Ankarada Cümhuriyyət bayramı coşqusu:“Anıtqəbir”də izdiham-Fotolar, Reportaj
Bu gün Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur. Türkiyənin ölkə müstəqilliyinin əldə olunmasından 94-cü il ötür.
Yenixeber.org: Öncə bu günlə əlaqədar tarixə qısa nəzər salaraq bildirək ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib. Beləliklə də 1924-cü ildən etibarən 29 oktyabr Türkiyədə Cümhuriyyət bayramı kimi qeyd edilməkdədir.
Paytaxt Ankarada bayram hazırlıqları hələ bir neçə gün öncədən başlamışdı. İnsanlar eyvanlarından Türkiyə cümhuriyyətinin bayrağını, Mustafa Kamal Atatürkün portretlərini hələ iki gün öncədən asmışdılar. Bu gün isə şəhər küçələri, meydanlar başdanbaşa bayramsayağı bəzədildi. Hər kəs eyvanından Türkiyə bayrağını asıb, yollarda gəzərkən belə əllərindən bayraqları yerə qoymadılar. Şəhər boyu müxtəlif qurum və təşkilatlar yürüşlər edib, İzmir marşını oxuyub, cümhuriyyətlə bağlı müxtəlif şüarlar səsləndirdilər.
Səhər saatlarında ilk olaraq Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, ardınca qardaş ölkənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların rəhbərləri, vətəndaşlar Mustafa Kamal Atatürkün mavzoleyini – “Anıtqəbir”i ziyarət ediblər.
“Anıtqəbir”in önünə əklil qoyulduqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Daha sonar isə “Anıtqəbir”də böyük izdiham yaşandı. Türkiyə xalqı oranı ziyarət edərək böyük Atatürkün xatirəsini yad edib, ruhuna dualar oxuyurdular.
Ərazidə ciddi təhlükəsizlik tədbiləri də alınmışdı. “Anıtqəbir”ə təxminən 200 metr qalmış xüsusi cihazlar quraşdırılıb, insanların üzəriləri yoxlanırdı.
“Anıtqəbir” ziyarət edildikdən sonra ziyarətçilər Atatürkün şəxsi əşyalarının saxlanıldığı muzeyə də baş çəkirdi. Burada da insanlar “İzmir marşı”nı səsləndirərək, irəliləyirdilər. “Anıtqəbir”i ziyarət etməyə gələnlər təkcə ankaralılar deyil, Türkiyənin bütün bölgələrində yaşayan Atatürk sevərlər idi. Hətta ziyarətçilər arasında bu gün toyları olacaq gəlin və bəyə də rast gəldik. Onlar da bildirdilər ki, bayram günü buraya gəlmədən toy edə bilməzdilər. Ona görə də ilk olaraq “Anıtqəbir”ə gəliblər.
Müşahidə etdik ki, “Anıtqəbirə” gələn valideynlərin əksəriyyəti özləri ilə azyaşlı uşaqlarını da gətiriblər. Onlar övladlarına Atatürkün kim olması, Türkiyə dövlətinin necə qurulması haqqında bilgilər verir, hər zaman cümhuriyyətin qorunması üçün çalışmalarını tövsiyyə edirdilər.
“Anıtqəbir” qarşısında sıxlıq olması səbəbindən insanlar qısa yolu qət etmək üçün 1 saata qədər gözləməli olurdular. Lakin bundan heç kim narazılıq etmirdi. Bildirirdilər ki, bu gün bayramdır və Atatürk uğrunda istənilən əziyyətə qatlanmağa hazırdırlar. Onlarla söhbətimiz zamanı tək istəklərinin cümhuriyyətlərinin qorunub, saxlanması olduğunu söylədilər. Atatürkü anmaq üçün “Anıtqəbir”ə gələnlərin arasında demək olar ki, hər yaşın nümayəndəsinə rast gəlmək olurdu. Lakin gənclər xüsusi aktivlik göstərib, şüarlar səsləndirib, toplumun çoşğusunu artırırdılar. Ankarada bayram tədbirləri hələ də davam etməkdədir.(müsavat)
Əli Rais,
Fotolar müəllifindir.