“DAHA BÖYÜK DƏYƏNƏK OLMALIDIR...” –Trampdan Putinə “hücum”la bağlı paylaşım

ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə səhifəsində ən sevdiyi "New York Post" qəzetində dərc edilən redaksiya məqaləsini paylaşıb.
Yenixeber.org: Məqalə “Putinə “hücum” iddiası göstərdi ki, sülhə mane olan Putindir” başlığı ilə dərc edilib və Tramp da onu olduğu kimi, öz səhifəsinə yerləşdirib. Bu isə Trampın Kremlin “sui-qəsd” yalanına gerçək reaksiyasını göstərir.
Qeyd edək ki, "New York Post" öz nüfuzundan istifadə edərək, bundan öncə də dəfələrlə Trampı düzgün istiqamətə yönləndirməyə çaılışıb.
Məqalədə deyilir: “Volodimir Zelenski bazar günü Mar-a-Laqo görüşündən ayrılanda əhval-ruhiyyə ehtiyatlı nikbin idi. Ukrayna Prezidenti sülh planının bir çox bəndində güzəştə getdi və Prezident Tramp ərazi güzəştləri üçün parlamentə müraciət etməkdən ötrü Ukraynaya getməyə hazır olduğunu bildirdi. Tramp dağıdıcı müharibənin sonu "əvvəlkindən daha yaxındır" dedi.
Bunun əvəzində, Vladimir Putin yalanı, nifrəti və ölümü seçdi. Putin ukraynalıların onun dəbdəbəli iqamətgahlarından birində onu öldürmək üçün dronlar buraxdığını açıqladı. Buna görə də Peskov rusların "daha sərt" olmaqdan başqa çarəsinin qalmadığını dedi.
Üstəlik, Moskva dəfələrlə Zelenskiyə sui-qəsd cəhdi edib. Əslində, Putin istənilən bir hücumu haqq edir. Ancaq bir uyğunsuzluq var: görünür, Putinə heç bir dron hücumu olmayıb. Zelenski bunu qətiyyətlə təkzib edib. Peskov rusların dəlil təqdim etməsinə ehtiyac belə olmadığını söyləyib və hər kəsi Kremlin sözünə inanmağa çağırıb. Xeyr, biz inanmayacağıq.
Putinin bütün müharibəsi - nasistlər tərəfindən idarə olunmayan bir ölkəni "denasifikasiya etmək" üçün başlanan bütün bu "SVO" yalan üzərindədir! Uydurma və bəzədilmiş narrativlər Putinə Trampın əldə etdiyi irəliləyişi rədd etmək üçün bəhanə verir.
Alyaskada olduğu kimi, Putinə sülh təklif edildi, amma bunun əvəzinə o, Amerikanın üzünə tüpürdü. Vladimir Putin dürüst “broker” deyil; o, nə sağlam düşüncə, nə də biznes imkanı görür.
Ukraynadan kənara baxın. Rusiya uzun müddətdir İranı dəstəkləyir və bu həftə ayətullah rejimi üçün üç peyk buraxıb. Putin Venesuelada korrupsiyalaşmış və narkotik qaçaqmalçılığı ilə məşğul olan Maduro rejimini dəstəkləyir. Və son xəbərlər göstərir ki, ötən il İspaniya sahillərində batırılan kölgə donanmasında olan bir Rusiya gəmisi Şimali Koreyaya nüvə komponentləri daşıyıb.
Cavab daha çox güzəşt deyil, daha böyük bir dəyənək olmalıdır. Kiyev öz üzərinə düşəni edib. Məsuliyyət Putinin üzərinə düşməlidir: ya qarşılıqlı addım atacaq, ya da daha sərt sanksiyalar və Ukraynaya daha öldürücü silahların verilməsi ilə üzləşəcək.
Müqavimətinə baxmayaraq, Putinin hərəkətləri daxili vəziyyətin pisləşməsini göstərir. İqtisadiyyatı durğunluq içindədir. Onun təbliğatı sürət yığarkən, rus əsgərləri əzalarını itirmiş şəkildə geri qayıdırlar. Onun qələbəsi qaçılmaz deyil!”.(Azpolitika)
C.Məmmədli










AZ
RU