Çindən ixrac edilən “tiryək”:zəif dövlətlər asta-asta Pekinin borc əsarətinə düşür
Brahma Çellani
“Project Syndicate” (Çexiya)
Bu ay Sri-Lankanın Çinə olan ağır borcunu ödəmək iqtidarında olmadığı aşkarlanıb. Üst-üstə yığılan borca görə o, strateji Hambantota limanını rəsmən Asiya nəhənginə verməli olub. Çin prezidenti Si Szinpinin "əsrin layihəsi" adlandırdığı Çinin “Bir qurşaq-Bir yol” təşəbbüsü (BRİ) üçün bu, böyük bir satınalma və Çinin borc tələsində diplomatiyanın necə təsirli olacağının sübutudur.
Yenixeber.org: Beynəlxalq Valyuta Fondu və Dünya Bankının kreditlərindən fərqli olaraq, Çin kreditləri (qısamüddətli ticari həyat qabiliyyətliyi olmadıqda belə) uzunmüddətli dəyəri olan strateji əhəmiyyətli təbii aktivlərlə təmin edilir. Məsələn, Hambantota Avropa, Afrika və Yaxın Şərqi Hind okeanı vasitəsilə Asiyaya bağlayan ticarət marşrutunda yerləşdirir.
Kasıb ölkələrin ehtiyac duyduğu infrastruktur inşasını maliyyələşdirmək və qurmaq əvəzinə, Çin təbii ehtiyatlardan limanlara qədər özünə sərfəli şərtlər qoyur.
Bundan əlavə, Şri-Lanka təcrübəsi təəccüblü şəkildə göstərir ki, Çin maliyyələşməsi "tərəfdaş" ölkələrin də belini qıra bilər. Qrantlar və ya güzəştli kreditlər vermək əvəzinə, Çin ekoloji və ya sosial təsir qiymətləndirmələri olmadan, qeyri-şəffaflıq bazar dərəcəli layihələrə böyük kreditlər təqdim edir.
ABŞ dövlət katibi Reks Tillerson bu yaxınlarda bildirib ki, BRİ ilə Çin "öz qaydaları və normalarını" təyin etməyi hədəfləyir.
Mövqeyini daha da möhkəmləndirmək üçün Çin öz şirkətlərini, mümkün olduğu təqdirdə, strateji limanların satın alınmasına təşviq edir. Keçən il çinli bir firma 436 milyon dollar hesabına Yunanıstanın Aralıq dənizindəki Pirey limanını alıb, o, BRİ-nin Avropadakı "əjdaha başı" rolunu oynayacaq.
Bu şəkildə maliyyə dəstəyindən istifadə edərək Çin bir daşla iki quş öldürməyə çalışır.
Birincisi, ixracatı artırmaqla “ev”dəki artıq əmtəə problemini həll etmək istəyir.
İkincisi, diplomatik təsirini genişləndirmək, təbii sərvətlərin təmin edilməsi, valyutanın beynəlxalq istifadəsini təşviq etmək və digər güclər üzərində nisbi üstünlüyə nail olmaq da daxil olmaqla, strateji maraqlarının inkişafına ümid edir.
“Çinin yırtıcı yanaşması var” (Hambantotada artıq təhlükəsizlik tədbirləri gücləndirilir) – çox yumşaq ifadədir. Şri-Lanka kimi kiçik ölkələrlə əlaqələrində Çin, 1839-1860-cı illərin Tiryək müharibələri ilə başlayan və 1949-cu ildə kommunist rejimin qurulması ilə sona çatan Avropanın müstəmləkəçilik dövründə ona qarşı tətbiq olunan təcrübəni təkrar edir – "alçaldılma əsri".
1997-ci ildə Çin Honq-Konq üzərində suverenliyini bərpa və bunu bir əsrdən artıq davam edən Britaniya idarəçiliyinin tarixi ədalətsizliyinə düzəliş kimi təqdim etdi. Lakin Hambantota təcrübəsinin göstərdiyi kimi, Çin indi öz Honq-Konq tərzli neomüstəmləkə təsislərini qurur. Göründüyü kimi, Sinin "Çin xalqının böyük cavanlaşması" vədi kiçik dövlətlərin suverenliyinin eroziyası ilə sıx bağlıdır.
Avropanın imperiya qüvvələri yeni bazarlar və müstəmləkə forpostları qurmaq üçün hərbi donanma diplomatiyasını işə saldığı kimi, Çin də digər dövlətlərə bircə atəş açmadan, onları öz iradəsinə tabe etdirmək üçün suveren borcdan mənfəət götürür.
İngilislərin Çindən tiryək ixrac etdiyi tək, Çinin təklif etdiyi asan kreditlər də aludəçilik yaradır. Çin öz layihələrini uzunmüddətli strateji dəyərləndirmə əsasında seçir, borclu ölkələr isə borclarını ödəmək üçün kifayət olmayan qısamüddətli gəlirlər əldə edə bilir. Bu, Çinə əlavə təsir imkanı verir, borc verən borclunu borcu başqa şeylə dəyişdirməyə məcbur edə bilir. Bununla da Çinin qlobal əhatəsi genişlənir, bir sıra ölkələr borc əsarətinə düşür.
Hətta Hambantota limanının 99 illik müddətə icarəyə verilməsi şərtləri Çinin öz limanlarını Qərb müstəmləkəçilərinə icarəyə verməyə məcbur olduğu vaxtları xatırladır. 1898-ci ildə Britaniya Çinin yeni ərazilərini 99 il müddətinə icarəyə götürmüşdü, nəticədə, Honq-Konqun torpaq sahəsi 90% genişləndi. Ancaq 99 illik müddət yalnız Çinin etnik mənşəcə mancur olan Sin sülaləsinin xilası üçün idi; reallıq bütün bu satınalmaların daimi olduğuna işarədir.
İndi Çinin özü uzaq torpaqlarda imperiya dövrünün 99 illik icarə konsepsiyasını tətbiq edir. Ötən ilin yayında Çinin imzaladığı Hambantotaya dair kirayə razılaşmasına rəsmi Pekinin Sri-Lankaya verdiyi 1,1 milyard dollar borc məsələsi də daxil edilmişdi.
2015-ci ildə bir Çin firması Avstraliyanın dərin sulu limanını – Darvini (ABŞ-ın mindən çox dəniz piyadası burada baza qurub) 388 milyon dollar müqabilində 99 illik müddətə icarəyə götürüb.
Eyni şəkildə, milyardlarla dolları ağır şərtlərlə Cibutiyə borc verdikdən sonra Çin 2017-ci ildə bu kiçik, lakin strateji əhəmiyyətli dövlətdə ilk xarici hərbi bazasını qurub. ABŞ hərbi dəniz bazasından – Afrikadakı yeganə qalıcı Amerika hərbi təsisindən bir neçə mil aralıda.
Borc böhranı ilə tələf olan Cibutinin Çinə hər il təxminən 20 milyon dollar müqabilində torpaq icarəyə verməkdən başqa çarəsi yox idi. Çin təbii qazın, əsasən özünün müəyyən etdiyi qiymətlə, boru kəməri ilə nəqlini təmin etmək üçün Türkmənistan üzərindəki gücünü istifadə edib.
Argentinadan tutmuş Namibiya və Laosa qədər bir neçə digər dövlət də Çinin borc tələsinə düşüb və defolt vəziyyətinə düşməmək üçün çətin seçim qarşısında qalıb. Keniyanın Çinə olan nəhəng borcu artıq Mombasa limanını – Şərqi Afrikanın qapısını – başqa Hambantotaya çevirməklə təhdid edir.
Bu təcrübələr BRİ-nin mahiyyətcə mifoloji Mərkəzi Padşahlığın inkişafı məqsədi daşıyan imperiya layihəsi olduğuna dair xəbərdarlıqdır. Çinin borc əsarətində olan dövlətlər həm də ən qiymətli təbii resursları və daha çox suverenliklərini itirmə riski ilə üzləşir.
Yeni nəhəng imperiyanın məxmər əlcəyi daha kiçik ölkələrdən canını almaq üçün güclü dəmir yumruğun üstünü örtür.Tərcümə: Strateq