Neft və ticarət yolları uğurunda qurban edilən sürgün türklər
Yenixeber.org: Çölçü redaksiyadan çıxanda şəhərin üzərinə çökmüş toz dumanı bu günün sıradan bir gün olmayacağına işarə edirdi, sanki. Küçələr öz axarı ilə gedirdi, maşınlar siqnal verirdi, insanlar telefonlarına baxaraq yol keçirdilər — amma onun içində qəribə bir ağırlıq vardı. Sanki beynindəki sual bütün bu səs-küyün üstündən qalxıb, onu tək-tənha buraxmaq istəyirdi.
Bu sual uşaqlıqdan onun ağlında dolaşır, gərginləşdirir və düşündürürdü.
Niyə? Niyə Qərbi Azərbaycandan Azərbaycan türkləri ard-arda dalğalarla qoparıldı?
Niyə bu olaylar hər dəfə ayrı-ayrı, bir-birindən bağlantısız baş vermiş kimi tarix kitablarının səhifələrindən yalandan öyrədildi?
Niyə bu sürgünlərin arxasında dayanan böyük güc yiyələrinin istəkləri açıq-aydın danışılmadı? Niyə tozlu arxiv qovluqlarında ustalıqla gizlədildi?
Çölçü artıq çoxdan başa düşmüşdü ki, cavab təkcə XX əsrin faciələrində deyil. Cavab XIX əsrin ortalarına, hətta ondan da öncəyə gedib çıxır. Cavab yer üzündə pulun axdığı yollardadır, yəni daşınma marşurutlarında. Cavab güc qaynaqlarını əldə etmək istəyindədir. Cavab böyük imperiyaların gizli və səssiz maraqlarında gizlənir.
Çölçü bu düşüncələr içində daha dərin arayışlara dalmağın gərəkdiyini duyaraq, maşının sükanını çölə - sığnacağı kimi seçdiyi meşəyə çevirdi. Bəzən insan özü ilə və tarixlə üzləşmək üçün öncə şəhərdən, onu sıxan qəliblərdən, beton cəngəlliklərdən çıxmalıdır.
Meşədəki görüş
Çölçü meşəyə çatıb, uyğun bir yer seçib, çadırı qurmaq üzrə idi ki, arxadan sakit, amma özgüvənli bir səs eşitdi:
– Birazdan güclü leysan yağış olacaq. Burada gecə qalmaq təhlükəli ola bilər.
Çölçü geri çevrildi, qarşısında arxasında çiyin çantası olan, yaşlı bir meşəbəyi durmuşdu. Üzündə elə bir ifadə vardı ki, insanda onun təkcə meşənin, ağacların, bitkilərin dilini yox, dünyada baş verən olayların dərin qatlarını da oxumağı bacardığı duyğusu yaradırdı.
– Daxmam yaxındadır, yerim genişdir, bu gün orda qal, qonağım ol. İstəsən, həm də dərdləşərik. Düşüncəli gördüm səni.
Çölçü gülümsəyib, başı ilə razılığını bildirdi. İçindən bir səs ona deyirdi ki, bu görüş elə-belə deyil.
Daxmaya girdilər. Soba közərirdi. Meşəbəyi quru odunları közərən sobaya doldurub, qapağını yenidən bağladı. Alov yenidən qızışdı. Odunların çırtıltısının səsi otağı bürüdü. Meşəbəyi Çölçüyə yer göstərib, gətirdiyi əşyaları yerləşdirdi və sakitcə buğlama hazırlamağa başladı. Əti doğradı, kartofu əlavə etdi, soğanı xırdaladı. Qazanın qapağını örtüb, yeməyi sobanın üstündə bişməyə qoydu.
Çölçü divardakı köhnə xəritələrə baxdı.
– Siz, deyəsən, öncələr müəllim olmusunuz...
– Uzun illər universitetdə coğrafiya və siyasi coğrafiya dərsi demişəm, – meşəbəyi dedi. – Sonra bir necə il də arxivlərdə maraqlandığım mövzularlarla bağlı araşdırmalar apardım və yorulmadan işlədim. Sonra gördüm ki, bəzi gerçəkləri paylaşmaq, açıb-ağartmaq yetərincə açıqlamaq olmur.
Sobanın üstündəki qazandan yavaş-yavaş qaynamağa başlayan buğlamanın poqqurtu səsləri eşidilirdi. Çölçü danışmağa başladı. Qərbi Azərbaycan sürgünləri, parçalanmış ailələr, boş qalan kəndlər…
Meşəbəyi maraqları onu dinlədi. Sonra yavaş səslə dedi:
– Sən hadisələri ard-arda düzürsən. Amma bu olayları tətikləyən gerçəklərin qaynaqlarını, düzənini hələ tam tutmamısan. Bu qarışıq güc qazanma tələlərinin ən önəmli düyünlərindən biri Süveyş kanalıdır, İpək yolunu çökdürən, Türk dünyasının ən önəmli gəlir yolunu kəsən ilgək odur.
Kanalın açılışı 17 noyabr 1869-cu ildə olub. Uzunluğu 193,30 km (120,11 mil) olan kanal Avropa ilə Asiya arasında əsas ticarət yoludur. Bu gün dünya ticarətinin təxminən 12-15 faizi Süveyş üzərindən keçir.
Hər il bu dar boğazdan 20 minə yaxın yük gəmisi ötür. 2021-ci ildə tək bir gəminin kanalda ilişib qalması:
– milyardlarla dollar zərər yaratdı;
– Avropada ərzaq və xammal axınını ləngitdi;
– enerji bazarını silkələdi.
Bu hadisə bir həqiqəti açıq göstərdi:
Dünya ticarəti bir tək boğaza bağlanacaq qədər kövrəkdir. 1869-cu ildə Yer üzündə təxminən 1,3 milyard insan yaşayırdı. Bu gün say 8 milyarda yaxınlaşır. Bu artım adi insan say artımı demək deyil — yol, yük, ərzaq və enerji tələbatı deməkdir.
Süveyş bu yükü təkbaşına daşıya bilməz. Dünya yeni yollar axtarır. Süveyş və ilk önəmli qarşıdurma
– Amma Süveyşdən əvvəl də yollar vardı, – Çölçü dərhal dedi – Dəniz İpəkyolu vardı, Fars körfəzi xətti vardı, Şimal bozqır yolu vardı. Türk dünyası onsuz da ticarətin içində idi.
Meşəbəyi qaşıqları masaya qoydu.
– Bəli. Amma məsələ ondadır ki, o yolların hamısında bir mərhələ dəyişməz idi: quru daşıma yolları. Mallar limandan çıxıb, karvanlara keçirdi. Karvan isə türklərin yiyələndiyi şəhərlədən ötürdü. Vergi verilirdi. Türklərin güc qazancı oyunda qalırdı.
Sonra davam etdi:
– Süveyş bunu tam sildi. İlk dəfə dəniz dənizə birləşdirildi. Quru Karvan yolları aradan qaldırıldı. Bu artıq Britaniya Xarici İşlər Nazirliyinin 1870-ci il sənədlərində açıq yazılmışdı: “Kanal Asiyanın bütün quru yollarının strateji dəyərini azaldacaq”.
Bu, sadəcə mühəndislik nəticəsi deyildi. Bu, bilincli geosiyasi qərar idi.
Çölçü həmin an anladı ki, İpək yolunun dayanması təkcə iqtisadi yox, sivilizasiyaların güc balansının pozulması və yer dəyişməsi deməkmiş.
Neft məsələsi: gələcəyin yanacağı əvvəlcədən bilinirdi
Yemək süfrəyə gələndə meşəbəyi söhbəti daha da dərinə apardı:
– Amma Süveyş kanalının açılması, malların daşınma yollarının dəyişməsi bu güc oyunundakı tək hədəf deyildi. Ən önəmli olay gələcəyin yeni güc qaynağının - neft yataqlarının ələ keçirilməsi idi.
Çölçü diqqətlə qulaq asırdı.
– İngilislər neftin gələcəyin strateji yanacağı olacağını XIX əsrin ortalarından hesablayırdılar. 1847-ci ildə Ceyms Yonq parafin istehsalını qurdu. Britaniya sənaye jurnallarında kömürün donanma üçün məhdudiyyətləri müzakirə olunurdu. “Royal Society”də enerji gələcəyi ilə bağlı hesabatlar yazılırdı.
Sonra əlavə etdi:
– Ona görə “Royal Geographical Society” sadəcə elmi qurum deyildi. 1830–1914 arasında Osmanlı torpaqlarına və Qafqaza göndərilən onlarla “alim”, “arxeoloq”, “coğrafiyaçı” əslində strateji kəşfiyyat aparırdı. Vilyam Eynsvörs, Henri Bloss Link, General Çesney, Gertrud Bell – bunlar romantik səyyah deyildi. Onlar neft sızıntılarını xəritələşdirir, əhalini öyrənir, tayfa münasibətlərini yazır, zəif nöqtələri qeydə alırdılar.
– Neçə nəfər idi? – Çölçü soruşdu.
– Təkcə RGS xətti ilə onlarla əsas fiqur, yüzlərlə yerli informator. Bunların hesabatları Hindistan Ofisi və Admiralty arxivlərinə gedirdi.
Bakı nefti: oyunun ürəyi
– Bəs Bakı? – deyə Çölçü soruşdu.
Meşəbəyi bir anlıq susdu. Sonra Çölçünün gözlərinə baxıb davam etdi:
- 1913-cü ildə dünya neftinin təxminən 50 faizi Bakıdan çıxırdı — bu isə imperiyalar üçün təkcə enerji deyil, gələcək demək idi. Nobel qardaşları buraya təsadüfən gəlməmişdi. Rotşild bankı Qafqaz neftinə girişəndə artıq Britaniya narahat idi. Çünki Bakı nefti Rusiya imperiyasını gücləndirirdi.
Ardınca ağır bir fakt səsləndirdi:
– Qafqaz enerji qapısı idi. Bu qapı türkün əlində qaldıqca təhlükəsiz deyildi. Ona görə burdakı etnik xəritənin dəyişdirilmə planı quruldu.
Çölçü başa düşürdü: məsələ təkcə erməni köçü deyildi. Bu, enerji təhlükəsizliyi üçün qurulan demoqrafik mühəndislik idi.
Rusiya: nə maşadır, nə də sadəcə icraçı
– Mən Rusiyanı Avropanın maşası kimi görürəm, – bu dəfə Çölçü dedi.
– Yox, – meşəbəyi dedi – Rusiya öz imperial doktrinası ilə hərəkət edirdi. “İsti dənizlərə çıxış” strategiyası vardı. Qafqazı tampon zona kimi görürdü. Ortodoks kilsəsini siyasi alətə çevirmişdi. Avropa ilə bəzən əməkdaşlıq etdi, bəzən rəqabət apardı. Amma türk zolağının zəiflədilməsi hər iki tərəfin marağına uyğun gəlirdi.
Kilsələr, missionerlər və parçalama
Samovar qaynayanda yağış başladı.
– Təkcə dövlətlər yox idi bu oyunda, –meşəbəyi dedi – kilsə strukturları da vardı.
Sonra uzun-uzadı izah etdi:
– Vatikan Şərqdə birbaşa güc qura bilmirdi. Amma erməni kilsəsi üzərindən ideoloji təsir yaratdı. Missioner məktəbləri açıldı, qəzetlər buraxıldı, “əzabkeş xalq” narrativi qurulur, məhşur “yazıq erməni soyrıqımı” nağılı uydurulurdu. Rus kilsəsi bunu siyasi xəttə bağladı. Arnold Toynbi və Lord Bryus bu mexanizmi yazıb.
– Yəni türklər bir-birinə düşmən edildi?
– Sistemli şəkildə. Əlifbaların dəyişdirilmə siyasəti aparılır, türk dilinin ləhcələrinin arasındakı fərqləri şişirdildi, məzhəb ayrılıqları qabardıldı, etnik azlıqlarla qarşıdurmalar qızışdırılır, satqınlar pullə ələ alınaraq gizlincə silahlandırılır və terror hadisələri gerçəkləşdirildi.
Bu işlər bu gün də altdan-altdan həm global media şirkətləri, sinema və digər yumşaq güc alətlərinin köməyi ilə müxtəlif formalarda hələ də gizlincə milyonlarla pul xərclənərək davam etdirilir.
Gecə, yağış və ağır nəticə
Leysan yağış meşədəki daxmanın dam örtüyünü döyəcəkləyirdi. Çölçü çaya baxaraq düşündü: bu, artıq yazı deyil, bir dönəmin anatomiyasıdır.
– Deməli sürgün təsadüf deyil, – dedi.
– Dünyada heç nə elə-belə baş vermir. – meşəbəyi dedi – Yollar dəyişəndə, güc və əl dəyişir. Düzən pozulur, xalqların yaşamları da dəyişir. Güc savaşları gedəndə bütün düşüncə qəlibləri, olayların ardıcıllığı və yer üzünün yazğısı da dəyişir.
Çölçü içində öz-özünə dedi:
- Su gələn arxa bir də gələr. Amma bu dəfə ayıq olub, həmişəlik dəyər qaynaqları yaratmalıyıq.
Son söz
Qərbi Azərbaycan sürgünü, Qafqazda, Türküstanda və Balkanlarda baş verənlər ancaq bölgələri dəyişdirən olay deyildi. Bunun başlanğıcı çox daha dərinlərdə idi.
Bu, Türk dünyasının mərkəzdən kənara itələnməsinin nəticəsidir. Və bu gedişatı tətikləyənlərin istəkləri bitməyib. Sadəcə görünüşünü və işləyiş biçimini dəyişib.
Amma tarix başqa bir şeyi də göstərir:
Türkün sonraki ağlı gec gəlir, amma gələndə dünyanı silkələyir. Yəni biz “bitdi” demədən bitməz.(AYNA)










AZ
RU