getmək istəyəndə taksi yox, vertolyot çağırır...
Balaca bir ölkə təsəvvür edin - ərazisi cəmi 2 kvadrat kilometrdən bir az artıq olan ölkə. Günəşli, sakit, it nəcisi olmayan küçələri olan və gəlir vergisi olmayan bir ölkə. Elə bir yer ki, avtomobil yarışları və yaxtaçılıq milli əyləncə növü sayılır və insanlar A nöqtəsindən B nöqtəsinə getmək üçün taksi əvəzinə vertolyot çağırırlar.
Yenixeber.org: Düşünün ki, burada yaşayan insanların üçdən biri milyonerdir. Bu kiçik oazis milyonerləri özünə o qədər maqnit kimi cəzb edir ki, günəşli sahillərinə köçmək istəyən varlıların sayı artır. Yerli hakimiyyət də bu zənginləri razı salmaqdan ötrü dənizdə süni adalar inşa etmək qərarına gəlir.
Qəribə səslənsə də, belə bir qeyri-adi yer mövcuddur. Həmin yer Monakodur - dünyanın milyonerlər mərkəzi. Bu ölkə adambaşına düşən milyonerlərin sayına görə dünyada birincidir.
Fransanın Aralıq dənizi sahili boyu maşınla səyahət etsəniz, sərv ağacları arasında günəşdən ağaran çətirləri ilə bəzənmiş çınqıllı çimərliklər görərsiniz. Sonra isə gözləmədiyiniz halda qarşınıza hündür sement binalar çıxacaq.
Parıldayan göydələnlər, sürətlə ötüb keçən Bugattilər və dünyaca məşhur kazinonu görər-görmək Monakoya çatdığınızdan əmin ola bilərsiniz. Dünyanın ən çox əhali sıxlığına malik və super zənginləri üçün əyləncə məkanı sayılan bu ölkədə daşınmaz əmlak tələbatı dayanmadan artır.
Alıcıları cəlb edən dənizə baxan evlər deyil. Bu cırtdan ölkə həm də vergi cənnətidir.
Zənginlik məsələləri ilə bağlı “WealthInsights” təhlil mərkəzinin rəhbəri Oliver Uillimas, insanların Monakoya iqtisadi səbəblər ucbatındab köçdüyünə diqqət çəkir. "Monakoda gördüyün işin böyük hissəsinə görə gəlir və korporativ vergi yoxdur və insanların bura köçmək istəyinin əsas səbəbi vergidir. Başqa şeylərə isə sadəcə olaraq həyat tərzi daxildir", - o deyir.
Uillimasın araşdırmasına əsasən, Monakonun təxminən 38 min nəfər hesablanan əhalisinin 30 faizi milyonerdir. "Siyahıdakı növbəti yerləri Cenevrə və Sürix kimi İsveçə şəhərləri tutur", - o söyləyir. Amma rəqəmlərin artacağı təxmin edilir.
“Knight Frank” daşınmaz əmlak agentliyinə görə, bu xırda dövlətdə gələn 10 il ərzində 16.100 milyoner özünə ev almaq istəyinə düşəcək. Hal-hazırda isə istəmirlər. Çünki yer yoxdur.
“Knight Frank”ın araşdırması göstərir ki, kvadrat metri 67 və 142 min dollar arasında dəyişən Monako, ev qiymətlərinin bahalığı üzrə dünyada birinci gəlir.
Şəhər-dövlət ərazisini artırır
2.02 kvadrat kilometr ərazisi olan ölkədə sıxlıq yaranıb. Monako Vatikandan sonra, dünyanın ikinci ən kiçik ölkəsidir. Dağ döşündə, göydələnlər şəklində və hətta torpaqda tunel kimi salınan evlər yeni yaşayış yerləri üçün sahə buraxmayıb.
Monakonun hakim monarxı Şahzadə II Albert
Bu yeni super zəngin ərazidə ev tələbatını qarşılamaq məqsədilə hazırkı rəhbər Şahzadə II Albert torpaq salınması layihəsinə razılıq verib. Monako hökuməti layihəni gözdən keçirir və özəl maliyyəçilər inşa üçün pul ayırırlar.
2.1 milyard dollar dəyərindəki Ofşor Urban Genişlənmə Layihəsi 2026-cı ilə qədər ölkəyə 6 hektar torpaq bəxş edəcək. Buraya 30 gəmilik liman, park və 120 yeni mənzilə malik lüks yaşayış binaları daxil olacaq.
Lakin tikinti nəhəng işlər tələb edir: kaisson adlı suyadavamlı sementlə dolu geniş kameraları dənizə yerləşdirmək, sonra ətrafındakı suyu qurutmaq və oraya Siciliyadan gətirilən qumu tökərək sahildə süni torpaq sahəsi yaratmaq. Və əlbəttə ki, bu miqyaslı artırılma heç də ucuz başa gəlmir.
Fransız tikinti şirkəti “Bouygues Travaux Publiques” suyun flora və faunasını digər qorunan ərazilərə keçirərək 3D çaplı süni sualtı qayalar yaratmağı planlasa da, risklər çoxdur. Dəniz mütəxəssisləri bildirirlər ki, torpaq salınmasını nə qədər ehtiyatla aparılsa da, süni adalar tikərək dənizə müdaxilə etmək təbiət və dəniz həyatına birbaşa təsir göstərəcək.
Quru torpaqla əvəzlənəcək ərazidə 100 növdən artıq yosun və minlərlə dəniz canlısı yaşadığı təxmin edilir. Ekoloqlar, bu cür genişmiqyaslı ofşor layihəsi qarşısında bioloji müxtəlifliyi tam qorumağın qeyri-mümkünlüyü barədə xəbərdarlıq verirlər.
Torpaq meliorasiyası Monako üçün heç də yeni bir şey deyil - 1861-ci ildən bəri ölkə ərazisi 20 faiz artırılıb. Amma indi görünür ki, torpaq ehtiyacını qarşılamaq üçün okean dərinliklərinə əl atmaq lazımdır.
Bununla belə, elektrikli maşın sürən və ətraf-mühiti müdafiə kampaniyalarına fondu vasitəsilə milyonlar ödəyən şahzadə ölkəsinin genişlənirilməsinin mühitə təsirini yüz ölçüb bir biçmək barədə israrlıdır.
“Portier Cove”un unikal çətinliyi isə ustalardan HQE Amenagement, Bina İnkişafı Təşkilatının Ətraf-Mühitin Qiymətləndirilməsi Metodu standartı və Təmiz Limanlar yarlığı daxil olmaqla bir sıra beynəlxalq şəhərsalma inkişafı sertifikatlarının istənilməsidir.
Layihənin başqa inkişaf edən ölkələr üçün nümunə olacağına ümid edilir. (BBC)