Arif Əsgərovun oğlu Azərbaycanı tərk edib?!: ÖZƏL
“Araz ltd” MMC-i, HİLUX SERVİCES” MMC-i, “ADAMAN GROUP” MMC-i, “Arko-LTD” MMC-i, “Selva” MMC-i, “DONDARLI SERVİS” MMC-lərlə aparılan müəmmalı əməliyyatlar
Xeberinfo.com: Ölkə gündəminin əsas müzakirə mövzularından biri də “Azərbaycan Dəmir Yolları ” QSC-nin indiki və sabiq sədrləri-Cavid Qurbanov və Arif Əsgərovun ailə üzvülərinin birgə biznesi ilə bağlı məlumatlardır. Bu istiqamətdə cəmiyyətin həsaslığı da anlaşılandır. Təsadüfi deyil ki, bu mövzu ətrafında məlumatlar tükənmək əvəzinə, daha da artmaqdadır...
Xeberinfo.com-a daxil olan son məlumata görə, 2006-2016-cı illər ərzində dövlət büdcəsindən dəmir yolu təsərrüfatına bir milyard manatdan artıq büdcə vəsaiti, təxminən bir o qədər də dövlət zəmanəti ilə alınan kreditlərin önəmli bir hissəsi “Azərbaycan Dəmir Yolları”nın sabiq və indiki sədrlərinin ailə üzvülərinin birgə şirkəti olan “Araz ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı, “HİLUX SERVİCES” MMC-i, “ADAMAN GROUP” MMC-i, “Arko-LTD” MMC-i, “Selva” MMC-i, “DONDARLI SERVİS” MMC-i kimi şirkətlərlə əməliyyat olunub. Bu şirkətlərin içərisində, “Araz ltd” MMC-i Cavid Qurbanovla Arif Əsgərovun ailə şirkətləri, “HİLUX SERVİCES” MMC-i və “ADAMAN GROUP” MMC-i isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədrinin oğlu Elnar Əsgərovun şirkətləri kimi tanınır.
Sadalanan şirkətlərin təsisçisi Xəyal Camal oğlu Rəhimovla bağlıxeberinfo.com-a daxil olan məlumatda deyilir ki, bu şəxsin Əsgərovlara yaxınlığı sadəcə Elnar Əsgərovun köməkçisi olması ilə bitmir. Bu şəxsin Əsgərovlar ailəsinə bağlı olduğunu göstərən digər məlumatlar da var. Məsələn, Arif Əsgərov “Azərbaycan Dəmir Yolu” QSC-nin sədri vəzifəsində çalışarkən müavini Əlirza Süleymanovla birgə Müşahidə Şurasının həmsədrləri olduğu “Lokomotiv Qadın Voleybol Klubu” MMC-nin direktoru Xəyal Rəhimov olub. Bu faktlar Ukraynadan dəmir yolları üçün müəyyən avadanlıqların alınması prosesinin Xəyal Rəhimovun şirkətləri vaisitəsilə həyata keçirildiyi haqqında iddiaların əsassız olmadığını düşünməyə əsas verir. Bu əməliyyatların aparılması üçün xərclənən maliyyə vəsaitləri büdcə pulları və dövlət zəmanəti ilə alınan kreditlər olduğundan hər bir Azərbaycan vətəndaşı üçün maraqlı ola bilər. Buna görə də vətəndaşların “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin “Araz ltd” MMC-i, HİLUX SERVİCES” MMC-i, “ADAMAN GROUP” MMC-i, “Arko-LTD” MMC-i, “Selva” MMC-i, “DONDARLI SERVİS” MMC-lərin hər biri vasitəsilə həyata keçirdiyi maliyyə əməliyyatı haqqında məlumat almaq haqqı var.
“Azərbaycan Dəmir Yolları” QSC də vətəndaşların bu hüququna hörmət edərək adları çəkilən şirkətlərlə aparılan maliyyə əməliyyatları haqqında cəmiyyətə doğru-dürüst məlumat açıqlamağa borcludur. Unutmayaq ki, ölkə vətəndaşlarının hər birinin həm də bunu tələb etmək hüquqi var. Medianın da bununla bağlı bəlli araşdırma aparmaq hüququ var və biz də öz hüququmuzdan istifadə etmək niyyətindəyik. İlkin olaraq Arif Əsgərovun bu biznes strukturlarına rəhbərlik etdiyi iddia olunan böyük oğlu Elnar Əsgərovun da məlumatlara münasibətini öyrənmək istədik. Təəssüf ki, bizimlə telefon danışığında Elnar Əsgərov suallarımızı cavablandırmaqdan yayındı. Ancaq onun ata yurdu olan Qovlar şəhərində hər kəs Vağzal küçəsindəki “Toğrul” Ticarət Mərkəzinin Əsgərovlara aid olduğunu bilir. Eləcə də, Qovlarda Əsgərovlara aid soyuducu anbar kompleksinin, üzüm bağlarının və başqa iaşə obyektlərinin olduğu haqqında da məlumatlar var. Elnar Əsgərov Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu ilə bacanaqdır və bu qohumluq faktı böyük bir obyektin inşasının əsas səbəbidir. Təsadüfü deyil ki, çox ciddi biznesmenlərin bir neçə onilliklər ərzində əldə edə bilmədiyi kapitala 31 yaşlı Elnar Əsgərov qısa müddətdə nail ola bilib. Bu imkanların isə bir yandan atasının himayəsi, digər yandan da başqalarının pulunu dələduzluq yolu ilə ələ keçirilməsi hesabına formalaşması haqqında iddialar var. Maraqlıdır ki, Elnar Əsgərov kimi mediada haqqında çoxsaylı dələduzluq ittihamı səslənən ikinci bir məmur övladına rast gəlmək çətindir. Bunu medianın son illik nüsxələrini monitorinq etməklə də görmək olar. Ən maraqlı məqam isə ondan ibarətdir ki, Elnar Əsgərov haqqında ictimailəşmiş dələduzluq ittihamlarının heç biri təkzib olunmayıb.
Hal-hazırda Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Bakı sakini Emil Məmmədovun şikayəti əsasında Elnar Əsgərov haqqında araşdırma aparılması da tam rəsmi məlumatdır. Hələlik dəqiqləşdirə bilmədiyimiz bir məlumata görə, Elnar Əsgərov Emil Məmmədovun iddiası üzrə ifadə vermək üçün Daxili İşlər Nazirliyinə çağrıldıqdan sonra Azərbaycanı tərk edib. Yeri gəlmişkən bizimlə telefon əlaqəsi zamanı Elnar Əsgərov özü də Azərbaycanda olmadığını dilə gətirmiş, ancaq haqqındakı dələduzluq iddialarını qəti inkar etmiş və hətta bu iddialardan xəbərsiz olduğunu ifadə etmişdi. Çox maraqlıdır ki, Emil Məmmədovun şikayəti üzərinə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılma aparıldığını təsdiq edən rəsmi məlumatlar olmasına baxmayaraq, Elnar Əsgərov qətiyyətlə belə araşdırmanın aparıldığından xəbərsiz olduğunu bildirir(?) Ən azı iki ay əvvəl başlanmış araşdırma haqqında Elnar Əsgərovun xəbərsiz olması inandırıcı deyil. Nədən ki, DİN-in apardığı araşdırmanın prosessual qaydası Elnar Əsgərovun ifadəsinin alınmasını tələb edir. Buna görə də Elnar Əsgərovun tamamilə inkar üzərində köklənmiş mövqeyini əsaslı qəbul etmək çətindir.
Qarşıdakı günlərdə məlumatlara aydınlıq gətirmək üçün rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Mövzunun davamı olacaq.
Sabir