Qlobal nüvə savaşı ilə bağlı ssenarilər artıq abstrakt ehtimallardan ibarət deyil, əksinə, DSNV-nin süqutundan sonra bu təhlükə sistemləşib, yeni və ciddi eskalasiya mexanizmləri yaranmağa başlayıb... Avropa məkanı isə dərhal əsas “hədəf zonası”na çevrilib, yeni dünya düzəninin formalaşma prosesi qorxulu xaos mərhələsinə keçid edib və indi əsas təhlükə yalnız dövlət liderlərinin niyyəti yox, həm də qlobal sistemin özü ilə birbaşa bağlıdır...
Yenixeber.org: Qlobal qarşıdurmaların təhlükəli istiqamətlər almasına paralel olaraq, son vaxtlar dünyada daha real görünən nüvə savaşı ssenariləri də ön plana keçməyə başlayıb. Üstəlik, bu nüvə savaşı ssenarilərində Avropa məkanının potensial hədəfə çevrilmə ehtimalı da tamamilə inandırıcı görüntülər almaqdadır. Və bu baxımdan, hazırda yeni dünya düzəninin qlobal nüvə savaşının qarşısını ala bilib-bilməyəcəyi olduqca ciddi suallar doğurmaqda davam edir.
Onu da qeyd etmək lazımdır ki, Strateji Hücum Silahlarının Məhdudlaşdırılması haqqında Müqavilənin (DSNV / SNV-3) qüvvə olma müddətinin başa çatması qlobal təhlükəsizlik sistemində sadəcə, hüquqi boşluq yaratmadı. Belə ki, bu, həm də qlobal nüvə müharibəsi riskinin bloklanmasını təmin edən bütün mexanizmləri sıradan çıxarmış oldu. Və ona görə də, indi qlobal proseslər artıq “silahlanma yarışı”ndan daha yox, idarə olunmayan nüvə qarşıdurması ehtimalına doğru yönəlmiş kimi görünür.

Qərb hərbi-siyasi dairələri hesab edirlər ki, mövcud situasiyanın ən təhlükəli məqamı, bu yeni mərhələdə Avropa məkanının potensial nüvə qarşıdurması üçün əsas mərkəzi poliqona çevrilə biləcəyi ilə birbaşa bağlıdır. Eyni zamanda, qlobal nüvə savaşıın necə başlaya biləcəyi ilə bağlı miflər və reallıqlar da geniş şəkildə müzakirə edilməkdədir. Ən geniş yayılmış savaş mifi ondan ibarətdir ki, nüvə müharibəsi yalnız dövlət liderlərinin şüurlu şəkildə verdikləri qərarlar ilə başlaya bilər. Halbuki, tarixi və strateji təcrübə isə tamamilə fərqli ehtimalları da reallıq kimi göstərir.
Məsələ ondadır ki, bəzi Qərb hərbi ekspertləri isə nüvə müharibəsinin başlanma ehtimalı ilə bağlı daha realist mexanizmləri gündəmə gətirirlər. Onların fikrincə, yanlış kəşfiyyat məlumatlarının ciddiyə alınması, raket buraxılışı ilə bağlı texniki səhv, hər hansı hərbi təlimin savaş hazırlığı kimi şərh edilməsi, regional münaqişənin sürətlə böyüməsi, siyasi böhran zamanı “qərarvermə zənciri”nin qırılması və s. kimi faktorlar nüvə savaşı törədə bilər. ABŞ və Rusiya arasında imzalanmış və nüvə savaşı təhlükəsini bloklayan DSNV da artıq öz hüquqi qüvvəsini itirib. Və ona görə də, hazırda əsas nüvə dövlətlərinin bu dağıdıcı silahın tətbiqi ilə bağlı hər hansı hüquq-siyasi əngəl qalmayıb.
Maraqlıdır ki, Qərb hərbi ekspertləri hazırda nüvə savaşına yol aça biləcək bir necə əsas ssenarini daha ön planda tuturlar. Onların fikrincə, regional qarşıdurmalar strateji nüvə mübadiləsinə keçidi təmin edə bilər. Ən real ssenari isə Avropada baş verə biləcək hərbi münaqişənin nüvə qarşıdurmasına qədər inkişaf etməsidir. Belə ki, Şərqi Avropada (Baltikyanı region, Qara dəniz, Polşa - Kalininqrad xətti) NATO-Rusiya arasında lokal hərbi toqquşma sonrakı mərhələdə tərəflərdən birinin taktiki nüvə silahına əl atması, ona adekvat cavab zərbəsinin endirilməsi, sürətli eskalasiya və strateji silah arsenalının işə düşməsi ilə nəticələnə bilər.

Qərb ekspertləri onu da xarırladırlar ki, beynəlxalq qoruyucu müqavilələrin çərçivələri dağıldıqda dövlətlər ən pis ssenarini əsas götürürlər. Bu haldasa, ilk növbədə “birinci vurmaq, ilk vurulmaqdan daha yaxşıdır” prinsipi ön plana keçir. Rusiya, ABŞ və NATO daxilində bəzi dövlətlər artıq preventiv zərbə, düşmənə erkən cavab və “eskalasiyanı alternativ eskalasiya ilə dayandırmaq” kimi konsepsiyaları açıq şəkildə müzakirə etməyə başlayıblar. Və bu isə nüvə silahını “son çarə” statusundan çıxararaq, “operativ reaksiya aləti”nə çevrilməyə yaxınlaşdırır.
Əslində, hazırda Avropa məkanı üzərindən “strateji mesaj müharibəsi” aparılır. Belə ki, Avropa məkanı qlobal nüvə savaşının ilk mərhələsi üçün “ideal poliqon” hesab olunur. Çünki “qoca qitə”də ABŞ-ın hərbi bazalara mövcuddur, Böyük Britaniya və Fransa isə nüvə dövlətləridir. Rusiya ilə birbaşa coğrafi təması mövcud olan Avropa Kreml üçün artıq yalnız NATO məkanı deyil, həm də qlobal strateji təzyiq alətidir. Və bu baxımdan, Avropa Rusiyanın nüvə zərbəsi üçün ilk hədəfə çevrilmiş kimi görünür.
Qərb ekspertləri hesab edirlər ki, Ağ Evin strateji hesablamasında Avropa “rüsklərin ötürülməsi” üçün ən uyğun coğrafi məkandır. Yəni, Pentaqonun strateji nüvə savaşı planlamasında birbaşa qeyd olunmasa da, Avropanın ilk zərbə mərhələsini öz üzərinə götürə biləcəyinin nəzərə alındığına qətiyyən şübhə edilmir. Böyük Britaniya və Fransanın nüvə arsenalını artırması isə Avropa üçün daha təhlükəli perspektiv vəd edir. Çünki Rusiya NATO məkanı kimi gördüyü Avropa qitəsini nüvə qarşıdurmasında əsas legitim hədəf hesab etdiyinə bir neçə dəfə eyham vurub.

Maraqlıdır ki, Qərb ekspertlərinə görə, Avropa dövlətləri hələ də aktual olan təhlükəli illyüziyanın real qurbanına çevrilə bilərlər. Çünki “qoca qitə”nin siyasi elitasında “Nüvə savaşı olsa belə, ABŞ Avropanı qoruyacaq” qənaəti hələ də aktualdır. Halbuki, daha praqmatik ekspertlər xəbərdarlıq edirlər ki, DSNV-nin qüvvədən düşməsindən sonra Ağ Ev yalnız ABŞ-ın təhlükəsizliyini daha prioritet sayacaq, Avropa məkanı isə “təzyiq buferi” rolunu oynamağa başlayacaq və bu, əslində, “qoca qitə”ni strateji girova çevirir.
Göründüyü kimi, qlobal nüvə savaşı ilə bağlı ssenarilər artıq abstrakt ehtimallardan ibarət deyil. Əksinə, DSNV-nin süqutundan sonra nüvə savaşı ilə bağlı ehtimal sistemləşib, yeni və daha ciddi eskalasiya mexanizmləri yaranmağa başlayıb. Avropa məkanı isə artıq dərhal əsas “hədəf zonası”na çevrilib. Yeni dünya düzəninin formalaşma prosesi qorxulu xaos mərhələsinə keçid edib. Və bu mərhələdə əsas təhlükə yalnız dövlət liderlərinin niyyəti yox, həm də qlobal sistemin özü ilə birbaşa bağlıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert










AZ
RU